“Laçın dəhlizi ifadəsini Laçın yolu ilə əvəz etmək lazımdır”.
Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev bildirib.
O, həmçinin, Laçın dəhlizinin əhəmiyyətindən danışıb və deyib ki, artıq gələn ilin mart ayından Laçın dəhlizində rus sülhməramlılarından heç kim qalmayacaq:
“Onlar özünə aid infrastrukturu yeni Laçın yoluna keçirəcəklər. Azərbaycan Laçın yolunu bağlamaq niyyətində deyil. Belə bir rəsmi bəyanat səsləndirilməyib. Lakin biz bu yolun hərbi yol kimi istifadə olunmasına qarşıyıq. Bildiyimiz kimi rus sülhməramlılarının öz işlərini məsuliyyətsiz şəkildə yerinə yetirməsi nəticəsində Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri silahla təmin olunurlar. Biz bu yolun humanitar məqsədlə istifadə olunmasına qətiyyən etiraz etməmişik. İndi də etmirik və gələcəkdə də belə bir niyyətimiz yoxdur. Ancaq həmin ərazilərdən silah-sursat daşınırsa, biz oranı nəzarətə götürməklə ora daxil olan və tərk edən şəxsi heyəti, yükləri nəzarətdə saxlamaq istəyirik. Bunun üçün ola bilər ki, Azərbaycan rus sülhməramlıları ilə birlikdə nəzarət etsin. Yaxud da rus sülhməramlıları nəzarət sistemindən ümumiyyətlə uzaqlaşdırılsın. Laçın yoluna giriş-çıxış nəzarəti Azərbaycan tərəfindən aparılsın. Bu hal gec-tez belə olacaq. Lakin indiki müddətdə bu hal suallar yaradarsa, Azərbaycan tərəfi Türkiyə-Rusiya Monitoriq Mərkəzi tərəfindən də Laçın yoluna nəzarəti təmin edə bilər. Bizi Türkiyə-Rusiya Monitoriq Mərkəzinin nəzarəti də qane edə bilər. Hesab edirəm ki, artıq bu prosesləri həyata keçirməyin zamanı gəlib çatdı”.
Emin ŞİRVANZADƏ