Noyabrın 3-də Brüssel şəhərində Azərbaycan və Ermənistan Respublikaları arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın üçüncü görüşü keçirilib. Komissiya üzvləri işi sürətləndirmək və 4-cü iclasın keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Herbiand.az mövzu ilə bağlı politoloq Natiq Mirinin fikirlərini öyrənib.
- Natiq müəllim, oktyabrın 31-də Soçi şəhərində baş tutan üç tərəfli görüşdən 3 gün sonra belə görüşün keçirilməsinə səbəb nə ola bilər?
- Oktyabrın 31-də Rusiyanın təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüşün konkret nəticələr verməməsi və Rusiyanın bilavasitə sülh müqaviləsinin təməl daşı sayılacaq 15 müddəadan ibarət sənədin nə Azərbaycan, nə Ermənistan tərəfindən qəbul edilməməsi bilavasitə Brüssel təşəbbüsünün növbəti dəfə gündəmdə olduğunu ortaya qoydu. Əlbəttə, sərhədlərin müəyyənləşməsi və təhlükəsizliyi ilə bağlı işçi qruplarının ilk dəfə olaraq Brüsseldə görüşməsi də göstərdi ki, artıq Brüssel platforması gündəmdədir. Əslində Brüssel platformasının əldə etdiyi nəticələr Rusiyanın iki il müddətində etdiklərini tamamilə üstələyir. Birinci ona görə ki, konkret razılaşma var. Həm sərhədlərin müəyyənləşməsi və təhlükəsizliyi məsələsi, həm də sülh müqaviləsinin mətninin hazırlanması və qəbul olunması, nəhayət ilin sonuna qədər bu müqavilənin imzalanması yönündə razılıq əldə olunub. İlk dəfədir ki, çox maraqlıdır Rusiyadan fərqli olaraq Brüssel təşəbbüsündə biz vaxt məhdudiyyətini görürük. Bu da çox önəmlidir. Bu, artıq kiminsə zaman qazanmağına imkan vermir, hansı ki, bu günə qədər həm Rusiya, həm də Ermənistan zaman qazanmaq üçün müxtəlif oyunlar oynadılar, təxribatlar törətdilər. Son Soçi görüşü bir daha bunu sübut etdi ki, Qarabağ probleminin sonraya saxlanılması kimi Rusiyanın istəklərinin bilavasitə 15 müddəalıq sənəddə də yer alması ortalığa qoydu ki, bəli, Rusiya növbəti dəfə zamana oynamaq və Qarabağda, bütövlükdə Azərbaycanda öz hərbi varlığını uzatmaq istəyir. Ona görə də bütün bunların nəticəsi Brüssel formatının gündəmdə, xüsusilə də daha əhəmiyyətli formada olmasını təmin etdi.
- İşin sürətləndirilməsi barədə razılığa gəlinməsi ilin sonuna kimi hansısa nəticələrin əldə edilməsinə şərait yarada bilərmi?
- İşin sürətlənməsi ilə bağlı təşəbbüsün ən əhəmiyyətli məqamı bununla bağlıdır ki, qeyd etdiyim kimi, konkret vaxt məhdudiyyəti qoyulub. Noyabrın sonunda növbəti görüşlər olacaq. İlin sonuna qədər sülh müqaviləsinin mətninin razılaşdırılması məsələsi başa çatmalıdır ki, müqaviləni imzalamaq mümkün olsun. Ona görə də bu məsələni daha da sürətli başa vurmaq üçün qərb dünyası, o cümlədən Avropa Birliyi cəhd göstərir. Bunun əsas səbəblərindən biri də tezliklə sülh müqaviləsini əldə etməklə Rusiyanı bu prosesdən tamamilə sıxışdırıb çıxartmaqdan ibarətdir. Çünki zaman uzandıqca bu, Rusiyanın xeyrinə işləyə bilər. Bilirsiniz ki, Rusiya da çalışır ki, qərb dünyasını bu prosesdən sıxışdırıb çıxartsın və Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsi prosesində yeganə həlledici moderator rolunda qalmaqda davam etsin. Ona görə də qərb dünyası, Avropa Birliyi, o cümlədən ABŞ bu məsələni daha da sürətləndirməklə əslində bütün prosesləri öz nəzarətinə almaq və Azərbaycan-Ermənistan arasında sülhü təmin etməklə Rusiyanı təkcə prosesdən uzaqlaşdırmaq, eyni zamanda rus sülhməramlılarının Qarabağdan çıxarılmasını təmin etməkdən ibarətdir. Çünki sülh müqaviləsi imzalanarsa və bu müqavilədə Ermənistanın Qarabağdan imtinası və oradakı separatçılara maliyyə yardımını etməməsi, bu işlərə burnunu soxmaması ilə bağlı konkret öhdəlik götürüb imza atıb sülh müqaviləsinə qol çəkəndən sonra, əlbəttə artıq sülhməramlıların Qarabağda görə biləcəyi bir iş qalmayacaq. Bundan sonra artıq prosesləri Azərbaycan özü həyata keçirəcək. Ona görə də bu proseslərin sürətləndirilməsi önəmli olduğu qədər həm də müəyyən mənada ümidvericidir və Rusiyanın regiondan çıxarılması üçün çox vacib amildir.
Bəxtiyar CƏFƏRLİ