Advertisment

Ağlama, ŞƏHİD ANASI

Torpaq, vətən uğrunda şəhid olan qəhrəmanlarımızı bu gün xatırlamaq mənəvi borcumuzdur. Vətən uğrunda şəhid olan hər bir qəhrəman ömrü qızıl hərflərlə yazılan bir tarixdir.

Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub parlaq gələcəyimizə boylanan azadlıq pöhrələri, ucalığa can atan könül dünyamızdır. Heç düşünmədən ömürlərini vətənə bağlayan igid oğullardır. Böyük arzularla yaşayan qəhrəmanlarımız vətənin azadlığı uğrunda sona qədər əzmlə, yorulmadan irəliləyirlər.

Heç kim anadan qəhrəman doğulmur. Onu göz açdığı mühit, yaşadığı zaman, ətrafında baş verən hadisələr formalaşdırır. Vətən müharibəsi qəhrəmanı Rəşad Ələkbərovun da yaşadıqları, gördükləri, öyrəndikləri əsl vətənpərvər ruhda böyüməsində kömək olur. Onun üçün həyatda bir amal var idi. Vətənpərvər, mərd, igid bir insan olub, həyatda şərəfli ömür sürmək. Vətəninə, elinə-obasına bağlı bir insan olub. Tovuz hadisələri başlayanda Rəşad buna biganə qala bilmir. Vətənpərvər Azərbaycan övladı minlərlə gənclə birgə komissarlığa gedib qeydiyyatdan keçir. Hər gün cəbhəyə çağırılacağı anı səbirsizliklə gözləyir. Mərdlik, igidlik sanki onunla birgə doğulmuşdu. Düşmənin məkrli niyyətləri Rəşadın qəlbində kini, nifrəti o qədər alovlandırmışdı, bu atəşi yalnız düşməni məhv etməklə söndürə bilərdi. Rəşadda bu hisslərin baş qaldırması da təsadüfdən yaranmamışdı. Qəhrəmanım vətənpərvər, mərd, I Qarabağ savaşının iştirakçılarından olan Nailə Ələkbərovanın övladıdır. Nailə xanım “Gəncə” alayının tərkibində 1992-1993-cü illədə Tərtər və Ağdərə cəbhəsində döyüşüb. Birinci Qarabağ Müharibəsi veteranı Nailə xanım övladını tək böyüdüb. Anasının fədakarlığı, mərdliyi, cəsarəti Rəşadın xarakterinin formalaşmasında özünü göstərib. Rəşadı yaxından tanımasam da qəhrəman ananın söylədikləri onun necə bir oğul olduğunu öyrənməyimə səbəb oldu. Cəsur qardaşımızın həyat hekayəsini Nailə xanımla birlikdə vərəqləməyə çalışdım. Çətin də olsa bir şəhidin yoluna yenidən işıq salmaq fəxr idi mənim üçün.

Ələkbərov Rəşad İlqar oğlu 1997-ci il sentyabrın 15-də Gəncə şəhərində anadan olub. Burada 44 saylı orta məktəbi 9-cu sinfə qədər oxuduqdan sonra 3 saylı peşə məktəbində mühasibatlıq oxuyur. 2016-cı ildə hərbi xidmətə çağırılır. Ağcabədidə hərbi xidmətə başlayan Rəşad Füzulidə hərbi qulluğunu başa vurur. Ailənin tək övladı olan Rəşadı anası çətinliklə böyüdür. Nailə xanım deyir ki, oğlum heç bir zaman məni incitməyib: “Rəşad mənim tək varlığım, yaşama səbəbim olub. Ağıllı, fədakar, qayğıkeş oğul idi. Çalışırdı, mən çox əziyyət çəkməyim. Həssas, mehriban uşaq idi. Alış-veriş edən zaman ürəyindən keçən olsa belə, onu hiss elətdirməzdi. Rəşadla birgə çətin günlərimiz də, yaxşı günlərimiz də olub. Amma bir gün də olsun məni tək qoymazdı. Qəlbimə dəyməzdi qətiyyən”.

Müharibənin acı fəlakəti bu ananın da gülüşünü, xoşbəxtliyini əlindən alıb qəmi, kədəri ona yoldaş edib. 44 günlük Vətən müharibəsi başlayanda Rəşad da torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qalxır. Cəsur qardaşımızın döyüş yolu Füzulidən başlayır. İgid döyüşçümüz Füzuli, Hadrut, Daşaltı və Şuşanın işğaldan azad olunması uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıqla vuruşur. Nailə xanım deyir, oğlum ilk gündən ön cəbhədə, düşmənlə qaynar döyüş nöqtələrində vuruşub: “Müharibə başlayanda böyük ruh yüksəkliyilə döyüşə getdi. Evə gələndə dedi ki, döyüşə gedirəm. Özlüyümdə çox narahat oldum. Özüm müharibə iştirakçısı olsam da, oğlumun getməyinə razı deyildim. Amma bunu dilə gətirə də bilmədim. Gözlərim doldu. Məni bu vəziyyətdə görüb dedi ki, narahat olma. Hər şey yaxşı olacaq. Tezliklə torpaqlarımızı azad edib sağ-salamat qayıdacam. Arada mənimlə əlaqə saxlayırdı. Hər dəfə mənə təsəlli verib narahat olmamağı deyirdi. Gəncəyə raket atılanda mənə zəng vurmuşdu. Çox narahat idi. “Ana, necəsən, salamatlıqdır” – deyə, soruşdu. Dedim, ay bala, qorxma, mənə heç nə olmaz. Təki sən yaxşı ol. Hər zəngində məni sakitləşdirib deyirdi ki, burda vəziyyət yaxşıdır. Torpaqlarımızı ala-ala irəliləyirik. Tezliklə bütün torpaqlar azad olunacaq. Oğlumla son danışığımız noyabrın 7-də oldu. Səhər tezdən zəng vurmuşdu. Əhvalımı soruşdu. Dedi ki, ola bilər zəng çatmaz, səninlə danışa bilmərəm. Narahat olma, özüm sənə zəng vuracam”.

İki gün övladından xəbər ala bilməyən ana çox narahat olur. Tez-tez yuxularını qarışdırır: “Yuxumda gördüm ki, Rəşad deyir, ayağım ağrıyır. Soruşdum, Rəşad, ayaqına nəsə olub? “Yox, hecnə olmayıb” – dedi. Noyabrın 8-də artıq Şuşada olublar. Həmin gün balama hecnə olmayıb. Hətta mənə zəhg edib, şəbəkə olmadığıdan alınmayıb”.

Şuşa uğrunda gedən qanlı döyüşlərdə qəhrəman vətən oğulları doğma diyarımızı azad edir. Noyabrın 9-da Rəşadgil Xankəndi istiqamətində vuruşurlar və elə həmin gün cəsur döyüşçümüz şəhadətə ucalır. Nailə xanım deyir, qəlpə ayağının şah damarını topuqdan kəsir. Rəşadın ayağından yaralanmasını öncədən yuxusunda görür Nailə xanım. Bu, onu daha da narahat edir. Deyir, bunları xatırladıqca qəlbim göynəyir. Bu gün də Rəşadın doğmaları belə vətənpərvər, mərd oğul itirməklərilə barışa bilmirlər. Anası Nailə xanım deyir, oğlum mərd, cəsur oğul idi. Vətəni naminə canını fəda etdi. Oğlu ilə qürur duyan ana da: “Vətən sağ olsun” – deyir. “Rəşad yolunda canını qurban etdiyi vətən torpaqlarının azadlığı naminə şəhid oldu. Oğlum cəsurluğu, qəhrəmanlığı, igidliyilə hamının hörmətini qazanıb. Əsl vətənpərvər, qorxmaz, mərd bir insan kimi böyümüşdü. Gözlərim yoldadır... Elə bilirəm, qapı açılacaq, oğlum indi içəri girəcək... Evdən son çıxışı gözümün önündən bir an da olsun getmir... Baxıram, hey baxıram, oğlumun çıxdığı qapıya... Nəyə təsəlli edim hərdən onu da bilmirəm”.

Ana bir oğul böyütdü, vətənpərvər, mərd, igid, qorxmaz. Ana bir oğul böyütdü, qayğıkeş, mehriban, gülərüz. Ona sığındı, ondan güc aldı. Onunla qürurlandı, onunla fəxr etdi. Gözəl, ağsaçlı, mərd anam, indi tək sən yox, bütöv Azərbaycan Rəşadınla qürur duyur. Onun vətənpərvərliyi, cəsurluğu, qəhrəmanlığı hər kəsə bir örnəkdir. Sən bundan təsəlli al, sən bundan qürur duy.

Ağlama şəhid anası, başını dik tut. Sən ağlama ki, balanın da ruhu rahat olsun...

Elnurə İSAXAN

Herbiand.az