Bir neçə gün əvvəl yazmışdım ki, indi Qarabağ ermənilərinin qarşısında bir sual dayanır: Qarabağda qalıb yaşamaq, yoxsa Qarabağı tərk etmək?
Artıq hamıya bəllidir ki, üçüncü variant yoxdur.
Hər gün informasiya məkanımızda belə xəbərlər yayılır: Bu gün daha N qədər erməni Qarabağı tərk elədi.
İlk baxışda adi bir xəbərdir. Amma Qarabağda qalan ermənilərin sayını nəzərə alsaq hər gün filan qədər erməninin Qarabağı tərk etməsi Qarabağ erməniləri üçün həyəcanlı olmalıdır. Amma bu həyəcanı görmürük.
Bəllidir ki, bu gün Qarabağda gedən proseslər iki qüvvənin qarşıdurması ilə xarakterizə olunur.
BİRİNCİSİ: Ruben Vardanyanın dirijorluğu ilə hərəkət edən və birbaşa Rusiyanın maraqlarını təmin edən qüvvələr.
İKİNCİSİ: Samvel Babayanın rəhbərlik etdiyi və Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarını təmin etməyə çalışan qüvvələr.
Amma Qarabağda ÜÇÜNCÜ bir qüvvə də var. Bu Qarabağ ermənilərinin maraqlarını qorumaq istəyən qüvvələrdir. Ancaq həmin qüvvələr hələ ki, proseslərdən kənarda qalıb.
Birmənalı demək olar ki, bu gün Qarabağda baş verənlər Qarabağ ermənilərinin maraqlarına xidmət etmir. Rusiya ilə Ermənistan hakim elitasının qarşıdurmasında itirən tərəf məhz Qarabağ erməniləridir. Onlar öz EVLƏRİNİ İTİRİRLƏR. Və görünən budur ki, hələ də bunun fərqində deyillər.
Qarabağı ermənilərin tərk etməsi Ermənistan hakim elitası üçün ciddi siyasi problem deyil. Bir erməni kimi onlar bundan ancaq mənəvi əziyyət çəkə bilər.
Qarabağ ermənilərinin başına nə gələcəyi əslində Rusiya üçün də maraqlı deyil. Kremlin bundan mənəvi diskomfort keçirəcəyini də demək olmaz. Amma məntiqlə bu gün Rusiya Qarabağda ermənilərin qalmasında və yaşamasında maraqlı olmalıdır. Çünki Qarabağda ermənilərin varlığı, Rusiya hərbi kontingentinin də Azərbaycan ərazisində mövcudluğunun yeganə səbəbidir. Qarabağda erməni olmayacaqsa Rusiya hərbi kontingenti də olmayacaq.
Bəs Kreml niyə ermənilərin Qarabağı tərk etməsinə barmaqarası yanaşır?
Bunun bir neçə kompleks səbəbi ola bilər:
BİRİNCİ: Kreml hesab edir ki, Qarabağdakı ermənilərin sayı Rusiyanın maraqları baxımından hələ ki, faciəli deyil.
İKİNCİSİ: Qarabağ ermənilərinin sayı hələlik faciəli olmadığı üçün İrəvanda Paşinyan hökumətindən narazıların sayını artırmaq üçün onların axınına göz yummaq olar.
ÜÇÜNCÜSÜ: Rusiya İrəvanda narazı ermənilərin sayını artırmaqla Paşinyanı devirmək planına yenidən qayıtmaq istəyir.
DÖRDÜNCÜSÜ: Rusiya ermənilərin Qarabağı tərk etməsinin qarşısını o vaxt alacaq ki, beynəlxalq birlik rus əsgərini Qarabağ ermənilərini yeganə xilaskarı olduğunu “etiraf edəcək”. Bu halda 2025-dən sonra Qarabağda qalmaq üçün beynəlxalq təminat əldə edilmiş olacaq.
Bütün hallarda Qarabağ erməniləri Kremlin əlində alətdir. Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğu sonsuza qədər deyil. Bu mövcudluğa bir gün son qoyulacaq...
Ona görə də sual açıq qalır: Qarabağ erməniləri Qarabağda yaşamaq, yoxsa evlərini tərk edib getmək istəyir?
Asəf Quliyev