Advertisment

Bütün Fransa Azərbaycana qarşı – Paris nəyə nail olmağa çalışır?

Dünən Fransa Respublikasının Milli Assambleyası Azərbaycana qarşı qərar qəbul edib. Yekdilliklə qəbul olunan qərara görə, Ermənistanı dəstəklənir və Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutulur.

Fransanın indiki məqamda belə qeyri-konstruktiv mövqe tutması nəyə hesablanıb?

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın destruktiv mövqeyi səbəbindən dekabrın 7-də Brüsseldə nəzərdə tutulmuş görüşdə Emanuel Makronun iştirakına etiraz edib. Artıq bu görüşün baş tutmayacağı Avropa rəsmilərinin də narahatlığına səbəb olub. Avropa rəsmiləri bu görüşün baş tutması üçün müxtəlif səviyyələrdə iş aparır.

Hazırda Ermənistandan da bu görüşün baş tutmayacağından narahatlıq ifadə olunmaqdadır. Ancaq rəsmi Bakının mövqeyi birmənalıdır – Fransanın vasitəçiliyi qəbuledilməzdir. Çünki Fransa dövlətinin qanunverici orqanı birmənalı Ermənistanın tərəfini saxlamaq üçün hər vasitə ilə çabalar göstərir. Fransa Milli Assambleyasının son qərarı isə bu dövlətin tərəfsizliyinə bir daha zərbə vurmuş oldu.

Əslində Fransanın bu mövqeyi və rəsmi İrəvanın görücün Makronun iştirakı ilə keçirilməsi tələbi Avropanın vasitəçiliyi ilə iki dövlət arasında sülhün bərqərar olunması prosesinə ciddi zərbə vurur. Belə görünür ki, Fransa sülh prosesində maraqlı deyil.

Azərbaycan atdığı addımlarla Avropanın sülh prosesinə önəm verdiyini nümayiş etdirdiyini nəzərə alsaq o zaman Fransanın və əslində Ermənistanın bu prosesdən məmnun olmadığı ehtimalı yaranır.

Bundan başqa son günlər rəsmi İrəvan müxtəlif səviyyələrdə Rusiyanın sülh planına üstünlük verdiyini səsləndirib. Deməli Fransa bu prosesi pozmaqla Ermənistanın maraqlarına cavab verən Rusiya planının gündəmə gətirilməsinə çalışır.

Daha bir məqam. Son günlər rəsmi İrəvan Sülh müqaviləsi yox, Çərçivə sazişi imzalanması ideyasını da gündəmə gətirməyə çalışır. Əslində bu sülh prosesində Rusiya variantının yeni adla zühur etməsidir.

Amma Azərbaycan məhz Sülh müqaviləsinin bağlanması üçün iş aparılmasını israr edir. Avropa da bu ideyanı dəstəkləyirdi. Lakin Fransanın pozuculuq fəaliyyətindən sonra yekun  Sülh müqaviləsində maraqlı olan ABŞ-ın prosesə qoşulması daha məqbul olardı. Məlumdur ki, ABŞ-İsrail-Britaniya üçlüyü Azərbaycanın haqlı tələblərinə indiki məqamda daha həssas yanaşır.  

İndi rəsmi Bakı ABŞ-ın sülh prosesində daha aktiv olması üçün müəyyən addımlar atmalıdır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin iki variantı mövcuddur.

Qərbin baxış bucağı belədir ki, iki dövlət arasında sülh müqaviləsi imzalanır, Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Azərbaycan isə öz tərkibində Qarabağ ermənilərinə müəyyən status verir. Fransanın destruktiv mövqeyi ucbatından artıq Avropa prosesdən kənarlaşmaq ərəfəsindədir. ABŞ isə bu mövqedə qalmaqdadır.

Rusiya planına görə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanır, lakin Qarabağ ermənilərinin taleyi (statusu) gələcəkdə referendumla həll olunur.  Proseslər göstərir ki, Ermənistan da bu mövqe ilə daha çox razıdır. Bu isə qeyri-müəyyənliyin qalması deməkdir.

Azərbaycanın isə mövqeyi bəllidir.

Asəf Quliyev