Advertisment

“Rusiya silahlı qüvvələri Ukrayna ordusu qarşısında gücsüzlüyə imza atır” - Hərbi ekspertlə müsahibə

Rusiya qoşunlarının Ukraynadakı komandanı Sergey Surovikin müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib ki, Rusiya Silahlı Qüvvələri Dnepr çayının sol sahili boyunca müdafiəyə çəkilir. Sergey Şoyqu da öz növbəsində, qoşunların geri çəkilməsini əmr edib.

Lakin Ukrayna Prezidenti Vladimir Zelenski və onun Ofisinin rəhbəri Mixail Podolyak bildiriblər ki, Ukrayna Rusiya ordusunun Xersonu döyüşsüz tərk etməsinə dair əlamətləri görmür.

Mövzu ilə bağlı Herbiand.az ehtiyatda olan zabit, hərbi ekspert Elxan Şıxəliyevdən müsahibə alıb:

- Xersonun Rusiyanın ilhaq etdiyi dörd vilayətdən biri olduğunu nəzərə alsaq rus ordusunun geri çəkilməsi vəziyyətin ciddiliyindən xəbər verirmi və buna hansı amillər səbəb ola bilər?

- Xersondan silahlı qüvvələrinin çıxarılmasına dair Rusiyanın müdafiə naziri və birləşmiş qoşunlar komandanı Surovikinin videogörüntüsü oldu. General Surovikin müdafiə nazirinə məruzə etdi ki, qoşunların Dneprin sağ sahilinə çəkilməyə ehtiyacı var. Buna hərbi tərəfdən şəxsi heyətin qorunması baxımından ehtiyac duyulduğunu əsaslandırdı. Digər bir məsələ isə orada müdafiə qabiliyyəti hissəsini o qədər qabartmadılar. Bu səbəbdən Rusiya müdafiə naziri birləşmiş qoşunlar komandanına bu əsalandırılmaya görə göstəriş verdi ki, Rusiyanın Xersondakı qruplaşmasının Dneprin sağ sahilinə çıxarılmasına icazə verilir. Əslində, bu Rusiyanın birləşmiş qoşunlar komandanlığının Xersonun bu bölgəsində uzun müddətdə apardığı əməliyyatlarda verdiyi itkilərin nəticəsidir. Xersonun müdafiəsini təşkil edə bilmirlər. Bu, Rusiyanın xoşməramlı niyyəti sayıla bilməz. Əməliyyatlar teatrının bu hissəsində Rusiya qoşunları Ukrayna ordusunun artan müqavimətinə tab gətirə bilmir. Xüsusən, şəxsi heyət və texnikanın itkiləri baxımından özlərini sığortalamış olacaqlar. Rusiya qoşunlarının Dnepr çayının sol sahilində olan hissəsi Xersondakı bölmələridir. Bunların texniki-maddi təminatında Dnepr çayının üzərindəki körpülərdən həyata keçirilməkdə çox çətinliklər olur. Çünki bu körpülər atəş altındadır. Nəticədə çox böyük itkilər verirlər. Rusiyanın hərbi planı ondan ibarətdir ki, qoşunların davamlı itki verməsi dayandırılsın. Dneprin sağ sahilinə çəkilməklə, mühəndis-istehkam fartifikasiya qurğusu olaraq Dneprin özündən təbii əngəl olaraq istifadə edilsin. Çox güman ki, bundan sonrakı mərhələdə Rusiyanın artıq yeni təmas xətti Ukrayna ilə Dnepr çayı boyunca keçəcək. Müharibələrdə çayların, xüsusən də Dnepr kimi bir dərinliyə və genişliyə, çox bol sululuğa malik olan çayın Ukrayna silahlı qüvvələrinin irəliləməsi üçün növbəti mərhələdə çox ciddi müdafiə əngəli kimi mühəndis-istehkam fartifikasiya qurğuları ilə sahili möhkəmləndirəndən sonra çətinliklər yaranacaq. Rusiyanın hərbi beyin mərkəzinin bunun üzərinə belə qərar verməsi bunu əsaslandırır. Təbii ki, Ukraynanın siyasi-hərbi rəhbərliyinin bunun blef, görüntü olaraq qiymətləndirməsi düşünürəm ki, daxili auditoriyaya hesablanmış məsələdir. Amma müharibənin artıq 259-cu günə çatdığını analiz edəndə Rusiyanın ən çox itkilərinin Xerson bölgəsində verdiyini görürük. Bildiyimiz kimi, Rusiya Xerson, Zaporojye, Donetsk və Luqanskı - əvvəl də Krım var idi - hüquqi sənədlər çərçivəsində özününküləşdirilmiş elan etdi. Parlament də sənədi ratifikasiya edərək, bu bölgələri Rusiyanın əraziləri saydılar. Bunun üzərinə qırmızı xəttlər müəyyən etdilər. Bu qırmızı xəttlər nədən ibarətdir? Rusiya siyasi və hərbi rəhbərliyi elan etdi ki, əgər bu bölgələrə Ukrayna hər hansı bir müdaxilə və hücum həyata keçirsə bu, Rusiyanın ərazilərinə hücum etmiş kimi qəbul ediləcək. Bunun üzərinə çəkindirmə silahı olaraq taktiki nüvə silahlarının istifadəsinə əl atacağıq. Əslində belə hədələdi ki, Ukrayna müharibəni dayandırsın. Bu addım 4 rayonun və Krımın Rusiyanın ilhaqında qalması üzərində atılmış addım idi. Ukrayna bunu qəbul etmir. Heç bir danışıqların həyata keçirilməyəcəyi və bu rayonların hamısının işğaldan azad olunmasına qədər döyüşəcəyini bəyan edir. Rusların hərbi əməliyyatları davam etdirməsi baxımından şansları yoxdur. Orda nə baş verə bilər? Xersonu öz əraziləri elan etdilər və burdan çəkildiklərinə görə Rusiya siyasi və hərbi rəhbərliyi üzərinə daxildən təzyiq olacaq. Çünki bunu Rusiyanın imicinin zədələnməsi kimi qəbul etməliyik. 96 saatlıq müharibə planı olan dünyanın 2-ci ordusu artıq öz ərazisi kimi elan etdiyi Xersondan çıxmağa məcbur qalırsa, bunun hərbi adı odur ki, Rusiya silahlı qüvvələri Ukrayna ordusu qarşısında gücsüzlüyə imza atır. Rusiyada siyasilər və hərbi rəhbərlik imiclərini xilas etmə yönündə buna başqa don geyindirəcəklər. Amma görünən odur ki, Ukraynanın arxasındakı qüvvələrin, xüsusən də NATO-ya daxil olan ölkələrin Ukraynaya verdiyi və günbəgün artan maliyyə vəsaitləri, hərbi-texniki dəstək vasitələri nəticəsində hərbi gücünün artdığını görürük. Rusiyanın isə hərbi gücünün azaldığın görürük. Xüsusən də, ABŞ artıq növbəti mərhələdə 1 milyard dollara yaxın maliyyə ayırdı. NATO ölkələri bütün güclərilə əllərində olan ən yeni texnoloji raket sistemlərilə Ukraynanı gücləndirirlər. Əvvəllər HIMARS yaylım atəş raket sistemləri var idi. Çox dəqiq silahlardır. 70 km-ə qədər hədəfləri məhv edə bilir. Ondan sonra indi NASAMS reaktiv yaylım atəş raket sistemlərini Ukraynaya verdilər. Ardınca ABŞ 200-300 km-ə qədər hədəfləri vura biləcək ATACAMS raket sistemlərini servis etdi. Rusiya özü də deyir ki, artıq Ukraynayla yox bütün Şimali Atlantika Alyansı ilə döyüşürük. Güc nisbətinə baxsaq 30 ölkənin daxil olduğu NATO-nun hərbi və maliyyə gücünün nisbətilə Rusiya uzun vadədə müharibəni davam etdirməyəcəyini hesaba qatmalıdır. Amma Rusiya qırmız xəttlər dediyi ilhaq etdiyi ərazilərdə müharibə olsa taktiki nüvə silahından istifadəsinə hesablana bilən addım ata bilər. Bunu Xersonda etsə müharibənin gedişatında indiki mərhələdə taktiki nüvə raket sisteminin istifadə olunması üzərinə qırılma ola bilər. Pentaqonun kəşfiyyatı bu günə qədər hələ Rusiyanın bunun istifadəsinə dair əlamətlərin olmadığına dair məlumatlar yayır. Amma növbəti mərhələdə əgər Xerson azad ediləcəksə, Zaporojye, Donetsk və Luqansk üzərində gedən müharibələrdə Rusiya çəkindirmə silahı olaraq taktiki nüvə raketini hər hansı bir formada istifadəyə yönəlik görüntü yarada bilər. Yaxud bəyanatlar verə bilər. Amma Ukrayna bu gün ərazilərdə baş verən döyüşlərin nəticəsi etibarilə qərarlı görünürlər. Mənəvi-psixoloji ruhları yüksəkdir. Amma tərəflərin şəxsi heyət resursları tükənmiş vəziyyətdədir. Xüsusən də hər iki tərəfin səfərbərlik ehtiyatlarını da artıq müharibəyə cəlb etmələri göstərir ki, qışın gəlməsilə müharibə statik vəziyyətə keçəcək. Qış müharibənin gedişatını bir az əngəlləyəcək. Artıq Rusiya qoşunları Dnepr çayının sağ sahilinə yerləşəcək. Qışı bu hədlərdə müharibənin sürünən fazası ilə davam etdirəcəklər. Növbəti mərhələdə də çox güman ki, mart-aprel ayında aktivləşəcək. Ona görə də indiki mərhələdə Rusiya siyasi-hərbi rəhbərliyinin istəkləri ən azından təmas vəziyyətini Dnepr çayına daşımaqla Ukrayna ordusunu bu hədlərdə dayandıraraq sonrakı mərhələdə müharibənin gedişatının necə dəyişəcəyini hesablamış olacaqlar.

- Ukrayna Prezidenti Vladimir Zelenski və onun Ofisinin rəhbəri Mixail Podolyak bu məlumata o qədər də inanmırlar. Əgər elədirsə, bu informasiya müharibəsidir, məqsəd Ukraynanın fikrini yayındırmaqdır?

- Ukrayna hərbi rəhbərliyinin Rusiyanın ilhaq etdiyi rayonlar üzərinə hərbi strateji planları ondan ibarətdir ki, bu rayonlar və Krım Ukraynanın nəzarətinə keçməlidir. Ukrayna siyasi rəhbərliyi bunu bütün platformalarda bəyan edir. Bunu edə bilərlərmi? Yaxın vadədə bun etmələri biraz çətin görünəcək. Uzaq vadədə əgər hərbi müttəfiqlərinin Ukraynaya bu templə köməyi davam etsə və müharibə uzansa, beynəlxalq sanksiyaların altında qalan Rusiyada siyasi proseslərin, xüsusən də artıq Xerson nümunəsi üzərindən siyasi-hərbi rəhbərliyə inam azalacaq. Daxildən narazılıq artacaq. Əslində bu informasiya müharibəsində də ümumi vəziyyət Ukrayna və onun tərəfdarlarının lehinə dəyişəcək. Rusiyanın bu müharibədən qalib çıxmaq şansı görsənmir. Çünki onlar buna qərarlı olsaydılar hüquqi cəhətdən öz ərazisi kimi rəsmiləşdirdikləri Xersonda ən böyük müqaviməti göstərməliydilər. Artıq o biri rayonlardan da çəkilmələrdə onlar üçün əsaslandırılmamış bir vəziyyət olmayacaq. Sonunda Rusiya istədiklərinə nail olmayanda deyəcək ki, bizim qarşımızda Şimali Atlantika Alyansının gücü dururdu. Amma daxildən xalq və siyasilər Putin hakimiyyətinə bunu elə-belə bağışlamayacaq. Böyük güclərin, siyasi aktorların, ölkələrin siyasi beyin mərkəzlərinin strateji planları Rusiyanı müharibə ilə çökdürməkdir. İndi itkilər Rusiya və Ukrayna tərəfində olur. Gələcəkdə Ukraynanı dəstəkləyən güclər uzun vadədə ölkəni tez bir zamanda ayağa qaldıra biləcəklər. Amma müharibə bitsə də, Dnepr çayının sağ sahilində və hansı bir hədlərdə müharibə dayandırılmış olsa və ya Ukraynanı müvəqqəti atəşkəs rejiminə keçməyə məcbur etsələr də siyasi hakimiyyətdə Putinin və ya başqasının olmasından asılı olmayaraq Rusiya üzərindən uzun vadədə sanksiyalar götürülməyəcək. Dolayısıyla bu müharibə Rusiyanın gələcəyində xalq və ölkə olaraq çətinliklər yaşayacaqlarına hesablanmış bir prosesdir. Xüsusən də indi bir tərəfdə Çinin, digər tərəfdə ABŞ-ın Rusiyanın bu mövcud vəziyyəti üzərində planları mövcuddur. İndiki mərhələdə də Ukrayna ilə müharibədə bunu qismən həyata keçirə bilirlər. Rusiya isə NATO-ya daxil olan ölkələri assimetrik müharibə olaraq enerji təhlükəsizliyi üzərindən vurur. Xüsusən də, Avropanın qaz və yanacaqla təchizatı üzərindən fikirləşir ki, əhali qışda çox böyük çətinliklərlə üzləşəcək - qaz təchizatı, istilik və onların yanacaq sistemləri. Rusiya fikirləşir ki, avropalılar bir az rahatlığa öyrəşmiş xalqlar olduğu üçün yüngülvari diskomforta girəndən sonra siyasilərə təzyiq edəcəklər və müharibə Rusiyanın istədiyi hədlərdə dayandırılacaq. Növbəti mərhələdə də atəşkəs rejiminə keçilsin kimi istəyi var. Amma görünən odur ki, nə ABŞ-a, nə Avropaya Rusiyanın apardığı enerji müharibəsi ciddi təsir etmir. Avropa ölkələri bunun qarşılığında vətəndaşlarına maliyyə dəstəyi göstərirlər. Rusiyanın 2-ci silahı miqrasiyadır. Rusiyadan və Ukraynadan Avropaya kifayət qədər axın var. 3-cü silahı da taxıl böhranı üzərindən dünyada humanitar böhran yaratma yönündə idi. Rusiya Türkiyənin təsirləri altında bunun arxasından geri çəkilmiş oldu. Digər 2 silah üzərindən isə Rusiyanın nə qədər təsir edə biləcəyini qış dövrünün nəticəsi olaraq görəcəyik. Düşünürəm ki, artıq NATO-nun hərbi beyin mərkəzi, xüsusən də ABŞ-dan alınan siyasi direktivlər üzərindən 2008-ci il Gürcüstan və 2014-cü illərdə Krım məsələlərinə görə Rusiya qarşısında göstərdiyi susqunluğu indi göstərməyəcəklər. Sonrakı mərhələdə Rusiyanın elə bir vəziyyətə gətirilməsi masaya yatırılıb ki, bundan sonra heç bir ölkənin ərazilərini təhdid və təhlükə yaratmayacaq bir ölkəyə çevrilsin. Ən yaxşı halda öz sərhədləri içərisinə çəkilsin. Bunu etməsə dediyimiz güclər müharibənin nəticəsi ilə yaxın və ya uzun vadədə buna məcbur etməyə çalışacaqlar. Əgər öz sərhədləri çərçivəsinə çəkilməsə, davamlı itkilərə və ölkədən insan axınına hazır olmalıdırlar. Digər bir məsələ isə sanksiyaların altında nə qədər tab gətirəcəklərinə aid hesablar olmalıdır. Heç bir halda Rusiyanın bu müharibədən qalıb və karlı çıxacağı görsənmir. Əksinə, müharibə çox böyük iqtisadi resurslar tələb edən işdir. Xüsusən də, Rusiya kimi bir ölkənin müharibədə gündə 10 milyard ABŞ dollara başa gələn itkiləri qarşılığında çox tab gətirməyəcəyini düşünürəm. Nəticə etibarilə bütün bu baş verənlərin ən yaxşı halda mart-aprel aylarından sonrakı vəziyyətində necə ola biləcəyini görəcəyik.

- Rusiya bu müharibədən məğlub çıxsa onu nələr gözləyə bilər?

- Əgər müharibələr planlanıbsa böyük siyasi aktorların əməliyyatlarının xəritəsində Rusiyanın gələcək mövcudluğu da planların içərisindədir. Onlar uzun gedən vadədə Rusiyanın müharibədən siyasi-iqtisadi olaraq zəifləmiş halda, daxildə də parçalanmasına yönəli Rusiyanın özünün sərhədləri çərçivəsində yeni qurumların yaradılmağına dair planları var. Rusiyanın parçalanmasına hesablanmış bir plan. Rusiya bunun qarşısında nə qədər dirənə biləcək, nə qədər iqtisadi-hərb olaraq əsaslandıra biləcək demək çətindir. Çünki xalqlar adətən iqtisadi vəziyyətdən əziyyət çəkəndən sonra siyasilərə qarşı narazılıq yaranır. Müharibəni quran aktorların iki istiqamətdə Rusiya ilə müharibəsi var. Ukrayna-Rusiya müharibəsi fonunda zəifləməsi və içəridə iqtisadi olaraq zəifləməsi. Xalq içəridən hakimiyyətə qarşı narazılığa gəlsin və siyasi hakimiyyət dəyişsin. Artıq Rusiyaya qarşı müharibənin mümkün olacaq bütün variantları var. Bütün planlar artan templə Rusiyaya qarşı həyata keçirilir. Düşünürəm ki, Rusiya bunun altından qalxa biləcək hərbi və iqtisadi resurslara kifayət qədər sahib deyil. Qırılma nöqtəsi aktiv əməliyyatlar fonunda Rusiyanın hansı qərar qəbul edəcəyindən daha çox asılı olacaq.

Bəxtiyar CƏFƏRLİ