Advertisment

“Azərbaycan Türkiyəni tələb edə bilərdi, amma...” - Politoloq

Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, dekabrın 7-də Brüsseldə keçirilməli olan növbəti üçtərəfli görüş baş tutmayacaq.

Buna səbəb Ermənistanın bu görüşdə Fransa Prezidenti Emmanuel Makronun da iştirak etməsini şərt kimi qoymasıdır. Buna cavab olaraq ölkə başçısı bildirib ki, Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: “Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”.

Ermənistanın Fransanın iştirakını şərt kimi tələb etməsinə cavab olaraq Azərbaycan da müttəfiqi olan Türkiyənin Brüssel görüşündə iştirakı üçün tələb qoya bilərmi?

Bununla bağlı politoloq Qabil Hüseynli Herbiand.az-a bildirdi ki, bu da bir variantdır:

“Amma nəyə görə Fransa danışıqlar prosesində moderatorluq etməlidir? Onun nə haqqı var? Sülhyaratma prosesinin formatı müəyyənləşib. Bu formata uyğun olaraq Avropa Birliyi və onu təmsil edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeldir. Sadəcə olaraq Fransanın Prezidenti Makron özünü bura soxuşdurdu və prosesdə iştirak etdi. Ardınca da Azərbaycanın ünvanına olmazın böhtanlar atdı. Sonra Fransa Parlamentinin yuxarı palatası - Senat Azərbaycanın ünvanına çox biabırçı qətnamə qəbul etdi. Dünən isə Fransa Milli Assambleyası yenə Azərbaycanı təhdid edən qətnamə qəbul edib”.

Qabil Hüseynli qeyd edib ki, bu ölkə açıq sürətdə Ermənistanı müdafiə edir. Özü də açıq, kobud, qeyri-etik və qeyri-diplomatik formada:

“Onun nə işi var mənim stolumun başında? Niyə oturmalıdır? Ona görə də Azərbaycan düzgün hərəkət edib. Azərbaycan Türkiyəni tələb edə bilərdi. Amma Türkiyəni tələb etməyə ehtiyac yoxdur. Sadəcə Fransanı danışıqlar stolu ətrafında oturmağa imkan verməmək lazımdır. Hər şey qalib ölkənin iradəsinə uyğun olmalıdır. Kapitulyasiyaya zorlanmış ölkə nələrisə sifariş verə bilməz”.

Bəxtiyar CƏFƏRLİ