Advertisment

Nə biləydilər ki, bir gün hər şey yarıda qalacaq

“Vətəni sevmək Allaha imandandır” – deyilir. Qəlbində imanı olan hər kəsin vətəninə və xalqına olan sevgisi şübhəsizdir. Müqəddəs dinimiz də vətən sevgisini hər kəsin vətəndaşlıq borcu hesab edir. Çünki bu sevgi mənəvi bağlılıqdır. Bu sevgi hamını bir amal uğrunda birləşdirir, doğmalaşdırır. Dinimizdə vətənini sevən şəxs “kərim”, yəni şərəfli, ləyaqətli, alicənab adlandırılır. Hz.Əli buyurur ki, vətəni sevmək insanın kərəminin nişanəsidir. Yəni vətən sevgisi ən ülvi və pak duyğulardandır.

Zaman-zaman qəhrəman oğullarımız vətənə olan sonsuz sevgilərindən onu qorumağı özlərinə borc bilib, qorxmaz müdafiəçilərinə çevriliblər. 44 günlük Vətən müharibəsində neçə-neçə igid oğullarımız torpaq uğrunda haqq savaşının iştirakçısı, şəhid və qazi olublar. Torpaqlarımız uğrunda qəhrəmanlıqla döyüşüb can qoyan mərd oğullarımızı tanıtmaq, onların əziz xatirəsini yad etmək qəlbi vətənlə döyünən hər bir vətəndaşın müqəddəs borcudur.

Vətən uğrunda şəhadətə yüksələnlər bizim qürurumuz, tariximiz və qələbəmizi yazan fəxrimizdilər. Onların döyüş yolu, göstərdikləri şücaət hər bir gəncə örnəkdir.

İntiqam Abbasov da vətən naminə canını fəda edən qəhrəmanlarımızdandır. Bu gün İntiqamın həyat hekayəsinə işıq salıb onu sizlərə tanıdacam.

Baş gizir Abbasov İntiqam Yavər oğlu 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində dünyaya göz açıb. 1985-1995-ci illərdə S.Rəhimov adına Masallı rayon Köcəkli kənd tam orta məktəbində təhsil alıb. 1996-cı ilin 12 oktyabrında hərbi xidmətə başlayıb, 1999-cu il mayın 12-də hərbi xidmətini başa vurub.

Uşaqlıqdan hərbçi peşəsinə böyük marağı olan İntiqamın yolu bu sahəyə yönəlir. Hərbi xidməti başa vurduqdan sonra uşaqlıq xəyallarını gerçəkləşdirərək 2000-2001-ci illərdə “PDM-2” ixtisası üzrə gizirlik kursunda təhsil alır. 2001-ci il martın 14-də “N” saylı hərbi hissənin tağım komandiri kimi gizir rütbəsində xidmət etməyə başlayır. 2014-cü il martın 8-dən “PDM-3” komandiri, həmin il sentyabrın 27-dən “ZTR-82A” komandiri vəzifəsində xidmət edir. Cəsur hərbçimiz 2016-cı ildə Aprel döyüşlərində qəhrəmanlıqla vuruşur. 2017-ci ildə baş gizir rütbəsi alır.

İntiqam torpağına, yurduna, vətəninə qırılmaz tellərlə bağlı vətəndaş, mərd və cəsur hərbi qulluqçu idi. Vətən müharibəsi başlayanda tankçı olaraq Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşur. Təəssüflər olsun ki, igid döyüşçümüz namərd düşmənin hədəfi olur. Vətənin müdafiəsi uğrunda döyüşlərə atılan qəhrəmanım sentyabrın 29-da şəhidlik zirvəsinə ucalır. Qəhrəman hərbçimiz “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”, II dərəcəli “Qüsursuz xidmətə görə”, ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Bu, əsl vətənpərvər Azərbaycan oğluna verilən yüksək dəyərin göstəricisi idi. Cəsur döyüşçümüz bacarığı, əzmkarlığı, cəsarəti ilə hər kəsin qəlbinə yol tapmışdı. Həyat yoldaşı Sifayə xanımla valideynlərinin məsləhəti və xeyir-duası ilə ailə qurmuşdular. Sifayə xanım deyir, bu məhəbbət əvvəl təktərəfli olsa da, bir müddət sonra böyük qarşılıqlı sevgiyə və dərin hörmətə çevrilir. Bu isə İntiqamın qayğıkeş, mehriban, xoşrəftar olmağından irəl gəlir: “İntiqam çox ailəcanlı idi. Mənə qarşı həmişə qayğı və nəvazişlə davranırdı. Qızımızın arxa-dayağı, oğlumuzun isə ən yaxın dostu idi İntiqam. Övlada, həyat yoldaşına, ataya ən yaxşı hansı keyfiyyətlər xasdırsa, bu keyfiyyətlər İntiqamda cəmləşmişdi. Bu xüsusiyyətlər onun sözündə və davranışında bir-birini tamamlayırdı. Ata və anasına qarşı diqqətli, mehriban və həssas övlad idi. Mənə tükənməz sevgi və böyük hörmət hissi vardı. Övladlarına sevən və sevilən, ləyaqətli ata kimi həddsiz məhəbbətlə yanaşardı”.

2020-ci il sentyabrın 25-də qızları Xədicə universitetə daxil olur. Ailənin sevincinin həddi-hüdudu olmur. Lakin amansız müharibə onların bu arzusunu ürəklərində qoyur. Sifayə xanım deyir, sevincimiz çox çəkmədi. 4 gün sonra bu dəhşətli xəbəri aldıq. Həmin an dünya başına fırlanır. Sanki bir anlıq həyat Sifayə xanım üçün dayanır. Deyir, eşitdiyimə inanmaq istəmədim: “Döyüşdə yaralandığını eşidəndə Allaha şükür etdim ki, salamatdır, sağalıb ailəsinə qayıdacaq. Kaş ki, bu xəbər doğru olaydı... Nə biləydim ki, İntiqamla bağlı xəbər acıdan da acıdır?! Həqiqət bu idi ki, İntiqam artıq həyatda yoxdur... Müqəddəs şəhidlik zirvəsinə ucalıb...”

İntiqamla ən böyük arzuları övladlarını savadlı, təhsilli və ailə səadətinə qovuşmuş görmək idi. Onlara xoşbəxt həyat bəxş edib birgə yaşa dolmağı düşünürdülər. Gözəl arzular, xoşbəxt bir həyat eşqi ilə yaşayırdılar. Amma nə biləydilər ki, bir gün hər şey yarıda qalacaq. Bu həyatı birgə gülüb, brgə yaşaya bilməyəcəklər. Sifayə xanım deyir, oğlum Əli universitetə qəbul olunanda sevinc hisslərini tək yaşamaq onun üçün çox çətin olur. “Bu sevincimizi bölüşmək İntiqama nəsib olmadı. Cismən bu hissi yaşamasa da, sevinc dolu göz yaşlarımı görməsə də, bilirəm ki, bu xoş xəbərdən ruhu şad olub İntiqamın. O, ruhən daim bizimlədir, mənimlədir... Bundan təsəlli tapıb həyatı davam etdirirəm”.

Həyat yoldaşının əziz xatirəsini gecə-gündüz ürəyində, qəlbində gəzdirir Sifayə xanım. Övladlarına və onlar kimi yüzlərlə şəhid övladlarına başlarını dik tutmağı məsləhət görüb deyir: “Qəhrəman atalarınızla fəxr edin! Siz ana və bacılarınızın, günahsız insanların – körpələrin, qadınların və qocaların, canını Vətən yolunda qurban vermiş əsgər və zabitlərimizin qisasını alan igidlərin övladlarısınız. Damarlarınızda igid, mərd və yenilməz, dövlətinə və millətinə sadiq atalarınızın qanı axır. Onların adını uca tutun! Onlar sizi cismən tərk etsələr də, ruhən sizinlədir. Ataların yarımçıq qalmış arzularını gerçəkləşdirmək övladların borcudur. Allah sizi qorusun!”.

Dövlətimizin şəhid ailələrinə böyük diqqət və qayğı ilə yanaşdığını söyləyən Sifayə xanım onu da bildirdi ki, bu ailələrin sosial problemlərinin həllində yardımçı olur, şəhid övladlarının təhsil almalarında, vətəninə və xalqına sadiq vətəndaş kimi yetişmələrində köməyini əsirgəmir. Dövlətə və xalqımıza şəhid övladlarına göstərdikləri diqqətə görə minnətdarlığını söyləyərək onların bu qayğısını yüksək dəyərləndirir.

Elnurə İSAXAN

Herbiand.az