________________________________________________________
Öz zəhmətinin uğurlarını qazanan yaradıcı insan
Rəna Təbəssümü (İmanova) uzun illərdir ki, tanıyıram. Bir vaxtlar mətbuatda jurnalist kimi çox kəskin və maraqlı məqalələr yazırdı və həmin məqalələr maraqla oxunurdu. Sonra bədii yaradıcılıqla da məşğul oldu və maraqlı hekayələri, romanları, pyesləri işıq üzü gördü. Hər bir bədii yazıları da oxucuların marağına səbəb oldu. Az bir vaxtda belə uğurlar qazanmasına baxmayaraq Rəna xanım hələ də bu uğurlarından razı deyil və hər bir bədii əsəri üzərində dəfələrlə işləyib və sonra çap etdirir. Bu, yaradıcı insanın ən gözəl və müsbət xüsusiyyətidir ki, özündən razı olmasın və hər bir əsərini reallaşdırana qədər onun üzərində dəfələrlə işləsin. Həm də başqa yazarların əsərlərini tez-tez oxusun və onlardan bəhrələnsin. Azərbaycan və dünya ədəbiyyatını mükəmməl bilsin. Bax, bu xüsusiyyətlər Rəna Təbəssümdə çoxdur. O, dünyada ən çətin iş olan və dahi Lev Tolstoyun dediyi kimi, “yazıçılıq qul əməyidir” fikrinə həmişə əməl eləyir. Çox yazmaqdansa daha çox bədii əsərlər oxuyur və hər bir əsərini oxuculara təqdim edənə qədər onun üzərində uzun zaman işləyir. Mən onun böyük mükafata layiq görülən hekayəsini oxuculara təqdim etməmişdən əvvəl istəyirən çoxminli oxucularımızı Rəna Təbəssümlə daha yaxından tanış eləyim.
Rəna Təbəssüm 22 mart 1969-cu ildə Azərbaycanın gənclik şəhəri olan Sumqayıtda anadan olub. Ali təhsillidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatıdır. Artıq 2008-ci ildən ədəbi mühitdə Rəna Təbəssüm təxəllüsü ilə tanınır. O, “Göz yaşları” adlı novellasını hələ 16 yaşı olanda yazıb. Mətbuatda ilk dəfə “Həsrət” adlı hekayəsi “Məslək” qəzetində dərc edilib. Rəna Təbəssüm “Eşqin gücü varsa...”, “Qayıt. Əsrin faciəsi, yoxsa şəxsi qüsurlar” adlı kitabların müəllifi, “Mənəviyyat məbədi”, “Corat. Qloballaşan dünyanın daş yaddaşı” adlı kitabların isə həmmüəllifidir. “Qaranlıq izlər” adlı romanı və yeni hekayələri, “Tənha çiçək” və “Gerçək xəyallar” adlı pyesləri çap olunmaq ərəfəsindədir. Mən inanıram ki, onun pyesləri teatrlarımızda tamaşaya qoyulacaq və böyük uğur qazanacaq.
Rəna Təbəssüm Avrasiya Yazarlar Birliyi tərəfindən təşkil olunmuş VII Beynəlxalq Qaşqarlı Mahmud hekayə müsabiqəsində “Körpənin arzuları” adlı hekayəsi ilə uğur qazanaraq, həvəsləndirici mükafata layiq görülüb. Biz də çoxminli oxucularımız adından Rəna Təbəssümü bu böyük mükafata layiq görülməsi münasibətilə təbrik edib, həmin hekayəsini çoxminli oxucularımıza təqdim edirik. Və bundan sonra da ondan belə maraqlı hekayələr gözləyirik.
Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
__________________________________________________________
Körpənin arzuları
(Hekayə)
Səhər yenicə açılırdı. Özünü narahat hiss edən Şəfa çarpayısından qalxıb pəncərəyə yaxınlaşdı. Qış fəsli hələ girməsə də hava şaxtalı idi. Ürəyi çox sıxıldığından pəncərəni açmaq istədi, amma ehtiyat etdi. Bətnindəki körpəni düşünüb doğan günəşə tərəf baxdı. Birdən qəfil sancıları başladı. Özünü əri yatan otağa çatdırıb onu oyatdı. Gözlərini güclə açan Turqut ayağa qalxıb soruşdu:
-Nə olub? Qoymazsan doyunca yatım? Yoxsa, sancıların başlayıb?
-Hə, dayana bilmirəm. Tez Təcili Yardım çağır, xəstəxanaya getməliyəm.
-Mən bilən hələ tezdir, vaxtına var.
-Düzdür vaxtına var, amma bu sancılarla dayana bilmirəm. Çox güman ki, erkən doğuş olacaq, tez ol həkim çağır. Turqut Təcili Yardıma zəng vurdu. Maşın gələnə qədər anasını da oyadıb onlarla getməsini xahiş etdi. Banuçiçək ana cəld hazırlaşıb onlarla getdi.
Xəstəxanaya çatanda növbətçi həkim onlara kömək edib xəstəni aid olan şöbəyə yönəltdi. İki saatdan sonra gəlib dəhlizdə gəzişən Turqut ilə Banuçiçək anaya şad xəbər verdi:
-Muştuluğumu verin, gözəl bir oğlan uşağı dunyaya gəlib. Təbrik edirəm!
Turqut ilə Banuçiçək ana sevincindən yerə-göyə sığmırdı. Onlar həkimə təşəkkür edib Şəfanın və körpənin vəziyyətini xəbər aldılar. Həkim hər ikisinin səhhətində problem olmadığını bildirdi və şöbəyə qayıtdı. Turqut Şəfanı görmək, onu şəxsən təbrik etmək və uşağa hansı adın qoyulması barədə danışmaq istəyirdi. Əslində Şəfa oğlunun adını çoxdan fikirləşmişdi, amma ailəsində bu adın necə qəbul olunacağını bilmirdi.
Turqut anası ilə xəstəxananın həyətində xeyli gəzişib gözlədikdən sonra onu Şəfanın yanına buraxdılar, amma ona hələlik dəhlizdəki balaca nəfəslikdən danışmağa icazə verdilər. Turqut canından çox sevdiyi körpəsinə hansı adın qoyulması haqda danışmaq istəyəndə Şəfa onun sözünü kəsib dedi:
- Şəhid qonşumüz Nurlanın bacısını tanıyırsan? Mənim yanıma tez-tez gəlir, bəstəboy qızı deyirəm. O istəyir ki...
Həmin anda Turqut fikrini tamamlamayan ömür-gün yoldaşının ürəyindən keçənləri anlayıb dedi:
-Əlbəttə tanıyıram, rəfiqəsiniz. Şəfa, gəl oğlumuza igidlik göstərib şəhid olan qonşumuz Nurlanın adını qoyaq. Bizim oğlumuz da qorxmaz, cəsarətli, igid bir oğlan kimi böyüsün, qonşumuzun da ruhu şad olsun. Şəfanın ürəyincə olan bu sözlər onu həm sevindirdi, həm də kədərləndirdi. Heç bilmirdi ki, gülsün, yoxsa ağlasın. Bir gözündə sevinc, birində kədər dedi:
-Turqut, sən arif adamsan. Nurlanın bacısı istəyir ki, bizim balamız qardaşının adını daşısın, həmişə adından qürur duysun, amma...
Turqut gözlərinin yaşını saxlaya bilməyən Şəfadan soruşdu:
-Şəfa, sən ağlayırsan? Amma nə?
Şəfa hıçqıra-hışqıra cavab verdi:
- Amma daha müharibə olmasın, şəhid olmasın!
Turqut onu sakitləşdirib dedi:
-Hə, mən də onu demək istəyirdim. Mən səni başa düşürəm, kiminsə itkisini, həyatda yoxluğunu qəbul edə bilmirsən, amma həyat davam edir. Nurlan və onun kimi qəhrəmanlıq göstərənlər körpələrin xoş gələcəyi naminə canından keçib. Vətənin azadlığı yolunda qanını töküb, düşmən ayağı altında inləyən Qarabağ torpağımızı azad edib. İyirmi yaşlı rəssam ruhlu Nurlan müddətdən artıq hərbi xidmət üçün yenidən ordu sıralarına yazılanda manqa komandiri vəzifəsinə yüksələcəyini, əks-hücum əməliyyatlarında iştirak edəcəyini bəlkə də ağlına belə gətirməmişdi. O Füzuli, Cəbrayıl, Zəngilan, Xocavənd uğrunda döyüşlərdə mərdliklə vuruşub. Eh... Nurlan hardan biləydi ki, zəfərə beş gün qalmış, yəni noyabr ayının 3-də Xocavənddə qızğın döyüşlərdə şəhid olacaq.
Şəfa Turqutu sonadək dinləyib dedi:
-Mənim urəyimdəki istəklərimi gözlərimdən oxuya bilirsən. Sənə heyranam, Turqut. Bax, manqa komandiri olmuş Nurlan şəhidlik zirvəsinə ucaldıqdan sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarla təltif edilibdir. Düzdür, anası Səminə, atası Faiqin ürəyindəki bala yoxluğunun yarası heç vaxt sağalmasa da tarix yazan oğullarının adının tarixdə yaşayacağı ilə fəxr edirlər. Torpaq uğrunda mərdliklə vuruşub canını fəda edənlər əbədiyyətə qovuşsa da qəlblərdə yaşayırlar. Şəhidlər ölmür! Zirvədə and yerimiz olan şəhidlərin adı əsrlər boyu yaşayır. Şəhid adı buna görə şərəflidir. Mən inanıram ki, körpəmiz bu adı layiqincə daşıyacaq, nümunəvi ömür yolunun yolçusu olacaq. Azad olunan torpaqlarımızda Nurlanın çəkə bilmədiyi mənzərələri çəkəcək, portretləri yaradacaq.
Turqut dedi:
-Azad torpaqlarımıza dəyən yeni nəfəs, yeni nəsl şəhidin qanı tökülən yeri laləzara cevirəcəkdir. Mən buna əminəm. Bizim istəklərimiz bəlkə də hələ dil açıb danışa bilməyən gül üzlü körpələrin arzusudur.
Şəfa ərinin sözlərini təsdiqləyib və dedi:
-Düzdür, mən səninlə tam razıyam, amma körpələrdən də öncə onları min əziyyətlə işıqlı dünyaya gətirən, əzizləyib bəsləyən anaların arzusudur, desək yanılmarıq. Axı, məsum körpələrin nə günahı var?! Qoy onların üzü həmişə gülsün. Ağ göyərçinləri aydın səmada görüb sevinsinlər. Qoy həmişə sülh olsun, günəş olsun. Körpələr nə mərmi, nə də düşmən gülləsinin səsini eşitməsinlər. Hər tərəfə uşaqların gülüş sədası yayılsın.
Yaxından qarışıq səslər gəldi, kimsə: Amin! – dedi.
Turqut arxaya dönüb baxanda cavan bir qızın anası Banuçiçək ilə birlikdə sevinclə pilləkənləri çıxdığını gördü. Şəfa onu səsindən tanıyıb dedi:
-Bu Nurlanın bacısı Nuranədir.
Nuranə yaxınlaşıb salamlaşdı. Cavanları təbrik edib gül dəstəsini Şəfaya verdi. Şəfa rəfiqəsinə təşəkkür etdi. Körpələr haqqında deyilənləri Nuranənin də eşitməsi onun ürəyincə oldu. Bu gün hər iki rəfiqənin xoş günü idi. İkisinin də sevincinin həddi-hüdudu yox idi.
Nuranə soruşdu:
-Adını nə qoyacaqsınız?
Şəfa sevinclə dedi:
-Nurlan! Bu da sənin qardaşın olar.
Nuranənin gözləri sevincdən yaşardı. Ona elə gəldi ki, qardaşı yenidən dünyaya gəlib. Turqut ondan soruşdu:
-Sən bizim körpəmizə yaxşı bacı olacaqsanmı?
Nuranə dedi:
-Əlbəttə, mən balanızdan qardaşımın iyini alacağam. Onu əzizləyib bəsləyəcəyəm.
Qardaşımın yarımçıq qalmış arzularını sizin körpəniz, yəni mənim balaca qardaşım həyata keçirəcəkdir. Rəssam qardaşımın yeni əsərləri keçdiyi döyüş yolları, şanlı zəfər günümüz olacaqdır.
Banuçiçək ana onun sözlərinə qüvvət verib dedi:
-Əlbəttə! Hələ çox igidlərimizin adları yeni doğulmuşlara qoyulacaq. Adı dillərdə dastan olan qəhrəmanlarımız torpaq uğrunda qanını töküb, tarix yazıb və beləcə adlarını tarixdə yaşadıblar.
Nuranə bir qədər kövrəlib dedi:
-Mənə elə gəlir ki, körpələr dünyaya gəlməmişdən öncə sülh arzulayır, azad və firavan yaşamaq istəyirlər. Qardaşım da onların istəyini yerinə yetiribdir.
Arzularınız hər zaman çin olsun, günahsız, məsum körpələr! Siz azad torpaqlarımızın azad vətəndaşlarısınız. Turqut, Şəfa mən bilmirəm ki, sizə necə təşəkkür edim, hisslərimi necə çatdırım. Körpənizə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidin adını verməklə mənim özümə də yeni həyat bəxş etdiniz. Bu həyatda yeni arzular, istəklər, diləklər var. Siz istəklərimdən birini yerinə yetirməklə, elə bil mənə yenidən həyatın şirinliyini, gözəlliyini bəxş etdiniz. Körpələrin arzusu kimi...
Şəfa gülümsəyib dedi:
-İnsanı yaşadan arzulardır. Arzular tükənməsin, hər kəs öz arzusuna, istəyinə və diləyinə çatsın. Amin Allah!
Dəhlizdə tibb bacısı göründü. O yeni doğulmuş Nurlanı qucağında tutub onlara tərəf gəlirdi. Körpənin üzündə təbəssüm var idi. Nurdan yaranıb dünyadan nurla köçən şəhidin nuru sanki, balaca Nurlanın hüsnünə hopmuşdu.
S O N
Rəna TƏBƏSSÜM