Advertisment

Tofiq Zülfüqarovdan xəbərdarlıq: "Yol verməyək..."

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-ın suallarını cavablandırıb. 
Onunla müsahibəni təqdim edirik:

-Tofiq müəllim, necə hesab edirsiz, Rusiya və Ukrayna bu qışdan necə durumda çıxacaq?

-Doğrusu, mən rus analitik və təbliğatçılarına qulaq asanda görürəm ki, hamısı böyük təşviş içindədirlər. Xüsusən Solovyov gərginlik və panika içindədir və son verilişlərini də bu ruhda, bu səpkidə aparır.  Bu da onu göstərir ki, doğrudan da, Rusiyanın durumu çox gərgin və ağırdır. Daxili siyasi problemlər də göz qabağındadır. Fikirlər, rəylər bölünüb. Digər tərəfdən isə Kremldə hansısa ciddi siyasi böhran olsa və hakimiyyət çevrilişinə cəhd olsa, Qərb çalışacaq ki, həmin proseslər onun təsiri altında getsin. Və Putinin yerinə gələcək siyasi dairələr daha praktik davranışlar göstərsinlər. Hesab edirəm ki, hazırda Rusiyadakı proseslər məhz bu istiqamətdə gedir.  O biri tərəfdən Qərbdə, ABŞ-da bu problemləri görsələr də, düşünürlər ki, bəlkə də Rusiyanı tam dağıdıb parçalamaq doğru deyil və hakimiyyətin dəyişməsini hansısa nisbətən sakit durumda təmin edək. Buna görə də artıq Qərb tərəfindən də Ukrayna savaşında danışıqların bərpa olması, atəşkəs elan edilməsi çağırışları səslənir...

Sırf müharibə meydanına gəldikdə, qarşıdan sərt qış mövsümü gəlir və hərbi əməliyyatların azalması və intensivliyinin aşağı düşməsi artıq göz qabağındadır. Baxaq, görək... O da var ki, Avropada geniş qeyd olunan Milad, Yeni il bayramları ərəfəsindəyik. Və orada siyasi elita bu dövrdə məzuniyyətə getməyə, istirahət etməyə vərdiş edib. Yəni bu aylarda istər-istəməz siyasi fəallıq azalır... Hesab edirəm ki, qarşıdakı 10-15 gün ərzində hansısa ciddi hadisələr baş verməsə,  bəlkə də Rusiya-Ukrayna savaşı mövzusunda həlledici olaylar Yeni ildən sonraya qalacaq...

-Putin ordusunun ölkənin enerji infrastrukturuna bu günədək vurduğu və bundan sonra vuracağı zərbələr qışda istilik, yanacaq, işıq problemlərini daha da ağırlaşdırsa, bu, Ukrayna xalqının mübarizə əzminə və yekunda hərbi əməliyyatlara və rəsmi Kiyevin siyasi qərarlarına təsir göstərə bilərmi?

-Bəli, belə problemlər Ukraynada, təəssüf ki, artıq başlayıb. Düzdü, Ukrayna dövləti Rusiya raketlərinin, dronlarının dağıtdığı infrastruktur obyeklərinin çoxunun işini bərpa edib. Ancaq yenə də problemlər qalır və bundan sonra da Rusiyanın kütləvi raket hücumları davam edərsə, həmin problemlər qışın sərt soyuqlarında daha da güclənə bilər.  Doğrudur, inanmıram ki, Ukraynada kimsə küçəyə çıxıb Zelenski hökumətindən hərbi əməliyyatları dayandırıb Rusiyaya təslim olmağı tələb edəcək – bu mümkün deyil. Ukraynada ümumi əhval-ruhiyyə hələ də yüksəkdir. Amma rəhbərlik tərəfindən texniki atəşkəs və humanitar məsələləri həll etmək üçün İstanbulda və ya digər məkanda danışıqlara başlamaq təklifləri ola bilər...

-Onda belə çıxır ki, hələ gələn ilin, yəni 2023-cü ilin yayınadək Ukraynada savaşın tam bitəcəyini gözləmək olmaz?..

-Bəli... Açığı desək, mən həm də buna görə təklif edirəm ki,  Ukraynada müharibə tam yekunlaşmamış Qarabağ və Zəngəzurda kəskin davranışlara yol verməyək... Hamıdan öncə özümüzü meydanın ortasına atmayaq... Putin son çıxışlarında deyib axı ki, Rusiyanın məhv olacağı barədə şayiələr hələ vaxtından əvvəl yayılıb...