Qolu sındırılmış Babək.
Yurdu yandırılmış Babək.
Qan rəngli bir arabada
Şərq boyda bir xarabada
Söyə-söyə,
Döyə-döyə,
Hamıya görk olsun deyə
Kənd-kənd gəzdirilən Babək,
Ölübən-dirilən Babək;
Qollarını görməyəndə
Azca rahat olan Babək.
(Əli Kərim)
“Qafqazın ən hündür heykəllərdən biri olacaq” deyirdilər, amma Qafqazın ən bəxtsiz heykəli oldu. Sərəncamının icrası yarımçıq qaldığı gündən o qurum atdı bunun üstünə, bu qurum atdı o birinin üstünə. Düz 12 ildir, bəxti açılmayan və müəllifi yaratdığı abidəni görmədən dünyadan köçən Azərbaycan sərkərdəsi Babəkin heykəlindən danışırıq.
Yəqin ki, Babək prospektində qoyulan postamenti hamınız görümüsünüz. Görməmək mümkün deyil. Adamı hələ yüzlərlə metr uzaqdan özünə cəlb edir. Gör postamenti bu əzəmətdə olan abidənin özü nə olar?
Abidənin ucaldılacağı yerə getdik. Heykəlin həmmüəllifi, mərhum Xalq rəssamı Arif Qazıyevin oğlu Samir Qazıyevlə danışdıq. O da bizi abidənin memarı Cəlil Həsənova yönləndirdi.
Amma gəlin əvvəlcə məsələyə lap əzəldən nəzər salaq:
2011-ci ildə Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, paytaxt Bakı şəhərində böyük Azərbaycan sərkərdəsi Babəkin abidəsi ucaldılmalı, Bakı Şəhər İcra Hakimiyyəti abidənin ucaldılması ilə bağlı təkliflərini bir ay müddətində Prezidentə təqdim etməlidir. Amma görünən odur ki, proses hansısa bir yerdə axsayır və bu axsama nəticə etibarilə 3 ilə yaxındır, postamentin bir daş parçasından başqa heç nə ifadə etməməsinə gətirib çıxarır.
Abidənin müəllifi Xalq rəssamı Arif Qazıyev hələ 2020-ci ildə APA-ya müsahibəsində heykəllə bağlı, onun qoyulması prosesi ilə bağlı bir sıra dolaşıq məqamları açıqlamışdı. Arif Qazıyevin dediyinə görə, Babəkin heykəlinin ucaldılması məsələsi hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründən var imiş: “Bu iş hələ Sovetlər zamanında, Heydər Əliyev hakimiyyətdə olduğu vaxt Mədəniyyət Nazirliyi və Bakı Şəhər Soveti tərəfindən mənə həvalə edilmişdi. Sonra Heydər Əliyev Moskvaya getdi, heykəl məsələsinə diqqət edən olmadı və düz 9 il əvvələ qədər uzandı. 9 il əvvəl də Prezident İlham Əliyev Babəkin heykəlinin ucaldılması il bağlı Sərəncam imzaladı. Lakin üstündən bu qədər vaxt keçməsinə baxmayaraq, heykəl ucaldılıb başa çatmayıb”.
Kəsəsi, Qordi düyününə dönmüş Babək düyünü 12 il deyil, hələ bir qədər də irəlidən vardır, demək.
Elə sözügedən müsahibədə abidənin açılışının məhz 2020-ci ildə olacağı da vurğulanırdı. Arif Qazıyevin təqdim etdiyi eskiz qəbul edilmiş, onun gildən hazırlanması prosesi yekunlaşmış və bürüncdən tökülməsi mərhələsinə start verilmişdi. Lakin 2021-ci ildə Arif Qazıyevin vəfat etməsi ilə proses bu günə qədər dondurulub.
Arif Qazıyev müsahibəsində onun təqdim etdiyi eskiz qəbul olunduğunu və heykəlin bürüncdən tökülməsinə başlanıldığını deyirsə, onda belə bir sual yaranır: abidə müəllifi boynuna düşən öhdəliyi tam olaraq yerinə yetiribsə, o zaman onun vəfatı ilə işin dondurulması necə düz mütənasiblik təşkil edə bilər?
Elə bu sualla üz tutduq mərhum heykəltəraş, Xalq rəssamı Arif Qazıyevin oğlu Samir Qazıyevə. Samir Qazıyev APA-ya açıqlamasında bildirib ki, atası vəfat etməmişdən öncə heykəllə bağlı müəllif olaraq bütün prosesi yekunlaşdırıb: “İş heykəltəraş tərəfdən tamamilə hazır formada təhvil verilib və təsdiq olunub. Yerdə qalan məsələ texniki məsələdir. Hansı ki heykəlin bürüncdən tökülməsi prosesinin də yarıdan çoxu başa çatıb, haradasa 55 faizi tökülüb”.
Samir Qazıyevin sözlərinə görə, abidənin hazırlanması prosesində əməyi keçənlərin qonorar məsələsində də problem olub: “Mən sizə onu da deyim ki, müəllif və kombinat işçiləri qonorarını tam ala bilməyib”.
Görünən odur ki, prosesin böyük qismi həyata keçirilib. Abidənin bürüncdən tökülməsi prosesi kombinatda aparılır ki, burada da prosesin yarı hissəsi artıq başa çatıb.
Bu dəfə isə suallarımıza cavabı Azərbaycan Rəssamlar İttifaqının (ARİ) nəzdində İstehsalat Yaradıcılıq Kombinatında axtardıq.
ARİ nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov APA-ya açıqlamasında abidənin bir hissəsinin bürüncdən töküldüyünü təsdiq edib.
“İki ildən çoxdur ki, proses tamamilə dondurulub. Rəhmətlik Arif müəllimin sağlığında abidənin bürüncdən tökülməsinə başlanıldı. Haradasa, 50-55 faizi hissə-hissə bürüncdən tökülüb, amma sonra dayandırılıb. Maliyyə lazımdır. Burada söhbət 5-10 manatdan getmir, burada ciddi maliyyədən söhbət gedir. Onunla da bağlı hələ ki heç bir şey yoxdur”.
Baloğlan müəllimin sözlərinə görə, kombinat işçilərinin də qonorar məsələsində problem olub: “Bizim kombinat işçiləri də lazımi qonorarı almayıb. Pulun bir hissəsini almışıq, o da ki, gördüyümüz işin heç 50 faizi eləmir”.
Direktor onu da qeyd edib ki, onlar sifarişi vasitəçidən alıblar: “Biz hələ işin lap əvvəlindən sifarişi vasitəçi tərəfindən almışdıq. O vasitəçi abidənin memarı Cəlil müəllim idi”.
Biz kombinata gedərək heykəlin hazır olan hissəsi ilə bağlı çəkiliş etmək istəsək də, Baloğlan Hüseynov kombinatdakı vəziyyətin heç də ürəkaçan olmadığını dedi: “Proses dayandırıldı, hazır hissəni də, yəqin ki, indi toz basıb, orada nəyisə çəkməyin mənası yoxdur”.
Abidənin memarı və həm də prosesdə vasitəçi qismində iştirak edən Cəlil Hüseynovla isə bir neçə dəfə əlaqə saxlamağa cəhd etsək də, alınmadı. Cəlil Hüseynov heç bir vəchlə telefonlarımıza cavab vermədi.
Əlimiz hər yerdən üzüləndən sonra Sərəncamda icraçı kimi adı keçməsə də, Mədəniyyət Nazirliyinə pənah apardıq. Nazirlik də bizə elə gözlədiyimiz cavabı verdi: “Görkəmli Azərbaycan sərkərdəsi Babəkin Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı tapşırıqlar verilib. Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2011-ci il tarixli 1704 nömrəli Sərəncamında adı çəkilən səlahiyyətli qurumlarla əlaqə saxlanılması məqsədəmüvafiqdir. Məsələnin icrası Mədəniyyət Nazirliyinin səlahiyyətləri xaricindədir”.
Sərəncamda adıçəkilən səlahiyyətli qurumlardan – Bakı Şəhər İcra Hakimiyyəti və Nazirlər Kabinetindən məsələyə münasibət öyrənmək isə mümkün olmadı.
Nəticə etibarilə, müraciət etdiyimiz qurum və şəxslər sadəcə prosesin dondurulduğunu etiraf edirlər. İşin bundan sonrakı icrası ilə bağlı, atılacaq addımlarla bağlı heç bir fikir yoxdur. Ona görə də, bu gedişlə, görünür, Babək prospektinin qurtaracağındakı o əzəmətli postament yaddaşımıza elə adicə bir daş parçası olaraq həkk olunacaq.
…heykəlini görsəydi, azca rahat olardı Babək.