Advertisment

Fatimə RÜSTƏMLİ: “Gənc nəslə diqqəti artırmaqla biz daha çox müvəffəqiyyət əldə edə bilərik”

Bu gün ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlar bütün sahələrdə olduğu kimi gənclərin milli-mənəvi inkişafında öz töhfəsini verir. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqətlə yanaşıb. Məhz Azərbaycanda həyata keçirilən gənclər siyasəti özünün mütərəqqilliyilə fərqlənib. Və bu günə qədər gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər onların inkişafına təkan verib, cəmiyyətdə özlərini təsdiq etmələrində mühüm rol oynayaraq müsbət bəhrəsini verib.

Bu mənada qeyd etmək mütləqdir ki, hər bir uşaq və gəncin cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində bir sıra vacib amillər var ki, onların sırasında mənəvi və fiziki tərbiyə xüsusi diqqət çəkir. Bu istiqamətdə ailə ilə yanaşı, məktəblər də məsuliyyət daşıyır.

210 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Fatimə Rüstəmli bildirir ki, müasir dövrdə hər bir dövlətin əsas siyasətlərindən biri uşaqları və gəncləri yüksək səviyyədə təhsil ilə təmin etməkdən, bu yolda lazımi şəraiti yaratmaqdan ibarətdir: “Çünki hər bir xalqın müqəddəratı uşaq və gənc nəslin inkişafına bağlıdır. Modern dünyamızda ölkələrin gələcəyi isə təhsilin səviyyəsi ilə ölçülür.

Azərbaycanda təhsil sahəsində uğurlu siyasətin formalaşdırılmasını, həyata keçirilməsini ümummilli lider Heydər Əliyevin idarəçiliyində gördük. Həmin dövrdən bu günə ölkəmizdə gənclərimizin milli-mənəvi dəyərlər ruhunda inkişaf etdirilməsi istiqamətində bir sıra proqram və layihələr həyata keçirilib. Bu istiqamətdə təhsil sahəsində müxtəlif fəaliyyətlər görülüb ki, bu da uşaq və gənclərin fiziki və mənəvi inkişafında aydın şəkildə özünü göstərib. Belə ki, minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırılması üçün yeni məktəb binalarının tikintisi və istifadəyə verilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə diqqətin artırılması, gənc istedadların dəstəklənməsi, xaricdə təhsil imkanlarının yaradılması və s. dövlətimizin gənclərimizə olan xüsusi diqqət və qayğısının bariz nümunəsidir”.

Fatimə xanım bu siyasətin ölkə başçısı İlham Əliyev tərəfindən böyük məsuliyyət və qayğı ilə yerinə yetirildiyini qeyd edir: “Bunu cəmiyyətimizin, vətənimizin müdafiəsi kimi  müqəddəs peşəni ləyaqətlə yerinə yetirən Azərbaycan Ordusunun təşkili işində yüksək səviyyədə gördük. İlk növbədə, Azərbaycan Silahlı Qüvvələrinin əksəriyyət hissəsinin məhz gənc nəsildən ibarət olduğunun şahidiyik. Qarabağ arzusu ilə alışıb-yanan xalqımızın doğma yurd həsrətinə gənclərimizin şücaəti, qəhrəmanlığı, qanı, canı bahasına son qoyuldu.  Azərbaycan gənclərinin gücünə, birliyinə, vətənə bağlılıq və sədaqətinə ll Qarabağ müharibəsində bütün dünya şahid oldu. Məhz bu da bir başa onu göstərir ki, Azərbaycan gəncliyi fiziki və mənəvi inkişaf baxımından öncül sıralarda addımlayır”.

Təhsildə əsas məqsəd yüksək əxlaqi keyfiyyətə malik vətəndaş yetişdirməkdir. L.N.Tolstoy mənəvi tərbiyəni yüksək dəyərləndirərək deyirdi ki, insanın bilməli olduğu bütün elmlərdən ən mühümü necə yaşamaq, mümkün qədər az pislik etmək və mümkün qədər yaxşılıq etmək elmidir. Məhz müəllimin bu işdə üzərində böyuk məsuliyyəti var. Fatimə xanım bildirir ki, hər bir uşaq fərd olaraq doğulur, şəxsiyyət olaraq yetişdirirlir. Yetişdirmə prosesi isə ilk olaraq uşağın ailəsi ilə bağlıdır: “Yaşadığı mühit, ünsiyyətdə olduğu şəxslər, təlim-tərbiyə aldığı pedaqoqlar ailə sistemindəki tərbiyədən sonrakı proseslərə aid edilir. Təlim-tərbiyə insan psixologiyasını formalaşdıran mühüm amil olduğundan onu düzgün yönəltmək lazımdır. Uşaqlarda insanı, təbiəti, ana vətəni sevmək birdən-birə yaranmır. Bunlar kiçik yaşlardan ailədə və məktəbdə tərbiyə vasitəsilə məqsədəuyğun şəkildə hər gün öyrədilir. Uşaqların dünyagörüşləri, qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti eyni deyil. Ona görə də bu istiqamətdə ailədən sonra ən böyük məsuliyyət məktəbdə müəllimlərin üzərinə düşür. Müəllim öz işində peşəkar olmaqla yanaşı, uşaq psixologiyasına da bələd olmalıdır. Müasir dövrün tələbləri bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət qoyur. Biz hər bir insana kiçik yaşlarından vətənə və əməyə məhəbbət, yaşlılara hörmət, yoldaşlıq və kollektivçilik, davranış mədəniyyəti, gözəllik hissi aşılamalı, onlarda biliyə maraq və dərketmə qabliyyəti, müstəqillik və intizam kimi yüksək əxlaqi keyfiyyətləri inkişaf etdirməliyik. Tərbiyəni müəllim dərsdə və ya dərsdənkənar məşğələdə verməlidir. Burada hər şey müəllimdən, onun peşəsini sevməsindən, məqsədinin nə olduğunu başa düşməsindən, çətin tapşırıqları həll etmə bacarığından asılıdır. Bu iş müəllimdən dərin və hərtərəfli bilik, nəzakət, dərindən mühakimə yürütmək bacarığı tələb edir. Bu məktəb islahatının prioritet istiqamətlərindəndir. Bu baxımdan təhsilin humanistləşdirilməsi bu gün xüsusi əhəmiyyət kəsb edir. Və fikrimcə böyüyən gənc nəslə diqqəti artırmaqla biz daha çox müvəffəqiyyət əldə edə bilərik”.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzi hallarda gənclərimizin tərbiyəsində biz mənfi hallarla da rastlaşmaq məcburiyyətində qalırıq. Gənclərin mənəvi-əxlaqi tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında müəllimin rolu danılmazdır. Çünki bəzi hallarda nə qədər normal bir ailə olsa da əfsuslar olsun ki, uşağa tərbiyə məsələsində yetərli nətcəni göstərmək iqtidarında olmurlar. O zaman məktəb də öz təsirini mütləq göstərməlidir. Bu halda müəllim şəxsi keyfiyyətləri ilə də şagirdə örnək olmalıdır. K.D.Uşinski yazırdı ki: “Müəllim şəxsiyyətinin gənc ruha təsiri elə tərbiyəvi qüvvədir ki, onu nə dərslik, nə əxlaq normaları, nə də cəza və makafatlar sistemi əvəz edə bilməz”. Təbii ki, valideyn də öz məsuliyyətini anlamalıdır. Övladının düzgün tərbiyədə yetişməyini istəyirsə, o zaman müəllimlə birgə çalışmalıdır. Hər bir valideynin də vəzifəsinin nədən ibarət olduğunu bilmək vacib şərtlərdəndir. Bu işdə müəllimə yardımçı olarsa, nəticədə layiqli vətəndaş yetişdirdiyini görmüş olacaq.

Fatimə xanım deyir ki, tərbiyə və təhsil işi həmişə yüngül şəraitdə getmir. Belə bir hal bütün dünyada mövcuddur: “Yarımçıq ailələr, iqtisadi, ekoloji problemlər, hüquq pozuntuları, cinayətkarlıq fövqalədə situasiya yaradır. Gənclər və yeniyetmələr arasında oğurluq, bullinq, dalaşma, tüfeylilik, intihar, narkomaniya, alkoqolizm halları ilə tez-tez qarşılaşırıq. Gənclərimiz bir çox cinayəti böyüklərin təsiri altında edirlər. Ancaq bilmək lazımdır ki, bu cür taleli yeniyetmələr təkcə valideynləri tüfeyli həyat sürən və ya boşanmış ailələrdə meydana gəlmir. Çox təəssüflər ki, biz bunun əksinin şahidi oluruq. Belə ki, ictimai vəziyyəti pis olmayan ailələrin başçıları iş yerlərində özlərini yaxşı göstərirlər. Ancaq onlar səhərdən-axşamadək işlə məşğul olduqlarından bəzən uşaqlarına nəzarəti unudurlar. Valideynləri ola-ola uşaqlar bir növ yetim qalırlar. Nəticədə yaxşı işləyən valdeyn bəzən yaxşı valideyn olmaq imkanını itirir. Bir növ özü də hiss etmədən bundan kənarda qalmaq məcburiyyətində olur. Nəticədə əqli, fiziki cəhətdən formalaşmamış bəzi yeniyetmələr cinayətkar ünsürlərin təsiri altına düşərək pis vərdişlərə daha çox meyllənirlər.

Unutmaq olmaz ki, uşaqların, yeniyetmələrin tərbiyəsində ailə ilə məktəb birgə iş aparmalıdır. Hər bir valideyn bilməlidir ki, onun böyütdüyü uşaq təkcə özü üçün yox, vətən, xalq üçün gərəkli olmalıdır. Buna görə də valideynlər uşaqlarına müntəzəm nəzarət etməli, onların əyləncəsi, kiminlə oturub-durmaları ilə yaxından maraqlanmalıdırlar. Düşünürəm ki, belə valideynlər mütləq maarifləndirilməlidirlər. Fəaliyyətlərində uğur əldə etdikləri kimi, valideyn adının məsuliyyətini də dərk edib bu yöndə də müsbət nəticələr əldə etməli olduqlarını anlamalıdırlar. Onlar mütləq şəkildə bilməlidirlər ki, bu dövlətə öz istedadları ilə yanaşı, layiqli vətəndaş yetişdirmək də ən ümdə vəzifələrindəndir, hətta deyərdim ən başlıca vəzifələrindəndir”.

Fatimə xanım söhbət zamanı bildirdi ki, bu gün məktəblərə nəzarətdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə paralel olaraq Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və digər qurumların dəstəyi də danılmazdır: “Gənclər və İdman Nazirliyinin uşaq və gənclərimizin inkişafında və uğurlar əldə etməsində rolu təqdirəlayiqdir. Bu sahədə həyata keçirilən siyasət uzun illər ərzində Azərbaycanda sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, yeni idmançı nəslinin formalaşdırılmasını təmin edir. Ötən illər ərzində dövlət başçısının rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət və planlı şəkildə həyata keçirilən işlər Azərbaycanı dünyanın inkişaf etmiş idman ölkələrindən birinə çevirib. İdman ölkəsi sözlərinin arxasında inkişaf etmiş dövlət, idman sahəsində birləşən böyük potensiala malik fiziki və mənəvi cəhətdən sağlam yeniyetmə və gənclər ordusu  dayanır. Bu da Azərbaycanda idmanın inkişafının dövlət tərəfindən dəstəkləndiyini və məhz dövlət tərəfindən həyata keçirilən siyasət nəticəsində belə müasir bazanın yaradıldığını təsdiqləmiş olur”.

Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Onların savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün çox vacibdir. Bu səbəbdən də çalışaq parlaq gələcək naminə məhz parlaq gələcəyə sahib ola biləcək gənclər yetişdirək. 

Elnurə İSAXAN

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə

“Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə dərc olunub