Advertisment

20 noyabr Ümumdünya Uşaq Hüquqları günüdür

İnsan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var. Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcəlləsinin  51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. XX əsrdə uşaqlar daha çox təcavüz, zorakılıq, irqi ayrı-seçkilik, deportasiya və soyqırımlara məruz qalmışlar. Bu əsrdə baş verən iki dünya müharibəsi, lokal müharibələr yüz minlərlə uşağı valideyn himayəsindən məhrum etmiş, onların həyatına son qoymuş, adi insani hüquqlarını kobudcasına pozmuşdur. Uşaqların hüququnu qorumaq üçün ilk təşəbbüs  1924 ildə Mİllətlər Cəmiyyəti tərəfindən 5 əsas prinsipdən ibarət bəyannamə oldu. Bu sənəd Cenevrə bəyannaməsi adlanır. 1959 ildə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu.

1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989 il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Bu Konvensiyaya 189 ölkə qoşulmuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1992 ildə ratifikasiya etmişdir. Bu münasibətlə hər il noyabrın 20-si Uşaq Hüquqları Günü kimi qeyd edilir və hər il olduğu kimi bu il də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu günü xüsusi tədbirlə qeyd edir.  Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları, yaşamaq hüquqları əhatə olunur.

Konvensiyanın məzmunu, onun əsas ideyası uşaq şəxsiyyətidir. Bununla yanaşı Konvensiya iştirakçı ölkələri uşaqların öz ölkəsinin sosial-siyasi həyatında daha fəal və yaradıcı iştirakına imkan verən şəraitə çağırır. Konvensiyanın mühüm prinsipi irqi ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən asılı olmayaraq, öz hüquqlarından istifadə etməlidirlər. Uşaq hüquqlarının müdafiəsi, onların layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Uşaqlarla bağlı siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.

Yüksək insanpərvərlik və humanizmə əsaslanan bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev inamla davam etdirir və artıq dövlət uşaq siyasəti milli strategiya kimi formalaşmaqdadır. Ölkə başçısı dəfələrlə vurğulamışdır ki, yalnız təhsilli, savadlı, intellektual səviyyəli və ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilər. Təsadüfi deyil ki, ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olan bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının təmini istiqamətində sistemli və ardıcıl siyasət həyata keçirilir. Uşaqların əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz əsasında, vətənpərvər ruhda tərbiyəsi, cəmiyyətdə layiqli şəxsiyyət kimi formalaşması bu siyasətin əsas qayəsini təşkil edir. Azərbaycan Prezidenti İlham Əliyev uşaq hüquqları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi və qarşıda duran təxirəsalınmaz vəzifələrin düzgün, operativ həlli üçün hələ 2006-cı il fevralın 6-da Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Aliə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamış, uşaqları cəmiyyətin əsas özəyi, sağlam təməli kimi dəyərləndirdiyini nümayiş etdirmişdir. 

Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli siyasətin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında respublikanın ən müxtəlif bölgələrində müasir tipli orta məktəblər inşa olunaraq istifadəyə verilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində körpələr evi, bağça və internat məktəbləri əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Uşaqların təhsili ilə yanaşı, sağlamlığı da Heydər Əliyev Fondunun xüsusi diqqət mərkəzindədir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır.

Dövlət qurumlarının, beynəlxalq təşkilatların, Milli Məclisin deputatlarının qatıldığı konfrans ölkədə uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının, onlara təhsil və səhiyyə xidmətlərinin göstərilməsi, valideyn himayəsindən məhrum uşaqların ailə mühitində yaşamaq hüququnun təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir. Bəşəriyyətin inkişafı, gələcək taleyi üçün ən mühüm problemlərdən biri uşaqların taleyi ilə bağlıdır. Uşaq hüquqları problemi isə belə bir inkişaf kontekstində böyük əhəmiyyət daşıyır. Bu gün respublikamızda uşaq hüquqları beynəlxalq hüquq və ölkə qanunvericiliyi normalarına əsasən qorunur. Azərbaycan dövlətinin yeritdiyi siyasət BMT-nin Uşaq Hüquqları Konvensiyasının tələblərinə tamamilə cavab verir. Onlar daim Azərbaycan dövlətinin himayəsi və qayğısı ilə əhatə olunurlar. Ümidvarıq ki, ölkəmizin iqtisadi imkanları artdıqca cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlara da diqqət və qayğı yüksələcəkdir.

İranə ƏFƏNDİYEVA

1 saylı Bakı “Asan Xidmət” mərkəzi

Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəisi