Advertisment

Bayramov Mirzoyanla görüşdən buna görə imtina etdi - Şok səbəblər

“907-ci düzəliş I Qarabağ müharibəsi zamanı ABŞ tərəfindən Azərbaycana qarşı tətbiq edilib. Lakin hər il ABŞ prezidentləri bir qayda olaraq bunu dondurub Azərbaycanla hərbi sahədə əməkdaşlıq edərək ölkəmizə hərbi yardımlar göstərirdilər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. 

Analitik 907 nömrəli düzəlişin dondurulmasının ləğvi prosesindən sonra Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı ilə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşdən imtina etməsinin pərdəarxası məqamlarına toxunub. 

S.Hümbətov qeyd edib ki, 907-ci düzəlişin dondurulmaması və hərbi sahədə Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi cəhdləri, o cümlədən bunun ardından ABŞ-də xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklifinin irəli sürülməsi sözün əsl mənasında Vaşinqtonun sanki bizi ələ salması anlamına gəlir: 

“Bir tərəfdən, ABŞ 907-ci düzəlişi ləğv etmir, hətta heç dondurmur da, digər tərəfdən isə bizi görüşə çağırır. Əgər lazımdırsa, bu yanaşma hər iki tərəfə qarşı tətbiq edilməli və hər iki tərəfə silah yardımı aradan götürülməlidir. Yox, əgər bir tərəfdən, Ermənistana silah verib, digər tərəfdən, Azərbaycana qarşı sanksiya tətbiq edəcəklərsə, bu, artıq tərəf tutmaqdan irəli gələn bir hal kimi qiymətləndirilə bilər”. 

Siyasi təhlilçiyə görə, Azərbaycanın sülh məsələsində mövqeyi qəti olaraq bəllidir:

“Azərbaycan maraqlıdır ki, bölgədə sülh bərqərar olsun. Amma nə ABŞ, nə Rusiya, nə də Qərb ölkələri üçün bölgədə sülhün olması maraqlı deyil. Ona görə də onlar bu gün baş verən hadisələri müxtəlif təxribatlarla daha da qızışdırıb gərginliyi süni şəkildə artırırlar. Bu gün ABŞ Senatı tərəfindən 907-ci düzəlişin dondurulmaması və yenidən aktivləşdirilməsi, eləcə də Azərbaycana qarşı silah təyinatlı məhsullarla bağlı sanksiyaların qoyulması onu göstərir ki, deməli, ABŞ ikili standartlara yol verir”. 

Mütəxəssisə görə, Vaşinqton Bakını ittiham edir ki, guya Azərbaycan Rusiya ilə əməkdaşlıq edir: 

“Lakin onlar hələ də anlaya bilmirlər ki, hər bir dövlətin xarici siyasəti və xarici siyasət kursu var. Azərbaycan üçün bu gün önəmli məsələ Rusiya ilə baxışlarının üst-üstə düşməsidirsə, bunu edəcək. Sabah Kremllə baxışlarımız uyğun gəlməsə, Rusiyadan aralanıb özümüz üçün müstəqil siyasətimizi davam edəcəyik. Yəni bu cür yanaşmalar absurd yanaşmalardır. Dövlətləri nədəsə ittiham etmək düzgün deyil”. 

Ekspert hesab edir ki, Vaşinqton Azərbaycanı normal dialoq mühitindəki sülh danışıqları prosesinə cəlb etmək istəyirsə, o zaman bu cür sanksiyaların qoyulması məsələsini tamamilə aradan qaldırmaq və normal dialoq mühiti yaradıb tərəfləri görüşə dəvət etmək lazımdır:

“Ona görə də Azərbaycan tərəfi bu görüşdən imtina etdi. Çünki ABŞ həm tərəf tutur, həm də görüşə çağırır. Əgər burada dialoq mühitindən və sülh danışıqları prosesindən söhbət gedirsə, vasitəçi tərəflər özlərində bitərəflik statusunu saxlamalıdır. Məsələn, Fransa bitərəf olmadı deyə vurub çölə atdılar”.