Advertisment

Həyat onu çox sınadı, sonda isə ucalıqda yer aldı

Ən əziz, doğma bir insanın yoxluğunu qəbul etmək çox çətindir. Onun səsini duymamaq, gəlişini gözləmək, gülüşünü görməmək hər kəs üçün ağır bir dərddir. O hissləri atam rəhmətə gedəndə mən də keçirdim. İnana bilmirdim ki, bir daha atamın gülər üzünü görməyəcəm, xoş sözlərinə həsrət qalacam. Taleyin qəribəliklərində nə yazıq ki, bu acı dərd də yer alıb. Çox təəssüflər ki, Şəhriyarın iki gül balası da bu acını yaşamaq məcburiyyətində qalıb. Həyat bir yandan hələ körpə yaşlarından onları dərin bir kədərin içinə salsa da, digər tərəfdən qürurun nə olduğunu onlara öyrədib. Atanın qəhrəmanlığı, igidliyi, mərdliyi, cəsurluğu onları ucaldacaq, bu ucalıqda əsl vətənpərvər, mərd bir övlad kimi böyüyəcəklər. Məhz bunlar da ömür-gün yoldaşını vaxtsız itirən Pərvin xanıma böyük bir təsəlli olacaq. İndi danışmaq nə qədər çətin olsa da, zaman gəldikdə övladlarının atalarının adına layiq əsl vətəndaş olaraq yetişmələri onun kövrək, küskün qəlbini ovudacaq.

Şəhriyar haqqında yazı hazırlayarkən Pərvin xanımın onunla bağlı xatirələrini vərəqləyirəm. Gözəl, mehriban ailəsi olub Şəhriyarın. Pərvin xanımın qələmə aldığı hər sözündə, hər cümləsində bu  anlamaq çətin deyildi: “Tanışlıqdan bir müddət sonra bir-birimizə hörmət və sevgi hissi yarandı. Ailə qurduq və beş ilimizi çox xoşbəxt yaşadıq. Qayğıkeş, mehriban, gülərüz idi. Ailəcanlı olması məni daha da bağlayırdı ona. Çalışırdı, hər şey yaxşı olsun. O qədər xoş günlər yaşamışıq ki...”.

Pərvin xanım yalnız ömür-gün yoldaşını deyil, sirdaşını, dayağını, canından çox sevdiyi əzizini itirib. Bu gün onun haqqında keçmişlə danışmaq, xatirələrini ağ vərəqə köçürmək çox ağırdır: “Şəhriyar tək ailəsinin deyil, bütün xalqın doğmasıdır bu gün. O, yalnız bizim qəhrəmanımız deyil, xalqın qəhrəmanıdır. Bunları düşşündükcə qəlbim azacıq da olsa sakitləşir. Onun vətənpərvərliyi, mərdliyi, qorxmazlığı, cəsurluğu övladları üçün bir örnəkdir. Hər dəfə çalışıram atalarının bütün müsbət keyfiyyətlərini onlara aşılayım. Onun kimi mərd, igid, cəsarətli böyüsünlər. Vətənini, ailələrini sevsinlər. Bu sevgi onları formalaşdırsın”.

Böyük arzuları olub Şəhriyarın. Təəssüf ki, arzuları da ömrü qədər yarım qaldı. Pərvin xanım deyir cəbhəyə getdiyi o anı xatırlamaq istəmirəm: “Bütün arzularımızı, xəyallarımızı, həyatımızı yarıda qoyan o günə kinim, nifrətim bitmir, qəzəbim soyumur. Xatırladıqca kaş qoymayaydım getsin - deyirəm. Amma bu kaşlar o qədər çoxdur ki...

Cəbhəyə yola düşdüyü zaman həyəcan, təşviş içində idim. Çox narahat idim. Həyəcanımı sözlə ifadə edə bilmirəm. Hər dəfə evdən çıxanda, istər təlimlərə, istər cəbhə bölgələrinə yola düşəndə deyirdim: “Allah amanında ol! Özündən muğayat ol”. Aprel döyüşlərinə gedəndə bizim övladımız olacaqdı. Qəfildən zəng gəldi. Yuxudan oyandı və tələsik evdən çıxdı. Son sözləri bu oldu: “Özündən muğayat ol. İnşallah, gələrəm”. Bir neçə gün Şəhriyardan xəbər ala bilmədim. Ağır döyüşlər vaxtı zəng edə bilmirdi. Sonra bizimlə əlaqə saxladı. Yoldaşım hər zaman mənə deyirdi: “Sən hərbçi xanımısan, güclü olmalısan. Həyatdır, mənə nə isə olsa belə, mən inanıram ki, övladlarım layiqli vətəndaş kimi böyüyəcəklər. Şəhriyarın bu sözlərini heç vaxt unutmaram. Övladlarını onun arzuladığı kimi tərbiyə edəcəm”.

Şəhriyar uşaqlıqdan idmana maraq göstərib, nailiyyətlər qazanıb. 2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrin (Yaşma) sıralarında kəşfiyyatçı qismində müddətdən artıq həqiqi hərbi xidmət keçib. 2016-cı ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Aprel döyüşlərində iştirak edib. Torpaqlarımızın azadlığı naminə başlayan Vətən müharibəsində Cəbrayıl, Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmanlıqla döyüşüb, 150-yə yaxın erməni əsgər və zabitini, Hadrut şəhəri uğrunda gedən döyüşlərdə isə faşist erməni polkovnikini məhv edib. Qubadlı uğrunda gedən döyüşlərdə iki yaralı zabit yoldaşını döyüş meydanından çıxarıb, özü isə qəhrəmancasına şəhid olub.

Gizir Şəhriyar Quliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi”, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və “Qarabağ ordeni” ilə təltif olunub.

Ürəyi Vətənlə döyünən qəhrəmanımız doğma yurdu ağdamdan çıxarkən iki yaşı olub. O zmandan məcburi köçkün həyatı yaşayan Şəhriyar torpaqlarımızın işğalı ilə heç bir zaman barışmayıb. Körpəlikdən erməni vəhşiliklərini görərək böyüyür. Hərbçi olmaq istəyi də bu səbəbdən yaranıb onda. Daim qisas hissi ilə yaşayan Şəhriyar zaman gəldikdə düşünmədən döyüşlərə qatıldı. Baxmayaraq ki. Ailəsi onun hərbçi olmaq istəyinə qarşı çıxır, Şəhriyar bununla qəti razılaşmayıb arzusunu gerçəkləşdirir. Döyüşlərdə qəhrəmanlıqla vuruşur. Pərvin xanım deyir, Şəhriyarın ən yaxın döyüş yoldaşları onun haqqında xeyli düşüncələrini bölüşüblər: “Şəhriyar çox vətənpərvər, daim dostlarını düşünən, səmimi və xeyirxah insan idi. Sağlığında imkansızlara və kimsəsizlərə kömək edərmiş. Düşməndən qətiyyən qorxmurdu, Vətən uğrunda hər an canını qurban verməyə hazır idi. Dostlarına deyirmiş: “İstərdim ki, döyüşlər dayandırılmasın, axıra qədər gedək və qalib gələk. Övladlarımız müharibə görməsinlər. Hər kəs azad, firəvan yaşasın”. Şəhriyar hər zaman söhbətlərində deyərdi ki, cənnət Ağdamdır, Şuşadır. O torpaqları görməyə çox tələsirdi”.

Müharibəyə gedəndə Şəhriyar bir müddət bunu ailəsindən gizlədir: “Narahat olmayaq deyə, müharbəyə getdiyini bizə bildirmədi. Hər dəfə telefonla danışanda deyirdi, özünüzdən muğayat olun. Oktyabrın 18-də son danışığımız oldu. Böyük oğlum atasına: “ürəyim necəsən?” – dedi, balacamızın ona son sözü isə bu oldu: “Qarabağ Azərbaycandır!”. Şəhriyar uşaqların səsini eşidib çox sevindi. Bir xeyli danışıb sağollaşdı. Bu da Şəhriyarın bizə son zəngi oldu...”

Birgə uzun ömür sürüb birgə qocalmaq istəyirdik, deyir, Pərvin xanım: “Bu da yarıda qaldı. Hərdən gözümü uzaqlara dikib xəyala dalıram. Sanki gələcək həyatımızı gözlərim önündə canlandırmaq istəyirəm. Xəyallar necə gözəldir... Çünki onun içində xoşbəxtlik var... Sevinc var... Səadət dolu gülüşlər var.. Şəhriyarlı günlər var... Xəyaldan ayılanda isə Şəhriyardan mənə yadigar iki gül balam var deyib, şükür edirəm”.

Elnurə İSAXA