Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin azalması son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan dənizin səviyyəsinin əsrin sonunadək xeyli dərəcədə enəcəyi iddia olunur.
Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına təsir göstərəcəyi istisna edilmir.
Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Bununla bərabər qeyd edək ki, dünyadakı göl sularının 40 faizidən böyük hissəsi Xəzərdə cəmləşib.
Araşdırmalar göstərir ki, lazımi tədqiqatlar aparılmasa, Xəzər dənizi əsrin sonuna kimi 9-18 metr aşağı düşərək səthinin 25-30%-i itirə bilər. Dəniz səviyyəsinin aşağı düşməsi təkcə qonşu ölkələrin ətraf mühitinə və iqtisadiyyatına deyil, həm də geosiyasi vəziyyətə dağıdıcı təsir göstərəcək.
Mövzu ilə bağlı Modern.az-a açıqlama verən ekoloq Rövşən Abbasov bildirb ki, Xəzər dənizinin səviyyəsi 29 metrə yaxınlaşır, səbəb isə iqlimlə əlaqəlidir:
“Xəzər dənizinə tökülən çayların suyu sürətlə azalır, buxarlanma isə olduğu kimi qalır. Bunun nəticəsində dəniz öz sahəsini sürətlə azaldır. Bu, sahil ərazilərdə daha yaxşı görünür. Azərbaycanda elə ərazilər var ki, orada Xəzər dənizi kilometrlərlə geriyə çəkilib. Bunlar ciddi problemlərdir və gələcəkdə digər kompleks problemlər yaradacaq. Sahil zonasında yerləşən bataqlıqlar, Qızılağac, Ağzıbirçala gölü sürətlə quruyur, bu isə su quşlarının qışlamasına maneədir. Dənizin geriyə çəkilməsi limanlarda gəmilərin hərəkətinə də problem yaradır" - Rövşən Abbasov deyib.
Ekoloq Telman Zeynalov isə mövcud prosesin ölkəmiz üçün təhlükəli olmadığını düşünür. Onun sözlərinə görə, Xəzərdə müşahidə olunan problemlər bir neçə il ərzində öz həllini tapacaq.
"Bəzi yerlərdə sahil ərazilərinin hasara alınmasının dənizin səviyyəsinin düşməsinə heç bir təsiri yoxdur. Bu problem təbii proseslərdən irəli gəlir. Xəzər bu gün quruyur, sabah qalxmağa başlayır. Deyirlər ki, günəş çox qızdırır, buxarlanma gedir. Dənizin hasara alınması həşəratın, heyvanat aləminin gediş-gəlişinə maneə törədir. Ümumilikdə isə 2030-cu ilə yaxın Xəzərdə suyun səviyyəsinin qalxması müşahidə olunacaq”.
Jalə Rövşən