Advertisment

“Erməni hərbçiləri minalar basdırılandan sonrakı mərhələdə xəritələri ciddiyə almayaraq...” - Hərbi ekspert

Dekabrın 14-də saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb. Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Həmin şəxsləri təxliyə etmək məqsədi ilə hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb. Onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə vəfat edib.

Mövzu ilə bağlı Herbiand.az-a açıqlama verən ehtiyatda olan zabit, hərbi ekspert Elxan Şıxəliyev ilk öncə Kəlbəcərdə baş verən mina hadisəsi ilə bağlı şəhid olan hərbçimizə Allahdan rəhmət diləyib, yaralı vətəndaşlarımıza isə şəfa arzulayıb.

Daha sonra qeyd edib ki, bizim minalarla bağlı yaranan problemlərimiz üzərindən Ermənistanın mina xəritələrini verib-verməməsini vurğulamağımızı siyasi olaraq əsaslı sayır:

“Ancaq hərbi nöqteyi-nəzərdən gözləntiləri yüksək tutmağın bir o qədər tərəfdarı deyiləm. Nədən? Ermənilərdə mina xəritələrinin, xüsusən də döşənən minaların üzərinə mina sahələrinin tərtib edilməsi şərtidir və qeyri-ciddi tərtib olunan xəritələrdir. Onlar doğruluq sənədlərinin hamısını bizə versələr və mina basdırılan ərazilərdə xəritə üzərindən axtarışlar etsək heç biri doğru çıxmayacaq. Siyasi platformalarda xəritələrin üzərindən əməkdaşlıq doğru olsa da onların birbaşa minalardan təmizləmə sahələrində kömək olacağına çox ümid etməməliyik. Erməni hərbçiləri mina sahələri basdırılandan sonrakı mərhələdə xəritələri ciddiyə almayaraq üzərində işləməyiblər. Çünki adətən düşünürlər ki, minalar basdırıldıqdan sonra onu kim gedib yoxlayacaq və çıxardacaq? Əgər bunlar mina sahələri ilə bağlı bizimlə əməkdaşlıq etmirlərsə bu, məsələnin siyasi tərəfidir. Bu, düşmənçiliyin davamını gətirməkdir. Amma hamısını bizə vermiş olsalar və gedib ərazilərdə araşdırsaq görəcəyik ki, xəritələrdə çəkilən mina sahələrinin heç biri təsdiqini tapmır”.

Bəxtiyar CƏFƏRLİ