Advertisment

Şahid:" Səlim Müslümova bunun qarşılığında 1 milyon pul vermişəm"

Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Herbiand.az "APA"-ya istinadla xəbər verir ki, bu gün hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə bir sıra şahidlərin ifadələri dinlənilib.

Məhkəmədə ilk olaraq Ehtiram Əhmədov dindirilib. "Sehrli Naftalan" sanatoriyasında çalışmış Ehtiram Əhmədovun sözlərinə görə, işlədiyi müddətdə imtiyazlı şəxslər "putyovka" ilə sanatoriyada istirahətdə olublar. Hər "putyovka"dan isə müəyyən məbləğ "otkat" kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verilib: "Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu verirdi, aparıb Şəlalə Cəfərovaya çatdırırdım. "Putyovka"lardan ümumilikdə 1 milyon manat "otkat" çatdırmışam".

Digər şahid "Möcüzəli Naftalan" sanatoriyasının rəhbəri Elşən Əmiraslanovun oğlu Qoca Əmiraslanovun isə atasının vəzifələrini faktiki olaraq icra etdiyi məlum olub. İttihama görə, istintaqın araşdırma apardığı dövrdə "putyovka" xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb.

Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə "otkat" kimi qaytarılıb: "Sanatoriyaya göndərişlər olurdu. Bir "putyovka" təxminən 600-700 manatlıq idi. Hər "putyovka" üçün isə 150 manat "otkat" verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun əli ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik.

Sonuncu dəfə isə 29 min 509 manat "otkat" verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb".

Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204-min "otkat" verdiyini deyib. Həmin pullar da "putyovka"lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb.

Proses noyabrın 28-də davam etdiriləcək.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Səlim Müslümov cinayət işi üzrə dövlətə dəymiş 27 milyon manatın 20 milyonunu ödəyib. Onun 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.