Advertisment

“Forsmajor hal yaşanmasa Fransanın vasitəçiliyi arxa planda qalacaq” - Siyasi şərhçi

“44 günlük Vətən müharibəsində Fransanın mövqeyini daha açıq şəkildə ortaya qoyduğunu gördük. Fransa həmsədr ölkə kimi mövcud olduğu 30 il ərzində əsasən Ermənistanın mövqeyini müdafiə edirdi. Bəzən guya balansı qorumağa çalışır və bunun imitasiyasını həyata keçirirdi. Amma 44 günlük müharibədə bunu açıq formada ortaya qoydular. Bu, daha çox Fransanın proseslərdən kənarda qalması ilə bağlı idi. Onlar Qarabağ məsələsinin həllində, bölgədə müəyyən qədər iştirakçılığına təsir imkanlarını saxlamağa çalışırdı. Ancaq 44 günlük müharibədə faktiki olaraq kənarda qaldılar. Ona görə bu qədər açıq formada mövqe ortaya qoymağa başladılar. Bu, Fransanın daxili proseslərindən də qaynaqlanan amildir. Çünki Fransada, xüsusən Makronun dövründə erməni icması seçici sayına, yerli siyasətə ciddi təsir edə bilir. Bu, həm seçkilərlə, həm də diaspora lobbisinin fəaliyyəti ilə bağlıdır”.

Bu fikirləri Herbiand.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Fransa Parlamentinin aşağı palatası - Milli Assambleyanın Azərbaycan əleyhinə qətnamə layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Fransanın son vaxtlar daha açıq şəkildə aktiv formada Azərbaycanın əleyhinə bu cür fəaliyyət göstərməsinin əsas səbəbi dünyanın geosiyasi proseslərində güc mərkəzinə çevrilmək istəyindən qaynaqlanır:

“Xüsusən, Ukrayna müharibəsindən sonra Fransa geosiyasi proseslərdə arxa plana keçdi. Avropa İttifaqının Qərb platformasında vasitəçiliyi Fransanın Azərbaycan-Ermənistan münasibətlərində hansısa formada iştirakçılıqla bağlı bölgədə təmsilçilik yolunu bağlayır. Ukrayna müharibəsindən öncə Rusiya-Qərb münasibətlərinin tam pozulmasına qədər və 44 günlük müharibədən sonra Avropa İttifaqının qərbdə vasitəçi kimi ortaya çıxması həm bizim həm də Rusiyanın maraqlarına uyğun idi. Çünki Rusiya keçmiş Minsk Qrupu üzərindən bölgədə ABŞ və Fransanını təmçilçiliyinə çalışırdı. Bununla biz Minsk Qrupunu sıradan çıxardırdıq. Ukrayna müharibəsindən sonra Rusiyanın bu məsələdə yanaşması bir qədər dəyişsə də biz eyni xətlə davam edirik. Bu da təbii ki, Fransanı bölgədəki proseslərdən kənarda saxlayır. Fransa məhz indi bu qədər açıq və aqressiv şəkildə Azərbaycana qarşı qətnamələr qəbul etməklə müəyyən qədər Ermənistan kartını əlində saxlamağa çalışır, həm də Bakıya qarşı təzyiq etmək istəyir”.

Asif Nərimanlı vurğulayıb ki, Fransa senatında və Milli Assambleyasında erməni diasporasının təsirinin böyük olduğunu bilirik. Bu qətnamələrin qəbulunda onların rolu təbii ki, bəllidir:

“Amma son aylarda Azərbaycana qarşı mövqeyin təkcə parlamentarilər səviyyəsində yox, artıq Yelisey sarayının siyasəti olduğu aydın oldu. Fransa Prezidenti Makronun çıxışlarında biz bunu daha aydın şəkildə gördük. Fransa anladı ki, indiyə qədər bu prosesdə ermənipərəst mövqeyi bölgədə iştirakçılığını təmin etməyəcək. Bu, artıq Azərbaycan tərəfinin qəti mövqelərindən biridir. Məhz buna görə Ermənistanı dəstəkləməklə bölgədə onlar üzərindən təmsilçiliyini həyata keçirmək istəyir. Azərbaycan-Ermənistan sərhəddinə gələn Avropa İttifaqı müşahidə missiyası Fransanın planlarından biridir. Onlar Avropa İttifaqının monitorinq missiyası olsalar da əsas təmsil edənlər fransızlardır. Fransa bununla bir növ bölgəyə gəldi. Ancaq təsir imkanları zəif olsa da irəliyə doğru müəyyən praktiki addım atmış oldu. Məhz buna görə də maksimum dərəcədə Ermənistana açıq formada dəstək verir”.

Siyasi şərhçi qeyd edib ki, burada Rusiya amili də rol oynayır. Çünki Rusiya Ermənistanı KTMT üzvü olsa da sərhəd məsələsində dəstəkləmədi:

“Rusiya və KTMT daha çox neytral mövqe tutdu. Bu, Ermənistan üçün Rusiya və KTMT-dən uzaqlaşmasına bəhanə yaratdığı kimi Fransa üçün də bir növ imkandır. Fransa Rusiyanın boşalacaq yerini - bununla bağlı gözləntilər var, Ermənistanın təhlükəsizliyində Rusiyanın rolu kifayət qədər zəifləyib - doldurmaq istəyir. Artıq bilir ki, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirakçılığı mümkünsüz hala gətiriblər. Burada bir məqamı da qeyd edim ki, ABŞ və Fransa qərb platformasında təmsil olunsalar da bu məsələdə mövqeləri fərqlənir. ABŞ Rusiyanın bölgədən çıxarılmasını istəsə də yerinə Fransanın gəlməsində maraqlı deyil. Amerika öz təsirlərini qorumağa çalışır. Məhz buna görə ABŞ məsələlərin Bakı-İrəvan ikili formatında müzakirəsinə çalışr. Fransa isə açıq formada həm keçmiş Minsk Qrupu məsələsini əlində əsas kimi saxlayır, həm də Ermənistanın təhlükəsizliyini təmin edən ölkə kimi prosesdə iştirak etməyə çalışır”.

Ekspertin fikrincə, Bakıya qarşı bu cür qətnamələrin qəbul edilməsi Ermənistan faktorunu davamlı olaraq əlində saxlamaq, Ermənistan ictimai rəyində öz nüfuzunu artırmaq və Rusiyanın boşalan yerini doldurmaqdır:

“Burada daha az görünən səbəblərdən biri də istisna deyil ki, həm də Bakıya bir növ təzyiq xarakteri daşıyır. Onlar hesab edir ki, bu cür qətnamələrlə Azərbaycanın mövqeyini dəyişə bilərlər. Senatın qətnaməsində Azərbaycanın enerji resurslarına qarşı sanksiyanın tətbiq edilməsinə çağırış var idi. Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rolun fonunda bunun praktikada işləməsi mümkünsüzdür. Fransa da bunu bilir. Amma Avropada müəyyən ölkələrə təsir etməklə Bakıya qarşı mesaj göndərir ki, biz buna nail ola bilərik. Amma indiki geosiyasi və regiondakı situasiya fonunda bu kifayət qədər çətin məsələdir. Əgər geosiyasi vəziyyətdə forsmajor hal yaşanmasa Fransanın vasitəçiliyi arxa planda qalacaq və Bakının mövqeyi dəyişməyəcək. Məhz buna görə biz qarşıdakı dövrdə nə qədər praktikada icra edilməsə belə Azərbaycana qarşı Fransanın bu cür qətnamələrini görəcəyik”.

Bəxtiyar CƏFƏRLİ