Advertisment

Sülhməramlılar bunu bilə-bilə etirazçılara müdaxilə edə bilməz - ŞƏRH

“Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları davam edir. Aksiya iştirakçılarına dəstək məqsədi ilə tədbirin keçirildiyi əraziyə könüllülər, blogerlər, media mənsubları və s. şəxslər gəlir. Rusiya sülhməramlıları isə əraziyə əlavə qüvvə cəlb edib.

Sülhməramlıların əraziyə əlavə qüvvə cəlb etməsi fonunda Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalının iddiası diqqət çəkir. Belə ki, kanal iddia edir ki,  Rusiya sülhməramlıları Laçın yolunda keçirilən dinc aksiyanı dağıtmağa hazırlaşır.

Kanalın iddiası hər nə qədər diqqət çəksə də real deyil:

Birincisi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvlərinin keçirdiyi aksiya dini və ya etnik zəmində deyil. Etiraz aksiyasında heç bir rasizm və nifrət şüarları səslənməyib. “Ekoloji terrora son” şüarı altında keçirilən etiraz aksiyaları tamamilə dinc xarakterli olduğu üçün sülhməramlılar prosesə müdaxilə edə bilməz.

İkincisi, ümumiyyətlə, Rusiya sülhməramlılarının Azərbaycan vətəndaşlarına toxunması, xəbərdarlıq məqsədi ilə atəş açması, bu və ya başqa formada fiziki zorakılıq xarakterli müdaxilə etməsi həm 10 noyabr bəyanatının, həm də 22 fevral Moskva Bəyannaməsinin (Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə) kobud şəkildə pozulması deməkdir. 

Üçüncüsü, Ermənistan hakimiyyətinə yaxınlığı ilə seçilən “Baqramyan 26” teleqram kanalı 44 günlük Vətən müharibəsi gedişində də dəfələrlə dezinformasiya xarakterli iddialar, informasiyalar yayıb. Nəzərə alsaq ki, aksiyalara dəstək məqsədi ilə insanlar əraziyə axın edir, erməni tərəfi aksiya iştirakçılarını qorxutmaq, çəkindirmək üçün bu tipdə iddia yaya bilər.

Sülhməramlılar dinc aksiyanı dağıtmağa çalışsa nə baş verə bilər?

Etiraz aksiyasının keçirildiyi ərazidə Rusiya sülhməramlıları ilə bərabər Azərbaycan təhlükəsizlik qüvvələri də fəaliyyət göstərir. Sülhməramlılar bunu bilə-bilə etirazçılara müdaxilə edə bilməz. Bu baş versə, Azərbaycan tərəfinin də müdaxilə edəcəyini yaxşı bilirlər.

Digər tərəfdən, sülhmərmalıların aksiya iştirakçılarına müdaxilə etməsi onların sülhməramlı mandatını sonlandıra bilər. Rəsmi Bakı bunu əsas gətirib, sülhməramlıların vaxtından tez ölkəni tərk etməsini tələb edə bilər.

Politoloq Turan Rzayev