Advertisment

“Ordumuz işğalda olan əraziləri düşməndən azad etmək üçün hazır idi” - Ehtiyatda olan polkovnik

İki il bundan əvvəl sentyabrın 27-də səhər saatlarında Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı oldu. Azərbaycan Silahlı Qüvvələri bu dəfə təxribata çox sərt cavab verdi. Bütün cəbhə boyu əks-hücum əməliyyatları başlandı. Ermənilər çox sarsıdıcı zərbələr aldılar. Müharibə 44 gün davam etdi. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza ataraq məğlubiyyətini rəsmiləşdirdi. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2907 nəfər hərbi qulluqçusu şəhid oldu. 300-ə yaxın yaşayış məntəqəsi düşməndən azad edildi. Ölkədə keçən ildən başlayaraq 27 sentyabr tarixi Anım günü kimi qeyd edilir.

Herbiand.az 44 günlük Vətən müharibəsinin başlanmasının 2-ci ildönümü ilə bağlı hərbi polisin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmovdan müsahibə alıb. 

Müsahibəni təqdim edirik:

- Rövşən müəllim, sentyabrın 27-də 44 günlük Vətən müharibəsinin başlanmasının 2 ili tamam olur. Bu müharibəni necə dəyərləndirmək olar?

- Bu suala cavab verməzdən əvvəl bir az əvvələ qayıtmalıyıq. Bildiyiniz kimi Tovuz hadisələri baş verdi. Bu hadisələr zamanı general-mayor Polad Həşimov və bir qrup zabitimiz şəhid oldular, yaralılarımız oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə isə cansağlığı versin. Bundan dəhal sonra Goranboy rayonu istiqamətindən düşmənin kəşfiyyat qrupu ərazimizə sızmışdı. Onlar müzəffər ordumuz tərəfindən saxlanılmışdılar. Araşdırma zamanı məlum olmuşdu ki, bu kəşfiyyat qrupunun məqsədi terror hadisələri törətmək idi və bunun qarşısını aldıq. 30 il müddətində Azərbaycan xalqı hər zaman fikirləşirdi ki, ordumuz bu əraziləri işğaldan azad edəcək. Ona görə bizdə hazırlıqlar gedirdi, müasir silahlar alınırdı. Ordumuz Türkiyədə, Pakistanda təlimlər keçirdi. Zabitlərimiz NATO ölkələrində müxtəlif sahələr üzrə kurslarda iştirak edirdi. Ordumuz işğalda olan əraziləri düşməndən azad etmək üçün artıq hazır idi. Sentyabın 27-də növbəti dəfə düşmən atəşkəsi pozdu və ordumuz bütün istiqamətlər üzrə əks-hücum əməliyyatına başladı. İlk olaraq Ağdərə istiqamətində Suqovuşan kəndi azad edildi. Dövlət başçımız şəxsən Birinci Ordu Korpusunun komandiri general-mayor Hikmət Həsənovu bu uğura görə təbrik etdi. Sonrakı mərhələlərdə ordumuz bir sıra rayonları işğaldan azad etdi. Bu, xalqımızın sevinci idi. Bu sevinci biz çoxdan gözləyirdik və müzəffər ordumuz bunları bizə qismət etdi. Çoxlu şəhidlər verdik, qazilərimiz oldu. Onların igidliyi sayəsində torpaqlarımız düşməndən azad olundu. Bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdi. Sevindirici haldır ki, müharibə başlayanda biz hiss etmədik kim müxalifətdir, kim iqtidardır. Bütün qurumlar, siyasi partiyalar dövlət başçısının ətrafında birləşdi. Məqsəd də ancaq qələbə idi və  bu qələbəni bütün xalqımız sevinclə qarşıladı. 30 il müddətində Azərbaycan xalqı özünü qalib xalq kimi hiss etmirdi. Biz onsuzda qarşıya məqsəd qoymuşduq ki, gec və ya tez bu torpaqları azad etməliyik.

- 10 noyabr 2020-ci ildə imzalanan sənədə görə erməni silahlıları torpaqlarımızı tərk etməli idi. Ancaq indiyə qədər bu baş verməyib…

- Torpaqlarımız azad edilən zaman artıq Laçın rayonunun bir hissəsini, Şuşa şəhərini düşməndən təmizləmişdik. Sonra ordumuz hücumlarını inkişaf etdirmişdi. Demək olar ki, düşmənin bütün qüvvələrini, silah-sursat anbarlarını məhv etmişdik. Artıq vəziyyət o yerə çatmışdı ki, günbəgün gözləyirdik ki, Xankəndinə girəcəyik və o ərazilərdə təmizlik işlərinə başlanılacaq. Bu halda düşmənin 20 mindən artıq qoşunu Ağdərədə mühasirədə qalmışdı və məhvolma ehtimalı çox idi. Artıq təslim olmaq haqqında Ermənistan baş naziri Paşinyanın Rusiya prezidentinə yalvarması, Azərbaycan dövlətinə müraciəti nəzərə alınaraq 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın 4-cü maddəsinə əsasən Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə daxil olduğu andan həmin erməni silahlı birləşmələri, terrorçuları eyni vaxtda həmin əraziləri tərk etməliydi. Gördüyünüz kimi bu baş vermədi. Onlar qismən də olsa silahlı qüvvələrini çıxartmadılar. Baxmayaraq ki, 10 noyabrda üçtərəli razılaşma əldə olunmuşdu. Ancaq bu silahlı birləşmələr ərazidən çıxmamaqla yanaşı təxribatlar törədir və tez-tez atəşkəsi pozurdular. İndiyə qədər də Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları olan yerlərdə Ermənistan silahlı qüvvələri var. Atəşkəsin pozulması ona gətirdi ki, Azərbaycan ordusu heç nədən çəkinmədən əməliyyat keçirtdi. Bəzi yüksəklikləri əldə etdik. Fərrux dağı, Sərsəng su anbarı istiqamətində strateji əhəmiyyət kəsb edən bir neçə yüksəkliklər ordumuzun nəzarətinə keçdi. 10 noyabr razılaşmasının tələbləri indiyə kimi Ermənistan tərəfindən yerinə yetirilmir. Onun isə qarantı Rusiya dövlətidir. Lakin onlar da öz üzərlərinə düşən vəzifələrini yerinə yetirməyiblər.  

- Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaiyyətini necə qiymətləndirirsiz? Onlar etimadı nə dərəcədə doğruldur?

- Üçtərəfli sənəd bağlanan zaman Rusiya sülhməramlıları artıq razılaşdırılmış sayda silah-sursat və texnikaları ilə həmin gecə Azərbaycan ərazisinə daxil olmağa başladılar. Biz çox ümid edirdik ki, onların məqsədi ancaq sülhü qorumaq və barışıq üçün tədbirlər görmək olacaq. Ancaq əvəzində tam başqa səhnə ilə rastlaşdıq. Nə ilə? Rusiya sülhməramlıları Azərbaycan ərazisinə daxil olandan sonra 20 gün keçməmiş onlar Laçın dəhlizi vasitəsilə Ermənistan tərəfdən 60 nəfərdən çox silahlı terrorçuları bizim ərazimizə keçirtməkdə dəstək oldular. Müzəffər ordumuz xüsusi əməliyyat keçirərək onları tərksilah edib həbs etdi. Onların bəzilərinin məhkəməsi oldu, bəzilərini isə hansısa razılaşmaya əsasən Ermənistana qaytardıq. Sülhməramlılar öz vəzifəsinin öhdəsindən bu günə qədər layiqincə gələ bilmirlər. Onlar bizim həssas yerimiz olan Xocalıda öz dahilərinə heykələr qoymağa başladılar, guşələr açdılar, rus cəmiyyəti yaratdılar. Bu isə Azərbaycan xalqında əlbəttə qıcıq yaratmaya bilməzdi. Dövlət başçısı 6 ayın yekununda çıxışı zamanı öz mesajını Rusiya dövlətinə və Ermənistana verdi. Bildirmişdi ki, Rusiya sülhməramlıları tam şəkildə öz vəzifəsini yerinə yetirmir. Bu mesajdan bir müddət keçdikdən sonra Azərbaycan silahlı qüvvələri Rusiya sülhməramlılarının maşınında yoxlama keçirən zaman ermənilərə aparılan qeyri-qanuni silahlar aşkarladı. Bundan başqa Rusiya sülhməramlılarının gözü qarşısında erməni terrorçuları səngərlər qazırdı. Rus əsgərlər hərbi dərsdə silahla davranış qaydalarını məktəblilərə öyrədirdilər. Bir növ sülhdən daha çox qızışdırıcı hərəkətlərlə məşğul idilər və vəziyyətin gərginləşməsinə şərait yaradırdılar. Buna da Azərbaycan xalqı göz yuma bilməzdi. Bir sözlə, sülhməramlılar öz vəzifələrindən başqa özlərinə aid olmayan digər işlər görürdülər. Rusiya Müdafiə Nazirliyi xalqımızda qıcıq yaratmaq üçün bizim nəzarət etdiyimiz əraziləri xəritələrində özlərinin müvəqqəti nəzarət etdikləri ərazi kimi göstərirdilər. Bu barədə bir neçə dəfə Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə bəyanat verdi ki, bu yolverilməzdir. Eyni zamanda, Xarici İşlər Nazirliyimiz də bununla bağlı bəyanatla çıxış etmişdi.

- Ötən 2 il ərzində Qarabağda qalan erməni silahlıları, həmçinin Ermənistan-Azərbaycan sərhəddində düşmən tərəfdən dəfələrlə təxribatlar olub. Bu təxribatlar bir neçə günlük döyüşlərə də gətirib çıxardıb ki, nəticədə hər iki tərəfdən itkilər olub. Ermənilər hər dəfə sərt cavab alsalar da bu əməllərinə yenə davam edirlər...

- Bildiyiniz kimi, Şuşanın girəcəyində erməni terrorçusu bizim xidmət aparan əsgərlərimizə qumbara atmışdı. Xoşbəxtlikdən hər şey yüngül xəsarətlə qurtarmışdı və həmin terrorçu həbs edilmişdi. Lakin sülhməramlılar onu bizə təhvil vermək əvəzinə Ermənistana qaytarmışdılar. Bu isə qanunsuz əməl idi. Atəşkəs tez-tez pozulduqda biz qarşı tərəfə sərt cavab verə biləcəyimizi bildirdikdən sonra onlar artıq dövlət sərhəddində təxribatlar törətməyə başladılar. Bunun nəticəsində də müzəffər ordumuz onlara layiqli cavab verdi. Ötən 2 il ərzində lokal toqquşmalar baş verib. Ermənistanda bəzi müxalif qüvvələr, köhnə Qarabağ klanları olan Köçəryan, Sarkisyan, keçmiş müdafiə naziri Seyrah Ohanyan və orduda hazırda xidmət edən tərəfdarları heç cür barışa bilmirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansın, delimitasiya və demarkasiya məsələsi həyata keçirilsin, sərhədlər müəyyən olunsun. Ermənistandakı revanşist qüvvələr buna imkan vermirlər. Sentyabrda baş verən hadisədə ermənilərin terror qrupu ərazimizə sızmış və bəzi yerləri minalamış, nəticədə Azərbaycan ordusunda şəhidlər və qazilərimiz olmuşdu. Azərbaycan məcburən onların atəş nöqtələrini məhvetməyə məcbur oldu. Bəzi strateji yüksəklikləri ələ keçirtdik və bildilər ki, ordumuz hər zaman inkişaf edir, təzə silahlar alırıq. Azərbaycan ordusu sərhəddəki vəziyyətə uyğun öz gücünü göstərməli idi və göstərdik. Hesab edirəm ki, gələcəkdə ermənilər Azərbaycan ərazisində hər hansı təxribat törətdikləri halda adekvat cavab verilməlidir. Həmçinin, o ərazilər Azərbaycanın nəzarətinə götürülməlidir. Bununla da ermənilər başa düşsünlər ki, buna yol vermək olmaz.

- Düşmənin təxribatlarına cavab olaraq ordumuzun ələ keçirdikləri postlar və yüksəkliklər nə qədər əhəmiyyətlidir?

- Üçtərəfli razılaşmaya əsasən Azərbaycanla Ermənistan sərhəddində delimitasiya və demarkasiya aparılmalıdır. Gördüyümüz kimi bu bügünkü gündə erməni tərəfi həmin razılaşmanın şərtlərini pozur. Heç bir delimitasiya və demarkasiya aparılmır. Sərhədlər hələ tam şəkildə müəyyən olunmayıb. Biz əks-hücumla bəzi strateji dövlət əhəmiyyətli yüksəklikləri götürmüşük. Amma demək olmaz ki, o yerlər Ermənistanın ərazisidir. Biz onu müəyyən edə bilmərik. Bu o zaman müəyyən oluna bilər ki, delimitasiya və demarkasiya yekunlaşsın, biz tərəfdən sərhədlər möhkəmləndirilsin və orda xidmətimizi təşkil edək. Hələ də Qazaxın 7 kəndi, Naxçıvanın 1 kəndi düşmən əsarəti altındadır. İnşallah biz o ərazilərdən də düşmənləri rədd edib çıxardacayıq. Bizim götürdüyümüz strateji yüksəkliklər Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Öz təhlükəsizliyimizi qorumaq məqsədilə o yüksəklikləri götürmüşük. Əgər bu davam edərsə hesab edirəm ki, Azərbaycan ordusu əlavə yüksəklikləri də götürməlidir. Əgər hardasa hərbi qulluqçularımızın həyatına təhlükə hiss olunarsa biz cavab verib o yüksəklikləri götürməliyik. Bu, Ermənistana xəbərdarlıq mesajıdır ki, bizim ordumuz gündən günə güclənir. Kimin dəstək verməyindən asılı olmayaraq hər zaman öz vəzifəmizi layiqincə yerinə yetirə bilirik.

- 44 günlük müharibənin nəticələri analiz edilərək çatışmazlıqlar təhlil edilir. Ordunun daha da inkişaf etdirilməsi üçün hansı addımlar atılmaqdadır?

- 44 günlük müharibədə biz böyük uğurlara imza atdıq. Ən vacibi isə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz möhtəşəm qələbə qazandı. Biz xalq olaraq qalibik. Ordumuz müasir silah-sursat, texnika alır, təlimlərə cəlb olunur və vərdişlərini daima artıraraq irəliləyir. Eyni zamanda, biz ehtiyyat qüvvələr hazırlamışıq. Gələcəkdə müharibə olduğu halda ehtiyyat mütəxəssislər hazırlamışıq. Dövlət başçımız ordu quruculuğu ilə bağlı öz mesajını verib və bildirib ki, biz türk ordusu modelinə keçirik. Türk modeli dünyada ən güclülərdəndir. Türkiyə NATO-nun üzvüdür. Demək olmaz ki, ordu tam şəkildə bu modelə keçib. Biz sakitləşməməliyik. Ordu siyasətimizdə strateji istiqamətimizi götürməliyik, inkişafımızı davam etdirməliyik və hazırda da davam edirik. Bundan sonra da ordunu ən müasir silahlarla təmin etməli, ən müasir təlimlər keçməliyik. Bu proseslər orduda həyata keçirilir. Müharibədə çatışmazlıqlar barədə biz təhlil etdik. Dövlət başçısı çıxışında dedi ki, aldığımız bəzi silahların effektini 44 günlük müharibədə gördük. Biz artıq müəyyən etməliyik ki, hansı silahları bizə almaq daha əlverişlidir. Bu silahlarla ordunu ştatlar üzrə komplektləşdirməliyik. Ordunun yeni sistemə keçməsi üçün uzun müddət lazımdır və biz mərhələlərlə təzə sistemə keçirik. Çünki bizdə hələ də sovetin və Rusiyanın istehsal etdiyi silahlar var. Bizim ordumuz bu günkü gündə Qafqazda ən güclü ordudur və 44 günlük müharibədə öz gücümüzü göstərdik. Bir daha əmin olduq ki, bizim ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir.

Bəxtiyar CƏFƏRLİ