Advertisment

“Ermənistan Avropa İttifaqını da bu məsələyə cəlb etmək istəyirdi” - Siyasi ekspert

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Josep Borrell bildirib ki, Ermənistandakı müşahidəçi missiyasının dekabrın 19-da bitən mandatının vaxtı uzadılmayacaq.

Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirlərinin Lüksemburqda keçirdiyi görüşdə Ermənistana Azərbaycanla sərhəddəki vəziyyəti müşahidə etmək üçün 40 müşahidəçinin göndərilməsi təsdiqlənib. Onlar regiona gələrək oktyabrın 20-də işə başlayıblar. Missiya iki ay müddətinə nəzərdə tutulmuşdu.

Missiyanın vaxtının uzadılmamasının səbəbi nə ola bilər? Avropa İttifaqı iki aylıq işi yetərli saydı?

Mövzu ilə bağlı Herbiand.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin (BMDAM) sədri, siyasi ekspert Samir Hümbətov bildirib ki, göndərilən missiyanın əsas məqsədi iki ay ərzində Ermənistan-Azərbaycan dövlət sərhəddində müəyyən bir monitorinqin həyata keçirilməsi idi:

“Əlbəttə, bu missiyanın ora göndərilməsində Fransanın, həmçinin Ermənistanın da təkidi var idi”.

Samir Hümbətov hesab edir ki, Ermənistan bunu etməklə əslində prosesləri daha da gərgin məcraya yönəltməyə çalışırdı:

“Rusiya ilə bərabər Avropa İttifaqını da bu məsələyə cəlb etmək istəyirdi. Beləliklə də proseslərin çıxılmaz hal almasına çalışırdı. Avropa İttifaqının bir çox dövlətləri Azərbaycanla müttəfiqlik əlaqələrinə malikdirlər. Bu xüsusilə önəmlidir. Çünki indiki məqamda Avropa İttifaqının enerji resursları baxımından Azərbaycandan müəyyən mənada asılı olduğu dövrdə bizimlə münasibətlərə zərbə vurulması Avropanın xeyrinə olan amillərdən sayılmır. O baxımdan hesab edirəm ki, Avropa İttifaqı iki aylıq missiyanı həyata keçirməklə əslində nəyi göstərməyə çalışdı? Yəni, Ermənistan sən məndən bunu tələb etdin və mən də etdim. Amma burada sakitlikdir. Azərbaycan tərəfdən hər hansı bir ciddi qanun pozuntusu olmayıb. Belə olan halda bizim iki aydan əlavə vaxt götürüb burda fəaliyyət göstərməyimizin siyasi, hüquqi və hərbi cəhətdən ciddi əsası yoxdur”.

BMDAM sədrinin sözlərinə görə, digər məsələ Avropa İttifaqının ora göndərilən missiyasının maliyyələşdirilməsi idi:

“Ermənistan maliyyələşməni öz üzərinə götürmədi. Bu, Avropa İttifaqının üzərində qaldı. Avropa dövlətləri də belə bir böhran vəziyyətində Ermənistandan ötrü böyük miqdarda maliyyə vəsaitini ayırıb havaya sovurmaq niyyətində görsənmir. Digər bir hal isə Azərbaycanın nüfuz məsələsidir. Azərbaycan onlara açıq şəkildə bildirdi ki, ərazisində missiyanın həyata keçirilməsi mümkün deyil. Avropa İttifaqı da başa düşür ki, Azərbaycan əgər öz ərazisində buna icazə verməyibsə deməli bundan sonra da icazə verməyəcək. Ermənistan tərəfindən də bu missiyanı həyata keçirməyin heç bir ciddi hüquqi əsası yoxdur. O baxımdan hesab edirəm ki, Avropa İttifaqı bu missiyanın həyata keçirilməsini dayandırır. Rəhbərlik səviyyəsində dörd Brüssel görüşü keçirilib. O cür görüşlərin keçirilməsini təşkil edə bilər. Amma belə monitorinq missiyasının həyata keçirilməsinə davam etdirəcəyinə inandırıcı yanaşmıram”.

Bəxtiyar CƏFƏRLİ