Advertisment

İlkin hərbi qeydiyyata alınma haqqında məlumat

Hər il yanvar-mart ayları ərzində həmin il 15 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- doğum haqqında şəhadətnamənin surəti;

- ailə tərkibi haqqında arayış;

- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);

- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

- tərcümeyi-hal;

- 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.                                                                                            

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə verilir.                                   

Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında məlumat:

            Müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları çağırılırlar.                                       Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.

 Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrinə gəlməlidirlər.