Advertisment

Səməd Vurğunun dəfnindən nadir kadrlar – 66 İL ƏVVƏL VİDA MƏRASİMİNDƏ KİMLƏR OLUB? (VİDEO)

Azərbaycanın xalq şairi Səməd Vurğunun dəfni ilə bağlı nadir kadrlar yayımlanıb.

Azpost.info bildirir ki, həmin unikal kadrlarda izdihamlı dəfn mərasimi və orada iştirak edənlər əks olunub.

Fəxri duruşda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi İmam Mustafayevi, Nazirlər Sovetinin sədri Rəhimovu, SSRİ xalq artisti Ələsgər Ələkbərovu, şairin ailə üzvlərini və digər şəxsləri görmək olar.

FOTO: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi İmam Mustafayev mərasimdə

Kadrlarda daha sonra böyük insan kütləsinin müşayiəti ilə cənazənin Fəxri Xiyabana gətirilməsi göstərilir. Dəfn mərasimində xalq yazıçısı Süleyman Rəhimov və digər tanınmış şəxslər çıxış edir.

Xalq şairi Səməd Vurğun 27 may 1956-cı ildə vəfat edib. Onun şeirlərinin möhtşəm lirikası, sadəliyi və məna gözəlliyi şairi xalq arasında sevilən şəxsə çevirmişdi.

FOTO: SSRİ xalq artisti Ələsgər Ələkbərov vida mərasimində 

Səməd Vurğunun yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur və özündən sonra gələn ədəbi nəslə böyük təsir göstərib. Şairin məşhur “Azərbaycan” şeiri ölkəmizin vizit kartı sayılır.

Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairidir. (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı olub. Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956) postunu tutub. Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biridir.

 

1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.

1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən “Azərbaycanın xalq şairi” adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-sində opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. Şair may ayının 30-da Sovet Sosialist Respublikaları İttifaqı nümayəndə heyətlərinin, xarici qonaqların və Azərbaycan xalqının böyük bir izdihamı ilə Bakıda 1-ci Fəxri Xiyabanda dəfn edilir.

Şairin övladları da atalarının yolunu davam etdirmiş və ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Azpost.info 

FOTO: Məşhur yazıçı Abdulla Şaiq vida mərasimində

FOTO: Şairin oğlu Vaqif Səmədoğlu atası ilə vidalaşarkən…