Advertisment

Bakı elə bir zaman və elə bir vasitə seçdi ki... - Erməni politoloq

Avropa diplomatiyasının rəhbəri Jozep Borrell AB-nin oktyabrda Ermənistanda Azərbaycanla sərhəddə yerləşdirilən və iki ay üçün nəzərdə tutulmuş mülki missiyanın müddətininin uzadılmayacağını elan etdi. Missiya dekabrın 19-da başa çatır, bundan sonra müşahidəçilər ölkəni tərk edəcəklər. Maraqlıdır ki, Fransa Xarici İşlər Nazirliyinin rəhbəri missiyanın müddətinin uzadılmasının zəruriliyindən bəhs edirdi.

Prosesləri şərh edən erməni politoloq Vigen Akopyan AB-nin Ermənistan hakimiyyətini “dəqiq geosiyasi seçim” etmək məcburiyyəti qarşısında qoyduğunu bildirib.

O deyib ki, AB-nin missiyanın müddətini uzatmamaq barədə qərarına ilk növbədə bu aspektdən yanaşmaq lazımdır:

“Avropalılar düşünür ki, Ermənistan hakimiyyəti, daha dəqiq desək, Baş nazir Nikol Paşinyan Azərbaycanla danışıqları hansı formatda davam etdirəcəyinə, nəhayət, qərar verməlidir – Brüsselmi, yoxsa Moskvamı?

Paşinyan müxtəlif paytaxtlarda fərqli vədlər verdi - Vaşinqtonda bir söz dedi, Brüsseldə başqasını, Moskvada tamam ayrısını... İndi manevr meydanı daralıb, hazırda Paşinyandan qərar tələb olunur; yalnız bu halda Qərb müdaxilə edəcək - əlbəttə, əgər seçim Qərbdən yana olarsa. Bundan başqa, müşahidə missiyasını dayandırmaqla Paşinyana müəyyən edilən razılaşmaları - çox güman ki, Praqadakı razılaşmaları - pozduğuna dair mesaj verilir. Hansısa formada bunu hətta Avropanın Paşinyana qarşı demarşı hesab etmək olar”.

Onun sözlərinə görə, Ermənistanda AB missiyasının uzadılmasından imtina ilə Xankəndi yolunda (Laçın dəhlizində) azərbaycanlı ekoloqların aksiyasının eyni vaxta düşməsi olduqca maraqlı təsadüfdür:

“Artıq iki gündür ki, Ermənistandan Qarabağa yol bağlıdır. Ancaq hələlik nə Brüsseldən ciddi reaksiya var, nə də Vaşinqtondan”.

Akopyanın fikrincə, Vaşinqton və Brüssel qəsdən səssizlik nümayiş etdirir, çünki hər iki tərəfdən rus sülhməramlıların öz işinin öhdəsindən gələ bilməməsi barədə iradların səslənməsi Qərbin maraqlarına uyğundur:

“Artıq biz görürük ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən rus sülhməramlılara tənqidlər ünvanlanır. Qərbin edəcəyi bir iş qalmayıb – prosesi izləməkdən başqa. Yeri gəlmişkən, missiyanın tamamlanmasına bu kontekstdə də baxılmalıdır”.

Ekspert bildirib ki, hətta yol yaxın saatlarda və yaxud günlərdə açılsa da, Azərbaycan istənilən vaxt “ekoloji kartı” oynaya bilər:

“Artıq presedent yarandı və Bakının bu kartdan təzyiq kimi istifadə edəcəyi şübhəsizdir”. 

Axar.az