Advertisment

Zəngəzur dəhlizində yeni post – Rusiya İranı ABŞ-dan qoruyur

Ermənistan informasiya mənbələrinin verdiyi məlumata görə, Rusiya sülhməramlı qüvvələri Ermənistanın Mehri-Ağarak yolunu nəzarətə götürüb.

Məlumata görə,  Meğri - Əkərək yolundan istifadə edən Ermənistan vətəndaşları sülhməramlılar tərəfindən yoxlamadan keçir. Bu yoxlamalar Ermənistanda birmənalı qarsalanmayıb. Vətəndaşlar narazılıq bildirib.

Ermənistan hökuməti hələlik bununla bağlı heç bir açıqlama verməyib.

Dünən isə Ermənistan tərəfinin təşəbbüsü ilə baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putin ilə telefon danışığı olub. Güman olunur ki, əsas müzakirə olunun məsələ məhz yeni yaradılmış post olub.

Bəzi ekspertlər hesab edir ki, bu postun yaradılması Zəngəzur dəhlizinin tezliklə açılacağına işarə də ola bilər.

Lakin çox mühüm bir məqam diqqətdən yayınır.

Məsələ ondadır ki, bu günlərdə Tehranda 3 ölkə rəhbərinin görüşü oldu. Rusiya, İran və Türkiyənin dövlət başçılarının görüşü ərəfəsində ABŞ kəşfiyyat şefinin İrəvana gəlməsi, onun ardınca Rusiya kəşfiyyat şefinin İrəvana və Bakıya səfərləri yeni yaradılan postun mahiyyəti barədə bəzi ehtimallar irəli sürməyə imkan verir.

Heç kimə sirr deyil ki, rəsmi Bakı heç vaxt ABŞ-a Azərbaycan ərzisindən İrana qarşı istifadə etməyə imkan verməyib. Son zamanlara qədər Ermənistanın Rusiyanın tam nəzarətində olması ABŞ üçün bu ölkənin ərazisindən İrana qarşı istifadəni də mümkünsüz edirdi. Lakin Nikol Paşinyanın son zamanlar apardığı siyasət ABŞ üçün yeni imkanlar da aça bilərdi.

Ehtimal etmək olar ki, ABŞ kəşfiyyat şefinin İrəvana səfərində də məhz bu imkanların müzakirəsi aparılıb. Görünür buna görə narahatçılığını gizlədə bilməyən Kreml öz kəşfiyyat şefini situasiyanı araşdırma üçün regiona yolladı. Və Rusiya rəsmi İrəvandan qənaətbəxş cavab ala bilməyib və buna görə də işini etibarlı tutmaq üçün İran-Ermənistan sərhədində Zəngəzur dəhlizi bəhanəsi ilə nəzarət postu qurub.

Bu yerdə yara biləcək “axı Rusiyanın buna nə dəxli var?” sualının cavabı isə çox sadədir. Rusiya ABŞ-ın Cənubi Qafqazda mövcudluğunu istəmir. Bu məsələdə Rusiyanın maraqları İran maraqları ilə tam üst-üstə düşür. Əslində elə Tehran görüşünün də əsas məqsədlərindən biri də  ABŞ-ın Cənubi Qafqazda mövcudluğuna mane olmaq yollarının müzakirəsi idi.

Asəf Quliyev