Advertisment

Stoltenberq Almaniyanın "Leopard"ları Ukraynaya tez bir zamanda göndərəcəyinə inanır

NATO Baş katibi "Leopard" tanklarının Ukraynaya göndərilməsi ilə bağlı məsələnin tezliklə həll olunacağına inanır.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq Almaniya müdafiə naziri Boris Pistoriusla birgə Berlində keçirdiyi mətbuat konfransında deyib.

NATO Baş katibi bildirib ki, Avropa tammiqyaslı müharibə ilə üzləşib: “Avropanın təhlükəsizliyinə ən böyük təhlükə yaranıb və buna görə də Almaniyanın liderliyi həmişəkindən daha vacibdir”.

NATO Baş katibi qeyd edib ki, Ukrayna hərbi qüvvələrinin cəsarəti bütün dünyanı ilhamlandırıb, lakin bununla belə, Rusiyanın hərbi gücünü yanlış qiymətləndirmək olmaz: “Rusiya səfərbərlik elan etdi, 300 minlik ordu səfərbər etdi. Putin rejimi İran və Şimali Koreya kimi avtoritar rejimlərdən silah alır. Rusiya yeni hücumlara hazırlaşır.

Sülh üçün yeganə yol odur ki, biz Rusiyanın döyüş meydanında qalib gəlməyəcəyinə əmin olaq. Ona görə də Ukraynaya hərbi yardımı artırmalı və sürətləndirməliyik. Ukraynaya ağır silahlar, daha üstün sistemlərlə yardım etməliyik ki, təkcə özünü müdafiə etməsin, həmçinin öz torpaqlarını da azad etsin”.

NATO Baş katibi əlavə edib ki, bir sıra ölkələr Ukraynaya yeni hərbi yardım paketi elan edib.

“Sizin, Almaniyanın göndərdiyi hərbi yardım Ukraynada insanların həyatını xilas edir”, - o əlavə edib.

Stoltenberq deyib ki, indi müharibənin vacib mərhələsidir, ona görə də müttəfiqlər Ukraynaya daha çox hərbi yardım etməlidir və bu sürətlə həyata keçirilməlidir:

“Mən döyüş tanklarının göndərilməsi ilə bağlı məsələnin tezliklə həll olunacağına ümid edirəm. Döyüş tankları hazırda çox vacibdir”.

APA