Advertisment

“Ermənilər bizə pusqu qurmuşdular” - 44 günün döyüşçüsü

Əlimirzəyev Cəlal: “Maşınların yerini tez-tez dəyişirdilər ki,
bizim topçularımız onların yerini təyin edə bilməsin”

Əlimirzəyev Cəlal Osman oğlu 1997-ci il sentyabr ayının 21-də Şəki rayonunun Şin kəndində anadan olub. Orta məktəbi Şin kəndində oxuyub. 2015-ci il oktyabr ayında hərbi xidmətə gedən Cəlal Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissədə 2-ci tabor 4-cü və 6-cı bölüklərdə ön xətdə Murovdağ silsiləsində xidmət edib. Əsgərlik zamanı göstərdiyi xidmətlərinə görə bölük komandiri tərəfindən iki təşəkkürnamə ilə təltif olunub. Atışlarda fərqləndiyinə gorə snayper təyin edilib. 2017-ci ilin aprel ayında hərbi xidmətdən təxris olunub. Əsgərlikdən qayıtdıqdan sonra Bakıda ət kombinatinda işləyib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində necə iştirak etməsi ilə bağlı xatirələrini danışan Cəlal bildirib ki, əvvəlcə kənd soveti tərəfindən sentyabrın 22-si və ya 23-ü ona xəbərdarlıq olunub ki, hazırlaşsın, sizi çağıra bilərik: “Mən də dedim ki, hazırda Bakıdayam və işləyirəm, nə vaxt çağırsaz gələcəm. Sentyabrın 26-da işdə olan zaman yenə zəng gəldi. Bildirildi ki, axşama kimi özünü kəndə çatdırmalısan, sabah gedirsən. Mən də həmin gün kəndə qayıtdım, evdəkilərlə sağollaşdım. Heç kim istəməz ki, müharibə olsun. İstənilən evdə övladı müharibəyə gedəndə valideynlər istər-istəməz pis olar. Mənə evdə getmə demədilər. Sözləri bu oldu ki, Allah köməyin olsun, səni qorusun. Yaxşı yol və özündən muğayat ol. Səhər saat 6-da bizi Goranboy rayonunda Ballıqayada yerləşən hərbi hissəyə apardılar”.

Cəlal deyib ki, müharibəyə yeni gedəndə istər-istəməz qorxu hissi var idi. Talış kəndinə girəndə yolun qırağında erməni əsgərlərinin cəsədlərini görən zaman bir az çəkinib. Suqovuşana girmək istəyəndə isə ermənilər onları minamyotla atəşə tutub. Mərmi 10-20 metr yaxınlıqlarına düşən zaman “uzan” əmri verilib və şəxsi heyətin hərəsi müxtəlif tərəfə dağılışaraq yerə uzanıb. Bu hadisə Cəlala təsir edib və özündə olan qorxu hissinin artıq yoxa çıxdığını və sanki ayıldığını görüb. Müharibənin əvvəlində olan qorxuya yavaş-yavaş qalib gəlib. Həm də orada Cəlaldan yaşda balaca və cılız uşaqlar var idi. Onlara baxanda deyirmiş ki, belələri gedibsə mən niyə getməyim və nəyə görə qorxmalıyam.

Ondan sonra Suqovuşana giriblər. Suqovuşanın müdafiəsi üçün 2 gün qaldıqdan sonra arxadan kömək gəlib. Ərazini təhvil verdikdən sonra şəxsi heyəti arxaya apararaq silah-sursatla yenidən təmin ediblər.

Cəlal söyləyib ki, adını xatırlamadığı bir kənd var idi. Həmin kəndə 1-2 dəfə girməyə cəhd ediblər. Lakin məqsədlərinə çata bilməyiblər. Çünki, dediyinə görə kənd pis mövqedə yerləşirdi: “Ora təxminən gecə saat 3-də çıxışa getdik. İrəlidə kəşfiyyat, minaaxtaranlarımız var idi. 30-40 nəfər idik, tağım komandirimiz, kəşfiyyat bölüyünün rəisi də var idi. Çatana yaxın gördük ki, giriləsi yer deyil. Daxil olsaq da şəhidlərimiz və yaralılarımız olacağı halda ərazidən çıxa bilməyəcəyik. Ona görə bizi qaytardılar və dedilər ki, başqa yerdən gedəcəyik. Həmin gün yolu itirmişdik. 26-27 saat çıxışımız oldu. Gedib-gəlmək o qədər vaxt aparmışdı. Rabitə əlaqəsi tutmadığına görə güclə bölüyə gəlib çıxa bildik. Gecə səhərə kimi də yata bilmədik. Şəkinin Şabalıd kəndindən müharibə yoldaşım var idi, onunla çox vaxt bir yerdə olurdum. Həmin gecə yola çıxanda yağış yağmışdı, yer sürüşkən idi. Meşənin içiylə, dağlarla qalxırdıq. Biz gedən vaxt birdən onun ayağı sürüşdü və beli əzildi. Kəşfiyyatın giziri var idi, özündən getdi və halsızlaşdı. Yəni bu kimi hadisələr baş verdi. Həmin gün çox əziyyət çəkdik”.

O, bir məqamı da vurğulayıb ki, müharibə zamanı ən çox ehtiyac duyduqları mərmilər idi və bunun üçün çalışırdılar. Yemək isə yadlarına düşmürdü. Gecə saatlarında çıxışa gedəndə yolda növbəli yatıb istirahət edirdilər. Səhərə yaxın isə yollarına davam edirdilər. Talış kəndinə girəndə orda evlərə yerləşərək gecələr qalırdılar. Ordan da Suqovuşanın üst tərəfindən adını xatırlamadığı kəndə girməliydilər.

Cəlal söhbətə davam edir: “Noyabrın 8-9-da bizə xeyli silah-sursat, ərzaq gətirdilər və dedilər ki, bu axırıncı çıxışımız ola bilər. Çətin də olsa getməliyik. Qabağa getmək var geriyə qayıtmaq yoxdur. Həmin gün 3-4 taborun şəxsi heyəti ilə getdik. Ermənilər bizə pusqu qurmuşdular. Hərbi hissələrimizdən birinə 3 nəfər göndərmişdilər. İkisini vurduq, biri isə qaçmağı bacardı. Artıq yerimizi bildilər və bizi minamyotla atəşə tutdular. Kürdəmirdən Məmmədov Əli adında müddətdən artıq xidmət edən hərbçi (MAXE) var idi. Boynundan qəlpə yarası aldı və şəhid oldu. Taborun digər heyətindən də şəhidlərimiz oldu. Noyabrın 9-dan 10-a keçən gecə yatmamışdıq. Gecə saat 3-4 radələrində dedilər ki, muharibə qurtarıb. Ancaq bu xəbəri eşidəndə şəhidlərə görə sevinə bilmirdik. Bu xəbərdən sonra dərədən, dağlıq yerdən şəhidlərimizi aşağıdan yuxarıya doğru qaldırmağa getdik. Bir şəhidi yuxarı qaldırmaq üçün bir neçə əsgər lazım olurdu”.

Deyir ki, çıxışlar zamanı baş leytenantları var idi, ayaqları çəkmə geyinməkdən yara olmuşdu: “Bölük komandiri demişdi ki, bizimlə çıxışa getməsin, qalsın burda və arxadan kömək etsin. Amma minatan rəisi olan mayor demişdi ki, sürünü-sürünə də olsa bizimlə getməlidir. Baş leytenantın özü də çəkinmirdi. Deyirdi ki, mən də sizinlə gedəcəm və bizimlə çıxışa gedib gəldi”.

Müharibə zamanı əsas çətinliklərindən biri su ehtiyacları olub: “26-27 saatlıq çıxışımız zamanı yolda yarım litr su tapdıq. 15 nəfər əsgər onu içdik. Suyu çatdırmaq olmurdu. Yeməyə isə o qədər də fikir vermirdik. Bundan başqa fikrimiz yalnız irəli getmək idi”.

Cəlal qeyd edib ki, ermənilərin minamyotları maşınların üstündə olurdu. Maşınların yerini tez-tez dəyişirdilər ki, bizim topçularımız onların yerini təyin edə bilməsin. Ona görə də artilleriyaçılarımız bəzən hədəfi dəqiq vura bilmirdi. Buna baxmayaraq düşmənə xeyli itkilər verirdik.

Hərbi xidmət dövründə snayper olsa da Vətən müharibəsində RPK əl pulemyotundan istifadə edib.

Noyabrın 10-da müharibə bitdikdən sonra Cəlalı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən N saylı hərbi hissəyə gətiriblər. Qeyd edək ki, o, hərbi xidmət dövründə də burada qulluq edib. 2021-ci il yanvar ayının 10-da isə həmin hərbi hissədən evə yola salınıb.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Əlimirzəyev Cəlal Osman oğlu “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Cəlalın atası Osman kişi birinci Qarabağ müharibəsi iştirakçısıdır. Ancaq Laçın, Kəlbəcər rayonlarında gedən döyüşlərdə vuruşsa da hərbi bileti yoxdur. Müharibədən qayıdanda bileti hərbi komissarlıqda olub. Cəlal deyir ki, hərbi komissarlıqdan atasına biletinin itdiyini deyiblər. Buna görə də dövlətin verdiyi köməkdən istifadə edə bilmir: “Məsələn, kəndimizdə bir neçə nəfər veteran var. Onların hərbi biletləri olduğu üçün veteran pulu alırlar. Atamın isə bileti olmadığı üçün vermədilər. Əvəzində hərbi biletin itməsi barədə arayış veriblər”.

Bəxtiyar CƏFƏRLİ