Advertisment

Ən böyük arzusundan da uca zirvədə, müqəddəs şəhidlik zirvəsindədir

Onlar ölümün gözünə dik baxdı. Əllərindəki gücə, qəlblərindəki intiqam hissinə sığınaraq düşmən üzərinə qorxmadan, məğrurcasına addımlayaraq mübarizəyə qalxdılar. Onlar vətənpərvər, cəsur, mərd Azərbaycan əsgəri idi. Bizə qələbə sevincini yaşadan, tarixi Zəfəri bəxş edən Azərbaycan oğulları. İgid oğullarımız bu yolda can qoyub şəhadətə ucaldılar. Belə şərəfli ömür sahiblərindən biri də Ayaz Daşqın oğlu İmanzadədir.

Leytenant Ayaz İmanzadə 1996-cı il dekabrın 3-də Neftçala şəhərində dünyaya göz açıb. Orta təhsilini Neftçala şəhəri Samid İmanov adına 1 saylı tam orta məktəbində aldıqdan sonra 2012-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Leytenant rütbəsi alaraq 27 iyul 2019-cu ildə təyinatla N saylı hərbi hissədə tağım komandiri kimi işləməyə başlayıb.

Torpaqlarımızın müdafiəsi uğrunda döyüşlər başlayanda Ayaz İmanzadə bir hərbçi olaraq vətənə olan borcunu şərəflə yerinə yetirir. Düşmən qüvvələrinin məhv edilməsində qəhrəmanlıq nümunəsi göstərir. Vətən, torpaq sevgisi Ayazın qəlbində özünəməxsus yer tuturdu.  Cəsarətli oğul idi Ayaz. Vətənə olan sonsuz məhəbbəti onda hərbçi peşəsinə maraq oyatmışdı. Uşaqlıqdan bu peşənin vurğunu idi. Həmişə deyərmiş ki, böyüyəndə mütləq hərbçi olacam. Vətənin keşiyində möhkəm dayanacam. Məhz vətən sevgisi düşmənlə mübarizədə onu daha da ruhlandırmışdı.

Həyat yoldaşı Gülşən xanımla söhbət edərkən onun cəsurluğundan, mərdliyindən, mehribanlığından, qayğıkeş insan olmağından böyük sevgi ilə danışdı: “Ağıllı, tərbiyəli, ata-ana zəhmətinə dəyər verən oğul idi Ayaz. Məndən soruşsalar ki, Ayaz necə həyat yoldaşı idi, “Hər bir qızın xəyalında olan” – deyə, cavablandıraram. Allahıma şükürlər olsun ki, belə bir insanı ömür-gün yoldaşı kimi qismətimə yazdı. Ailə həyatını cəmi bir il iki ay yaşadıq, amma mənə elə bir sevgi, elə bir məhəbbət yaşatdı ki, sanki ailə səadətini 20 ildir ki, dadırıq. Hörməti və sevgisi, ən əsası, ata kimi qayğıkeşliyi və nəvazişi ilə örnək idi bir çoxlarına”.

Gülşən xanım deyir, Ayaz ailəmizlə yanaşı, həmkarlarının və tabeliyində olan əsgərlərin də əzizi idi: “ Onlarla dost, qardaş kimi davranırdı. Onlarla bir süfrə arxasında əyləşib duz-çörək kəsər, fikirlərini bölüşər, qayğılarına şərik olar, üzləşdikləri problemlərin həllində onlara yardımçı olardı”.

Gülşən xanım o dəhşətli xəbəri aldığı anı ürək ağrısı ilə xatırlayarkən bir anlıq gözləri uzaqlara dikildi. Çətin idi ona o günləri yenidən yaşamaq: “2020-ci il oktyabrın 2-də Ayazdan xəbər gələrkən mənə yaralı olduğunu dedilər. Təcili yola düşdüm. Qucağımda 6 aylıq körpə qızımız və dünyaya gəlişini gözlədiyimiz 2 aylıq övladımızla yolu necə getdiyimi bilmədim. Yol boyu son dəfə 29 sentyabrda baş tutmuş telefon danışıqlarımızı xatırlayırdım. “Yaxşıyam” – demişdi. “Səni sevirəm” kəlməsindən sonra isə əlaqə kəsilmişdi... Həmin gün əmisi oğluna son dəfə zəng edib “Qapımıza bayraq as, qəhrəman olub qayıdacağam” – demişdi. Atası ilə də halallaşıbmış Ayaz. Artıq nə baş verəcəyini öncədən bilirmiş. Yolda xəstəxananı ötüb keçəndə məni aldatdıqlarını anladım. Sürücü dayım oğlu idi. O, bir küçəyə girdi. Gördüm ki, bura Neftçala Şəhidlər Xiyabanıdır. Artıq dayım oğlu özünü saxlaya bilməyib küçədə toplaşmış insanlara “Yol verin, şəhidin ailəsi gəlir” – deyə, çığırdı. Dediyini anlamaq istəmədim. Maşından düşəndə hamı kədərli baxışlarla mənə, əlindən tutduğum körpə qızıma baxırdı. Hamı için-için ağlayırdı... Bayrağa bükülü tabutun önündə nur üzlü yarımın şəklini gördüm”.

Həmin an sanki həyat dayanır bir anlıq gözəl xanım üçün. Deyir, sentyabrın 6-da onu qucaqlayıb, Quran altından keçirib yola salmışdım qızımla: “Bilsəydim, daha möhkəm sarılardım ona, qoxusunu daha dərindən çəkərdim içimə... Amma həmin gün tabutuna sarıldım Ayazın. Göz yaşı içində pıçıldadım: “Hər qadına qismət olmur şəhid xanımı olmaq. Mənə qismət oldu”. Gözümün önündə sevdiyim insanı qara, soyuq torpaq altına qoydular. Sanki onu, ömür-gün yoldaşımı, uşağımın atasını yox, ikinci dəfə atamı məzara qoydum. Keçmişimizi, gələcəyimizi... və dünyaya göz açmamış körpəmizi o məzara qoydum”.

Həmin gün iki ay bətnində gəzdirdiyi övladını da itirir Gülşən xanım. Lakin mərd, cəsarətli bir xanım idi həmsöhbətim. Onunla söhbətimdən anladım bunları. Həyatın acı anları onu sındırmayıb. Deyir, nə qədər varam Ayazı yaşadacam. Çünki o buna layiq insandı. Əsl vətənpərvər, qəhrəman oğul idi: “Ayaz vətəninə, elinə, doğma yurduna çox bağlı idi. Məhz bu səbəbdən də bu peşəni seçmişdi. Vətənə xidmət edib son nəfəsinədək onun keşiyində dayandı, Vətən uğrunda canını qurban verdi. Biz Ayazımızı itirdik, Vətən isə Ayaz adlı qəhrəman qazandı. Mən Ayaza arada əsəbləşirəm: axı biz belə tez ayrılmamalıydıq. Lakin sonra özümü ələ alıb, ondan qürur duymalı, onunla fəxr etməli olduğumuzu düşünüb özümü toparlayıram”.

Söhbət zamanı Gülşən xanım Ayazın arzularından, gələcəklə bağlı planlarından söz açdı. Bir anlıq gözlərini uzaqlara dikdi. Sanki bu arzuları qəlbində reallaşdırmaq, bir anlıq da olsa, gerçəkləşən arzuların içində olmaq istədi. Xəyallar aləmindən onu ayırmaq nə qədər çətin olsa da, suallarımla onu bu aləmdən ayırmalı oldum. Astaca arada olan ani sükutu pozaraq yenidən Ayazla bağlı xatirələrin işığına düşdük. Deyir, Ayazın çox arzuları yarımçıq qaldı: “Ən böyük arzusu general olmaq idi. Amma indi ən böyük arzusundan da uca zirvədə, müqəddəs şəhidlik zirvəsindədir. Övladımızla bağlı arzusu onu ağ xalatda görmək idi, savadlı, tanınmış, nəcib və qayğıkeş həkim kimi... Deyirdi: “Qızımla qonşu olacağam. Evə gəlməmiş onu ziyarət edəcəyəm. Axı o mənim balaca anamdır”. Övladımız basqa bir dünya idi onun üçün.  Qızımız cavan yaşında dünyasını dəyişən anasının adını – Ceyran adını daşıyır. Atası onu adı ilə çağırmırdı, “Anam” deyə səsləyirdi. Uşaqlarımızı yerbə-yer edəndən sonra xarici ölkələrə səyahətə getməyi düşünürdük. Amma fələk başqa şey yaşatdı bizə... Əfsuslar olsun ki, arzuları elə xəyal olaraq da qəlbində özü ilə getdi”.

İllər bir-birinin ardınca ötüb keçir, zaman dəyişir. Lakin bu illər ərzində dəyişməyəcək bir həqiqət var. Qəhrəman oğullarımızın göstərdiyi igidliklər, onların vətənpərvərliyi, mərdliyi, mübarizliyi, qorxmazlığı. Unudulmayan, hər an ən xoş xatirələrilə qəlbləri fəth edən bu oğullarımızın xatriəsi daim böyük ehtiramla yad edilir. Doğmaları, yaxınları onların itkisilə barışa bilməsələr də, xatirlələri onları yaşadır, ayaqda durmalarına kömək edir. Nə qədər çətin də olsa, həqiqəti qəbul edib, xatirələrin işığında təsəlli edirlər özlərini. Ayazlı günlərini yada salmaq çox ağır gəlir Gülşən xanıma. Müharibənin acısını yaşadıqca qəmin, kədərin içində sıxılıram deyir: “Bundan nə qaçmaq olur, nə barışmaq. Amma bütün bu acıların içində tək təsəllim övladımdır. Qızıma və onun kimi bütün şəhid övladlarına üz tutub deyirəm. Ömür yolunuzda atanızın adına layiqli övlad, Allahın adına layiqli bəndə olun! Hər kəs bir peşə sahibi ola bilər, lakin insan olduğunuzu əsla unutmayın. Həyatda acı günlər də, xoş günlər də nəsibiniz olacaq. Bu, həyatın qanunudur. Taleyiniz sizi atasız qoysa da, unutmayın, siz 44 gün ərzində dünyanı heyrətə salan igidlərin övladlarısınız. Daim nikbin olun! Təbəssüm üzünüzdən əskik olmasın! Düşmənlərimizi heç vaxt sevindirməyin, qəhrəman övladları!”

Elnurə İSAXAN

Herbiand.az