Advertisment

Azərbaycandan BMT-yə kəskin ETİRAZ

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı ofisinin rəhbəri bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına dəvət olunub və ona təşkilat tərəfindən yanvarın 24-də Laçın yolundakı vəziyyətə dair verilmiş qərəzli, həqiqətə uyğun olmayan bəyanatla bağlı narahatlıq çatdırılıb.

Azərbaycan tərəfi vurğulayıb ki, ərazilərimizin işğal altında olduğu vaxtlarda müxtəlif BMT təşkilatları Azərbaycanın qaldırdığı legitim məsələlərə cavab olaraq “Biz humanitar təşkilatlarıq, siyasi məsələlərə qarışmırıq” deyib yaxalarını kənara çəkirdilər. Lakin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra indi eyni təşkilatlar nədənsə humanitar təşkilat olduqlarını unuduraq siyasi məsələlərlə məşğul olurlar. Bu xüsusda mandatı cinsi və reproduktiv sağlamlıq, doğum kimi məsələlərdən ibarət olan UNFPA-nın belə “siyasi fəallığı” anlaşılmaz və qəbuledilməzdir.

Daha bir məlumata görə, Ermənistan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə BMT missiyasının göndərilməsi, eləcə də müxtəlif BMT təşkilatlarının humanitar yardım göstərməsi istiqamətində cəhdlərini artırıb. Məlum olub ki, bəzi BMT təşkilatları Azərbaycan tərəfi ilə heç məsləhətləşmədən hətta bu istiqamətdə müzakirələr aparırlar.

Bu xüsusda UNFPA-nın Azərbaycandakı ofisinin rəhbərinin nəzərinə çatdırılıb ki, Ermənistan və onun havadarları ölkəmizə qarşı həyata keçirdikləri çirkin qarayaxma kampaniyasında BMT-ni siyasi alətə çevirməyə çalışırlar. Ermənistan və onun havadarlarının məqsədi humanitar ad altında Azərbaycanın suveren ərazilərinə daxil olmaq və orada siyasi oyunbazlıqla məşğul olmaqdır. BMT isə öz növbəsində bu kimi çirkin oyunların qurbanına çevrilməməli, öz müstəqilliyini, qərəzsizliyini qorumalı və ölkələrə münasibətdə nümayiş etdirdiyi ikili standartlara və selektiv yanaşmaya son qoymalıdır.

Azərbaycan tərəfi vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə BMT-nin heç bir rolunu görmür və suveren ərazilərimizə BMT missiyasının göndərilməsinə və ya müxtəlif təşkilatların humanitar yardım adı altında fəaliyyətinə imkan verməyəcək.

Məlumata görə, UNFPA rəsmisi Azərbaycanın narahatlığının aidiyyəti üzrə çatdırılacağını bildirib. 

APA