"Zaman nədir? Kim bunu mənə asan və qısa izah edə bilər? Bunu kim qavraya bilər ki, sözlə ifadə edə bilsin? Doğrudan da, həm özümüz, həm də başqası "zaman" deyəndə bunun nə olduğunu başa düşürük. Amma izah edə bilmirik. Yaxşı, bəs zaman nədir? Heç kim məndən soruşmasa cavabını bilirəm, amma kimsə gəlib açıqlama istəsə verəcək cavabım yoxdur."
Eramızdan əvvəl 354-430-cu illərdə yaşamış məşhur filosof Avreliy Avqustinusa aiddir bu sözlər. Bu sitatla başlamaqda məqsədim var...
Xahiş edirəm, həqiqətən dayan və düşün. Özündən zamanın nə olduğunu soruş , bu sualın cavabını bildiyini, ancaq sözlə ifadə edə bilməyəcəyini görəcəksən.
Əslində, Tarix boyu demək olar ki, hər kəs bu sualın cavabını axtarıb. Hətta mən özüm bir dəfə bu barədə düşünməkdən depresiyaya düşəcəkdim az qalsın. Zaman quyusundan güclə çıxmışam...
Görəsən zamanın əvvəli və sonu var? Vaxt nə vaxt başlayıb? Əslində bu sualın özü belə təzadlıdır. Bəlkə, zaman sadəcə bir illuziyadan ibarətdir. Amma vaxt yoxdusa biz ondan necə danışa bilirik?
Əslində zaman planetlərin və ya saatın, yəni cismin hərəkəti deyil. başa düşülən tərzdə desək, bizim qolumuzdakı saat, əqrəblərin bir birini qovması zamanın özü deyil. bizim ölçdüklərimiz sadəcə intervallardır.
Məsələn, "dünya öz oxu ətrafında firlanır və 24 saat tamam olur" deyirik. ya da yer günəş ətrafında bir dəfə dövr edəndə biz bunu 1 il adlandırırıq. Yəni belə çıxır ki, intervallar zamanın özü olsa Deməli onu tanrı deyil, insan yaradıb.
Baxın yer günəşin ətrafında fırlanır, amma biz bunu hiss etmirik. Çünki ayağımızı basdığımız yer öz yerində qalır, ya da bütövlükdə hərəkətdə olur. Məncə eyni bənzətmə zamanda da keçərlidir. Vaxt uçur... Texnalogiya inkişaf edir və daha tez uçur. Amma biz bunu hiss etmirik. Çünki vaxt gedir, biz isə öz yerimizdə qalırıq. Ya da zamanın ətrafında dövr edirik.
Bəs biz zamanı nə vaxt ölçməyə başlamışıq, niyə bunu lazım bilmişik? Gəlin birinci bunu aydınlaşdıraq. Görək alimlər məsələ ilə bağlı nə deyiblər.
İnsanlar ta qədimdən ulduzlara, günəşə və aya baxaraq vaxtı anlamağa çalışıblar. Əvvəllər əcdadlarımıza yağış, qar, soyuq və istinin vaxtını bilmək kifayət edirdi. Bu havalar köç vaxtını, məhsulların yığımının zamanını bildirirdi. Dəqiqələr, saniyələr daha müasir dövrlərin məhsulu olsa da, insanlar o zamanlar da günü müəyyən hissələrə bölüblər.
İlk dəfə ili hissələrə bölən Şumerlər daha sonra günü də bölməyə başlayıblar. yunanlar və romalılar bunu daha da inkişaf etdiriblər .
Qədim sivilizasiyalar günlər, aylar və illər kimi böyük zaman dövrlərini yadda saxlamaq üçün təqvimlər hazırlayırdılar.
İlk dəfə vaxtı ölçmə alətləri Qədim Misirlilər tərəfindən istifadə edilib. Gündüzlər sadə günəş saatlarından istifadə edirdilər. Günəş saatı iki ağac parçasından ibarət idi; birinin üzərində vaxtı göstərən siferblat, digərində isə kölgə qalırdı.
Təkcə bu deyil, misirlilər gecə səmasında ulduzların mövqelərini müşahidə edərək də vaxtı ölçürdülər. Bundan əlavə su saatından ilk istifadə edənlər də onlar olub. Su saatlarının işləməsi suyun bir gəmidən digərinə ötürülməsi ilə təmin edilir. Aşağı qabın içərisində suyun axdığı vaxtı göstərən tərəzi olub. Günəş və su saatlarından sonralar Yunanıstanda, Romada və Avropada istifadə edilib. Bunlar erkən orta əsrlərdə istifadə edilən üç zaman ölçmə alətindən ikisi idi. Üçüncüsü isə Məhz qum saatı - iki şüşə borunun arasından axan qumla zamanın keçməsini ölçən cihaz olub.
İlk mexaniki saatlar isə 13-cü əsrin sonlarında hazırlanıb. Bunlar ümumi istifadə üçün hazırlanmış saatlar idi. Hər kəsin görə bilməsi üçün kilsə, meydan və ya digər ictimai yerdə yerləşdirildi. Kiçik məişət saatları və cib saatları isə 16-cı əsrdə yaradılıb. 20-ci əsrin əvvəllərində hər kəsin ala biləcəyi ucuz, zavod istehsalı qol saatları istehsal edilməyə başlanıb.
Zamanın davamlı və daha dəqiq ölçülməsinə ilk dəfə 19-cu əsrdə başlanıb. qatar səfərləri zamanı onların intervalı üçün zamanın nəbzin tutmaq vacib idi. O dövrdə şəhərlər saatlarını günün müəyyən vaxtına uyğun düzəldiblər. Lakin bu təyin olunmuş vaxt yalnız yerli olaraq keçərli olub. Daha aydın desək, bir şəhərdə günəş başın üstündədirsə, günortadır. Bu günün termini ilə 12:00 kimidir. Ancaq başqa bir şəhərdə eyni vaxtda saat 12 olduğunu deyə bilməzsiniz, çünki günəş başın üstündə olmayacaq.
İnsanlar qatarla səyahət etməyə başlayanda bu iş problemə çevrilməyə başlayıb. Çünki qatarların yola düşmə vaxtı onların hərəkətə başlaması ilə müəyyən edilir. Məsələn, Bakıdan Laçına gedən bir qatar olsaydı, laçında yaşayan insanların vaxtının ölçülməsindəki fərqə görə qarışıqlıq olardı, çünki bu qatar getdiyi yerə, getdiyi yerin saatına görə yola düşərdi. Nəzərə alın ki, bu problem ölkənin müxtəlif rayonlarında müxtəlif stansiyalardan yola düşən qatarlarla daha da dərinləşir. Buna görə də, uzaq yerlərdə saatları uyğunlaşdırmaq üçün bir sistemə ehtiyac var idi.
Bu gün biz bu sistemi Qrinviç Orta Saatı - GMT adlandırırıq. GMT Britaniya adalarının standart saat qurşağıdır. O, adını Londonun cənub-şərqindəki Qrinviç qəsəbəsindən götürüb. Burada rəsədxanada hesab edilən meridian əsas meridian sayılır. Hər uzunluq dərəcəsi arasındakı məsafə 4 dəqiqədir. Buna görə də, hər 15 dərəcə meridian zonası bir saata bərabərdir. Beləliklə, Yer kürəsi 12 saat şərqdə, 12 saat qərbdə olmaqla 24 saat qurşağına bölünür. Qrinviç meridianından şərqə gedərkən saatlar irəli, qərbə getdikdə isə geriyə çəkilir.
GMT-dən sonra Coordinated Universal Time, istifadə olunmağa başladı. Qısaca UTC olaraq adlandırılan bu vaxt sistemi 1963-cü ildən istifadə olunur . UTC atomik olaraq hesablandığından, günəş vaxtı ilə hesablanan GMT ilə onun arasında çox kiçik fərqlər var. Ancaq gündəlik istifadəyə təsir göstərmir.
İndiyə qədər vaxtı ölçməyə necə başladığımızdan və niyə onu ölçməli olduğumuzdan danışdıq. Amma videonun əvvəlində dediyim kimi, bütün bu sistemlərin inkişafı əslində zamanın nə olduğu sualına cavab vermədi. Zaman fiziki olaraq mövcud olan , Yoxsa sadəcə beynimizdə olan bir şeydir?
İndi alimlərin zamanla bağlı nə düşündüyündən danışacam...
Nyuton üçün zaman, ilk növbədə, daim irəli axan bir şeydir. Siz vaxtı geri qaytara bilməzsiniz. məsələn, doğum tarixinizi irəli və ya geri çəkə bilməzsiniz. Nyutonun nəzəriyyəsində zaman universaldır. Hər kəs eyni anda böyüyür və qocalır.
Sadə beyinlə düşünəndə məntiqlidir...
Amma 20-ci əsrin əvvəllərində Eynşteyn Nyutona meydan oxuyaraq bir məqalə dərc etdirir. O həm məkan, həm də zaman anlayışlarının nisbi olduğunu iddia edib. Eynşteyn buna xüsusi və ümumi nisbi nəzəriyyə ilə nail olub. zaman müxtəlif sürətlə, hər kəs üçün fərqli şəkildə irəliləyir. Ümumi nisbi nəzəriyyədə isə bildirir ki, cazibə qüvvəsi məkanı,zamanı dəyişir. sürətli və ya yavaş irəliləməsinə səbəb olur. Amma zaman olmadan məkan dəyişə bilməz .
Burada zamanın dəyişməsinin iki amildən asılı olduğunu başa düşürük. Birincisi hərəkət, ikincisi isə cazibə qüvvəsidir. Hərəkət etməyə başlasam, zaman mənim üçün başqa istinad nöqtəsinə nisbətən fərqli axmağa başlayacaq. Yaxud, məsələn, qara dəliyə yaxınlaşsam, cazibə qüvvəsi o qədər artacaq ki, vaxt mənim üçün yer üzündəki insanlardan fərqli şəkildə axacaq.
Zaman anlayışımıza təsir edən ən mühüm alim şübhəsiz Albert Eynşteyndir. Eynşteynin tənliklərinə görə, cisim işıq sürətinə yaxınlaşdıqca zaman genişlənir. Beləliklə, hərəkət edən insan üçün zaman daha yavaş keçir. Eynşteynə qədər heç kimin belə bir şeyin olacağı ağlına belə gəlməyib. Yaxşı, belədirsə Bəs niyə biz gündəlik həyatımızda bu təsiri görmürük? Çünki dünyada yavaş sürətlərdə hərəkətin zamana təsiri bizim dərk edə bilməyəcəyimiz qədər kiçikdir.
1971-ci ildə edilən bir təcrübə Eynşteynin proqnozlaşdırdığı kimi hərəkətin zamana təsirini sübut edib. Biri yerdə, digəri isə reaktiv təyyarənin içərisində olmaqla iki atom saatı işləməyə başlayıb. Təcrübə tamamlandıqda, təyyarədəki atom saatı yerdəki atom saatından saniyənin milyardda bir neçəsi daha yavaş olub. Təbii ki, bu sürət işıq sürəti ilə müqayisədə çox aşağıdır, lakin həqiqətən də işıq sürətinə yaxın sürətlərə çata bilsəydik, Eynşteynin kəşf etdiyi kimi zaman daha çox yavaşlayardı. Bu təcrübə ilə anladıq ki, əgər hərəkət məkanı təmsil edirsə, Məkan və zaman ayrılmazdı. Eynşteynin çatdırmaq istədiyi də məhz budur. Məkan və zaman birdir.
Nyutonun sözlərinə görə, cazibə iki obyekt arasındakı kütlənin gizli cazibəsi idi. Böyük obyektlərin cəlbediciliyi kiçik olanlardan daha böyükdür. Eynşteyn bu fikri təşviq etdi və cazibə qüvvəsinin sürətlənmə ilə eyni şey olduğunu göstərdi.
Məsələn, kosmosda tam gücə malik bir raketdə olduğunuzu təsəvvür edin. Raket daim hərəkətdə olduğu üçün oturduğunuz yerdən yapışırsınız və yerdə dayanan hansısa qüvvənin təsirinə məruz qalırsınız. Eynşteynə görə Bu, kütlənin varlığının yaratdığı məkanla zamanın yayılması idi.
Nyuton deyirdi ki, cisimlər hərəkət edir, qüvvələr bir-birini çəkir və dəf edir. lakin zaman və məkan onlardan təsirlənmədən sadəcə olaraq davam edirdi. Məkan və zamanın əbədi olduğu düşünülürdü. Ümumi nisbilik nəzəriyyəsində məkan və zaman dinamikdir. Məkan və zaman təkcə kainatda baş verənlərdəm təsirlənmir, həm də baş verən hər şeyə təsir göstərir. Məkan və zaman anlayışları olmadan kainatda baş verən hadisələrdən ümumiyyətlə danışa bilmərik.
Eynşteynlə birlikdə gələn bu məkan-zaman anlayışı kainat haqqında düşüncəmizdə köklü dəyişikliklərə səbəb olub. Ona görə zamanın başlanğıcı və sonu var idi.
Eynşteynin həll edə bilmədiyi bir böyük problem var: "Nə üçün biz kosmosda istənilən istiqamətə gedə bilirik, amma zamanla yalnız bir istiqamətə?" Məsələn, mən kosmosda istədiyim kimi irəli-geri, sağa-sola, yuxarı-aşağı gedə bilərəm. Buradan qalxıb Laçına, sonra da Şuşaya gedə bilərəm. Düzdü, bu eyni zamanda Azərbaycan ordusunun sayəsindədir. Amma bəs biz niyə bunu zamanda edə bilmirik?
Nə etsək də, keçmiş həmişə arxada qalır. Və biz geriyə dönüb sadəcə həsrətlə baxmaqla kifayətlənirik. Buna "zamanın oxu" deyirlər. Bir stəkan suya bir damla boya düşəndə boya şüşəni dolduracaq. Biz bunun əksini görəcəyimizi düşünmürük. Fizikada bu Termodinamikanın İkinci Qanunu kimi təsvir edilir. Buna görə sistemlər zamanla nizamsızlıq qazanır.
Kainatın ən qədim dövrlərinə qayıtdığımız zaman o, nəinki fərqli, həm də indi olduğundan daha nizamlı görünməlidir. Əvvəllər entropiyanın niyə aşağı olduğunu bilmirik, amma ən azından kainatın başladığı və entropiyanın aşağı olduğu bir nöqtənin olduğunu bilirik. Deməli, zaman oxunun bir istiqamətdə hərəkət etməsinə səbəb olan şey Böyük Partlayışdır.
Yaxşı, əgər zamanın başlanğıcı varsa və nizamsızlıq durmadan artırsa, bu, onun da sonu olacağı anlamına gəlmirmi?
Nəticə etibarilə hər hansı bir dəyişikliyin fərqində olmasaq, zamandan xəbərdar olmağımız da mümkün deyil. Yerin və Ayın hərəkətləri zamanın qavranılmasında mühüm rol oynayır. Boş, ağ, sonsuz otaqda gözləsəydiniz, nə qədər vaxt keçdiyini təxmin etməkdə olduqca çətinlik çəkərdiniz. Müasir elmin bu gün bizə göstərdiyi kimi zaman mütləq deyil, nisbidir. Hərəkət və cazibə qüvvəsi onu bükə bilər. Həm də zaman kainatla birdir.
Eynşteynin məşhur bir sözü var:
“Keçmiş, indi və gələcək arasındakı fərqlərimiz sadəcə bir illüziyadır. Amma bu illüziya çox güclüdür”.
Kamal Hüseynli