Azərbaycan xalqı tarixən qədim və zəngin mədəniyyətə malik olub. Ölkəmizə qonaq gələn əcnəbilər də bu fikirləri etiraf edib və xalqımızın yaratdığı maddi-mənəvi mədəniyyət nümunələrinə öz heyranlıqlarını bildiriblər. Hətta Azərbaycanın bir çox mədəniyyət nümunələri hazırda dünya muzeylərində nümayiş olunur. Ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu deyən dahi şəxsiyyət Heydər Əliyev çıxışlarının birində qeyd etmişdir: “Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.
Milli mədəniyyət tarixinin araşdırılması, təşəkkülü və təbliği ulu öndər Heydər Əliyevin fəaliyyətində önəmli yer tuturdu. Azərbaycan müstəqillik qazandıqdan sonra bütün sahələrdə olduğu kimi mədəniyyətimizin də böyük çətinliklər qarşısında olduğu hər kəsə məlumdur. Ümummilli Lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan mədəniyyətinin tərəqqisinə yeni təkan verməklə bu sahənin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. “Xalq bir çox xüsusiyyətlərilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir” – deyən Ulu Öndər mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışıb. Və məhz dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyilə mədəniyyətimizin inkişafı və etibarlı gələcəyi təmin edilib. Bir sözlə, müdrik dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycanın mədəniyyət siyasətinin bünövrəsini qoyaraq onun zənginləşməsi, maarifçilik yolu ilə təbliğ olunmasının istiqamətlərini müəyyənləşdirib. Onun uzaqgörənliyi, mükəmməl bilik və bacarığı mədəniyyət sahəsində dərin və silinməz bir iz qoyub.
Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə mədəniyyət siyasətinə uyğun olaraq mühüm əhəmiyyətli işlər görülüb ki, onlar arasında ilk növbədə, hüquqi cəhətdən mükəmməl, dünya standartlarını və milli özəllikləri nəzərə alan qanunların hazırlanmasını qeyd etmək lazımdır. Onlar “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Muzeylər haqqında” və digər qanunlar daxil olmaqla Milli Məclisdə qəbul edilmiş və ölkə Prezidenti tərəfindən imzalanmışdır. Həmçinin mədəniyyət sahəsinin inkişafına təkan verən, mədəniyyət siyasətinin icrasını təmin edən müvafiq dövlət proqramları qəbul edilib.
Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” konvensiyalara da qoşulub. 1997-ci ildə Mədəniyyət haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra Azərbaycan Avropa Şurasının Mədəniyyət Siyasəti üzrə Departamenti ilə də yaxından əməkdaşlıq edib.
Ümummilli Liderin dəstəyi və təşəbbüsü ilə mədəniyyətimizin beynəlxalq aləmdə tanıdılması istiqamətində də bir sıra addımlar atılıb. Mədəni irsimizin, görkəmli ədiblərin, mədəniyyət xadimlərinin yubileylərinin xarici ölkələrdə nüfuzlu təşkilatlarda qeyd olunması bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. Bu istiqamətdə görülən işlər arasında dünyanın ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Ölkəmizin UNESCO ilə əlaqələri bu günədək mühüm inkişaf yolu keçərək mədəni irsimizin tanıdılması və təbliğində önəmli tədbirlər həyata keçirilib. Bu baxımdan dahi şair Məhəmməd Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESCO-da qeyd olunması, həmçinin İçərişəhərin Qız qalası və Şirvanşahlar Saray Kompleksi ilə birlikdə Dünya İrs siyahısına daxil edilməsini qeyd etmək olar. Bu isə ölkəmizin dünyada artan nüfuzunun təsdiqi kimi qiymətləndirilir.
Əsası müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər daha geniş miqyasda həyata keçirilməkdədir. Cənab Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra mədəniyyət sahəsində də əsaslı islahatları sürətləndirdi. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan dövlət proqramları, həmçinin dövlət başçısının mədəniyyət sahəsinin inkişafı ilə bağlı sərəncamları bu sahənin inkişafı, tanıdılması istiqamətində mühüm addımlar atıldığını bir daha təsdiqləmiş olur.
Görülən tədbirlərin nəticəsi olaraq Azərbaycan incəsənəti ölkəmizi dünya miqyasında geniş şəkildə tanıtmaqda davam edir. Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Bu mənada görkəmli sənət adamlarının – şairlərimizin, bəstəkarlarımızın, elm xadimlərimizin yubileylərinin UNESCO səviyyəsində keçirilməsi deyilənləri bir daha təsdiqləyir. Həmçinin Fondun dəstəyilə xarici ölkələrdə Azərbaycan incəsənət nümayəndələrinin sərgiləri keçirilir, milli mədəniyyətimizn nümunələri müxtəlif tədbirlərdə, konsertlərdə və beynəlxalq sərgilərdə nümayiş etdirlir. Belə tədbirlər sırasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təmsil olunan 2017-ci ildə keçirilən 57-ci Beynəlxalq İncəsənət Sərgisi – Venesiya Biennalesində Azərbaycan pavilyonunu qeyd etmək olar. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səmərəli fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın muğam və aşıq sənəti, eləcə də xalçası və tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Artıq görülən tədbirlərin nəticəsi olaraq UNESCO və İSESCO kimi mötəbər beynəlxalq təşkilatlar Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır.
Cənab Prezident İlham Əliyev ölkəmizin UNESCO ilə münasibətlərinə böyük önəm verir. Və bu əməkdaşlıq uğurla davam etdirilməkdədir. Qobustan qayaüstü rəsmlərinin, sonralar qeyri-maddi mədəni irsimizin 13 nümunəsinin UNESCO siyahılarında yer alması bunun bariz göstəricisidir. Eyni zamanda UNESCO-nun ən mötəbər tədbirlərindən olan Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ölkəmizin evsahibliyi etməsi də bizə olan yüksək etimadın nəticəsidir. Xatırladaq ki, həmin sessiyada Şəki şəhəri tarixi mərkəzi olan Xan Sarayı ilə birlikdə bu siyahıya salındı. Əlbəttə ki, bu əlamətdar hadisə də UNESCO ilə əməkdaşlığın daha bir müsbət göstəricisi idi.
Bu gün ölkəmizdə Heydər Əliyev Fondunun mədəniyyətlə bağlı həyata keçirdiyi tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsi isə mədəniyyətimizin xüsusi diqqətdə saxlandığını bir daha təsdiqləmiş oldu. Və 2009-cu idə Bakı İslam Mədəniyyətinin paytaxtı kimi bir sıra tədbirlərin məkanına çevrildi. Bundan sonra Azərbaycan mədəniyyətinin İslam dünyasına inteqrsiyasıında, mədəniyyətlərarasə dialoqun genişləndirilməsində əhəmiyyətli rol oynadı.
Beləliklə, mədəniyyət sahəsində həyata keçirilən siyasətin mühüm tərkib hissəsi mədəniyyətimizin beynəlxalq miqyasda təbliğidir ki, bu istiqamətdə görülən tədbirlər hər zaman diqqəti çəkib. Ölkəmizdə keçirilən Beynəlxalq Muğam festivalı, Qəbələ Musiqi festivalı, Rostropoviç, Qara Qarayev, Üzeyir Hacıbəylinin adını daşıyan festivallar rəğbətlə qarşılanır və ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Fondun təşəbbüsü ilə Fransanın Mejev şəhərində, Afinada, Hannoverdə və digər məkanlarda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi, bundan başqa Parisdə Reza Deqatinin Azərbaycana həsr olunmuş fotosərgisinin açılışı və s. Azərbaycan milli dəyərlərinin, tarixi irsinin təbliğində mühüm əhəmiyyət daşıyır. Bu kimi tədbirlərin siyahısını daha da genişləndirmək olar. Bu da ölkəmizin zəngin mədəniyyətə malik olmasından irəli gəlir. Bu günlərdə Qətər dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın gözəlliklər diyarı Şuşa şəhərinin 2024-cü il üçün İSESCO-nun “İslam dünyasının mədəniyyət paytaxtı” proqramı üzrə namizədliyinin irəli sürülməsi və konfrans iştirakçılarının yekdil qərarı ilə Qarabağımızın incisi olan Şuşa şəhərinin “2024-cü il islam dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi hər birimizin qəlbində xoş hisslər yaratdı. Bununla da ölkəmizə olan yüksək dəyərin bir daha şahidi olduq. Bu isə hər birimizdə ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil etməyimizdə qarşımıza ən önəmli vəzifə qoyur. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı fəaliyyəti boyunca üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə biləcək.
Elnurə İSAXAN
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə
“Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub