Advertisment

Ermənilərin dəhşətli röyası – LAÇIN DƏHLİZİ BAĞLANIR

Son günlər Azərbaycan və Ermənistan arasında siyasi-diplomatik gərginlik pik həddə çatıb. İlham Əliyevin Avropa diplomatlarına açıq mətnlə baş verənlərin mahiyyətini anlatması. KTMT-nin İrəvan samiti, Qarabağdan atəşkəs pozuntusu ilə bağlı gələ və bir-birini təkzib edən xəbərlər, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya gəlməsi və Avropa İttifaqının xüsusi nümayəndəsi Toyvo Klaarın Bakıya gələcəyi ilə bağlı tvit atması, Qarabağda Ruben Vardanyan planının tərkib hissəsi olan vəzifə rokirovkaları hamısı bu gərginliyin görünən elementləridir.

Bəzən açıq informasiyaları təhlil edib pərdə arxasında qalan məqamlara da aydınlıq gətirmək olur.

Bütün yuxarıda sadaladıqlarımızdan sonra Paşinyan dünən hökumətin iclasında bəyan edib: “Rəsmən bəyan edirəm ki, Erəş-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun aşılması üçün müqaviləni bu gün də imzalamağa hazıram”.

Əlbəttə söhbət gedən dəmir yolu xəttinin nə dərəcədə əhəmiyyətli və Azərbaycan üçün lazımlı olduğu başqa mövzudur. Bu razılaşmanın harada əldə olunduğu nəyə xidmət etməsi də əhəmiyyətli deyil. İndiki məqamda Paşinyan bu bəyanatla konstruktiv görünməyə çalışır.

Bəs bu konstruktiv görünmək cəhdinin arxasında hansı təhlükəni önləmək marağı dayanır?

Bu sualın cavabını da son açıq informasiyalarda var.

  • Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Sarıbaba yüksəkliyinin şimal istiqamətində basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçiriblər.
  • DTX rəisinin müavini: "Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnika daşınır".

Və nəhayət bütün narahatçılıqların izahı ola biləcək xəbər:

Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan bildirib: “Azərbaycan laçın dəhlizini bağlamaq üçün yalançı əsaslar yaratmaq istəyir”.

Əlbəttə ki, bu Marukyanın fikridir. Əsasların yalançı olub-olmaması başqa söhbətin mövzusudur. Əsas informasiya Azərbaycanın Laçın dəhlizini bağlamaq və ya ən azı bu dəhlizdə müəyyən problemlər yaratmaq istəməsidir.

Məhz elə buna görə də Rusiyadan İqor Xovayev, Avropadan isə Toyvo Klaar tələm tələsik Bakıya təşrif buyurur.

Yuxarıda qeyd etdiyim kimi siyasi-diplomatik gərginlik pik həddə çatıb. Və bu gərginlik yeni eskalasiyaya səbəb ola bilər.

Asəf Quliyev