Ermənistan mətbuatında tez tez yazılır ki, guya Azərbaycanın bu ölkəyə qarşı ərazi iddiası var və bundan imtina etmir. Xüsusən bu ifadələr səslənir ki, “İlham Əliyev Zəngəzur dəhlizi ilə yanaşı, Türkiyənin dəstəyi ilə Ermənistandan onlarla yaşayış məntəqəsi, 8 anklav, yüz minlərlə azərbaycanlı qaçqının Ermənistana qayıtmasını tələb edir və bu hamısı deyil”.
Həmçinin, zaman-zaman Ermənistanın baş naziri Nikol Paşinyan və digər məmurlar Azərbaycanın ərazi iddiasından və onlara qarşı müharibə olmaq təhlükəsindən danışırlar.
Ermənistanın belə hay-küy salmasının səbəbi nədir və nəyə əsasən bu cür qənaətə gəlirlər?
Politoloq Natiq Miri Herbiand.az-a bildirib ki, Azərbaycana qarşı bu cür haqsız və süni iddiaların ortada olması hər zaman guya Azərbaycanın Ermənistana qarşı potensial təhlükə olduğunu beynəlxalq ictimai rəyə sırımaqla bağlıdır:
“Çünki bu, müəyyən şərait və zəmin yaradır ki, Ermənistanın havadarı olan xristian dünyası, Qərb dövlətləri onun təhlükəsizliyinin təhdid altında olduğunu bəhanə edərək silahlandırmağa hüquqi zəmin yaratsınlar. Başqa tərəfdən, Ermənistanın təhlükəsizliyinə təminat vermək üçün ən azından beynəlxalq ictimai rəyin hazırlanmasına çalışırlar. Çünki bunun birbaşa olması beynəlxalq səviyyədə qəbul oluna bilməz. Ermənistan Rusiyanın strateji müttəfiqidir və Rusiyanın nüvəsi olduğu hərbi blokda bərabərhüquqlu üzv kimi iştirak edir. Bu gün Ermənistan Qərb dünyasının müttəfiqi deyil. Belə olduğu təqdirdə Ermənistan rəsmi olaraq Rusiyanın müttəfiqliyindən və olduğu bütün təşkilatlardan imtina etməsi ilə bağlı rəsmi müraciət də ortada yoxdur. Ona görə də süni olaraq bu cür fikirlər ortalığa atmaqla Qərbə şərait yaradırlar ki, Ermənistanın müdafiəsi ilə bağlı konkret addımlar atsın. Bunu da onunla əsaslandırırlar ki, guya Rusiya özünün strateji müttəfiqini müdafiə etmir. Belə olduğu təqdirdə Ermənistanın təhlükəsizliyinin təhdid altında olduğu fikri ilə hərbi cəhətdən yardımların olunmasını təmin edirlər”.
Politoloq ərazi məsələsinə gəldikdə qeyd edib ki, Ermənistan bir tərəfdən Qarabağ ermənilərinin geri qayıtmasını istəyirsə və tələb edirsə, digər tərəfdən bu tələblər həm də Azərbaycana təzyiq etmək üçün Qərb dünyasına müəyyən hüquqi və siyasi tutacaqlar verir:
“Bir tərəfdə Avropa Birliyi səviyyəsində Fransa, digər tərəfdə Amerika Birləşmiş Ştatları səviyyəsində Qarabağın gələcəyi ilə bağlı məsələlər müzakirə predmetidir. Tələb ondan ibarətdir ki, heç bir qeyd-şərt olmadan Qarabağ erməniləri geriyə qayıtmalıdır. Bütün bunları da Rusiya sülhməramlı qüvvələrini əvəzləyə biləcək amerikan qoşunları və yaxud başqa beynəlxalq missiyanın iştirakı ilə görürlər və tələb edirlər. Bünün üçün də hüquqi mexanizmlər əldə etmək üçün çalışırlar. Başqa bir tərəfdə isə Birləşmiş Millətlər Təşkilatının Ədalət Məhkəməsi ilə bu yöndə qərarlar çıxarırlar. Düzdür, hələlik aralıq qərarlardır. Ancaq artıq Azərbaycandan bu yöndə tələb var ki, Qarabağ ermənilərinin geri qayıtması üçün şərait yaradılmalıdır. Eyni zamanda, Qarabağda bu gün yaşayan ermənilər üçün də bütün təhlükəsizlik təminatı verilməlidir. Bütün bunların hamısı Azərbaycana qarşı təşkil olunan böyük oyunlardır. Ermənistan rəhbərliyinin müxtəlif şəkildə tələbləri, iddiaları da bu böyük oyunun planın tərkib hissəsidir. Əgər ermənilərin geri qayıtmasını beynəlxalq hüquqa bağlayırlarsa, nəyə görə eyni hüququn humanitar hissəsində Ermənistandan qovulmuş 300 minə yaxın qərbi azərbaycanlıların hüquqlarını müdafiə etmirlər? Niyə bu yöndə qərarlar verilmir? Necə olur ki, ermənilərə gələndə beynəlxalq humanitar hüquqa girir, azərbaycanlılara gələndə isə bu məsələ beynəlxalq humanitar hüquqa girmir? Bu ikili, üçlü beşli standartdır. Bu, riyakarlıq və Azərbaycana qarşı açıq düşmənçilik siyasətidir”.
Ekspertin sözlərinə görə, Ermənistan Azərbaycan ərazisində süni olaraq yaradılanda 9000 kv/km ərazidə yaradılıb:
“Bu gün Nikol Paşinyan 29800 kv/km-dən dəm vurur. 21 minə yaxın kv/km ərazi haradan gəldi Ermənistana, niyə bu haqda danışmırlar? Bunlar halal, hümmət Azərbaycan torpaqlarıdır və sovet işğalı baş verəndə hissə-hissə Ermənistana peşkəş edilib. Bunların heç bir hüquqi, siyasi zəmini yoxdur. Ona görə Azərbaycanı bu məsələni qaldırmaqda kimsə ittiham edə bilməz. Bu, sadəcə beynəlxalq səviyyədə ərazi iddiası görüntüsü yaratmaq xarakteri daşıyır. Ayrıca, Azərbaycan bununla bağlı Ermənistanla konkret müharibə edəcəyini bəyan etmir. Əgər bu cür fikirlər səsləndirilirsə, bu, legitim fikirlərdir və kimsə buna qadağa qoya bilməz. Eyni zamanda, Nikol Paşinyan özü bəyan edir ki, Ermənistan ərazilərinin torpaqlarının kadastrı yoxdur, heç bir zaman da olmayıb. Yoxdursa, onda 29800 kv/km rəqəmləri haradan alınıb? Bu da o deməkdir ki, Azərbaycan-Ermənistan arasında bu günün özündə belə müharibədən sonra sərhəd anlayışı nisbidir. Belə bir anlayış yoxdur. Bu gün sərhəddi siz haradan qoyarsınızsa, sərhəd oradan keçəcək. Azərbaycan belə bir sərhədin olduğunu bəyan etmir. Çünki bu məsələ delimitasiya və demarkasiya prosesində müəyyənləşməlidir. Ona görə də əgər Ermənistan müəyyən hərbi təxribatlar fonunda yenidən Azərbaycana qarşı hərbi addımlar atarsa, Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək adekvat cavab verməyi mümkün hesab edir. Belə olduğu təqdirdə olmayan sərhədlər çox rahatlıqla yenidən dəyişə bilər. Ona görə də Azərbaycanı bu yöndə ittiham etmək mümkün deyil. Çünki Ermənistanın öz ərazisinin kadastrı yoxdursa, bu rəqəmlərin Azərbaycandan tanınmasını tələb etmək hüququ olmadığı qədər, həm də qeyri-ciddidir. Buna görə də bunlar hamısı bəhanədir”.
Natiq Miri vurğulayıb ki, sadəcə olaraq, Ermənistanın istəyi Azərbaycanın əleyhinə beynəlxalq səviyyədə fikir formalaşdırmaq, işğalçı dövlət kimi təqdim etməkdir ki, bu fonda guya onların təhlükəsizliyi ilə bağlı təhdid görüntüsü yaradıb təhlükəsizliyə təminat almaq istəyirlər:
“Ermənistan bu yöndə ciddi işləyir. Bir tərəfdə Fransa, o biri tərəfdə ABŞ Senatında ermənilərin müdafiə aktı ilə bağlı müzakirələr, Azərbaycana qarşı qərarlar, başqa bir tərəfdə Ermənistanın intensiv şəkildə Böyük Britaniya ilə müdafiə sahəsində bir çox məsələləri müzakirə etməsi göstərir ki, bəli, Ermənistan bu gün Ukrayna prezidenti Zelenskinin bəyan etdiyi variantlardan yararlanmağa çalışır. Gələcək perspektivdə Ukrayna özünün təhlükəsizliyi üçün ciddi dövlətlərdən təminat almaq istəyini ortaya qoyub. Bu gün eyni şeyi Nikol Paşinyan edir. Bunun üçün də süni əsaslar yaratmaq lazımdır ki, bu da Azərbaycanın guya Ermənistana qarşı yalançı tələbləri ilə bağlıdır. Hansı ki, Azərbaycanın hərəkətlərində hər hansı bir tərəf və iddia yoxdur. Bunlar sadəcə həqiqətin dilə gətirilməsidir. Düşünürəm ki, məhz bu yöndə gün bu gündür. Çünki müharibə bitib, sərhədlər yoxdur. Azərbaycan sülh müqaviləsini imzalamamış sərhədlərin müəyyənləşməsi prosesində bütün ərazi məsələlərini müzakirə etməlidir. Qanunsuz Azərbaycan torpaqlarının niyə Ermənistana verilməsinin əsaslandırılmasını tələb etməlidir. Doğrudurmu, doğrudur. Ona görə Ermənistanın bu cür açıqlaması bizim üçün o qədər də ciddi xarakter daşımır. Ancaq onların bu cür iddialarını zərərsizləşdirmək üçün bizim media, siyasətşünaslar, diplomatlarımız ciddi şəkildə bir çox həqiqətləri beynəlxalq ictimai rəyə çatdırmağı bacarmalıdırlar. Konkret hadisə və rəqəmlərlə”.
Bəxtiyar CƏFƏRLİ