Advertisment

Kürdən tapdığı torba başına bəla oldu

Samux rayon sakinində narkotik maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Teymur Məmmədov saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Məlumata görə, T.Məmmədov ilkin ifadəsində narkotiki balıq tutarkən tapdığını deyib.

O bildirib ki, Kür çayında balıq tutarkən göy rəngli sellofan torbanın üzdüyünü görüb və onu götürüb, içini açdıqda isə narkotik olduğunu bilib.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.