Advertisment

Ceyhun Məmmədov: “Azərbaycanda bütün dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır”

Son zamanlar dünya miqyasında baş verən hadisələr arasında milli-dini ədavətin sürətlə inkişaf etməsi müşahidə olunmaqdadır.  Bu gün ən aktual problemlərdən birinə çevrilməkdə olan bu amil özündə mənfi təzahürləri əks etdirir. Bu da insanlar arasında xoşa gəlməyən mənfi hallar yaradır. Lakin ölkəmizdə bu tam əksinədir. Multikultural həyatı özünün yaşam tərzinə çevirən Azərbaycanda dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniyyətlərin dialoqu, tolerantlıq ənənələri yüksək səviyyədə inkişaf etməkdədir. Dinlərarası dostluq, qardaşlıq və əməkdaşlıq Azərbaycan gerçəkliyidir. Təbii ki, ölkəmizin bu istiqamətdə dünyaya örnək olması din-dövlət münasibətlərinin düzgün qurulması ilə şərtlənir. Bu mənada müxtəlif dini mənsubiyyətə malik insanların özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi kimi hiss etmələrini qeyd etmək olar. Onlar dövlətin diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Ölkəmizdə milli-dini müxtəliflik insanlar arasında birləşdirici funksiya daşıyır. Bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə diqqət göstərilir. Ölkə rəhbəri daim din xadimlərinə, dini ibadət yerlərinə diqqət və qayğı ilə yanaşır.  

Bu gün Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu deyən millət vəkili, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd edib ki, vicdan və etiqad azadlığı üçün dövlət hər cür şərait yaradıb. Millət vəkili hesab edir ki, bununla bağlı ölkəmizdə heç bir problem yoxdur. Ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğı Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindəndir. Ceyhun Məmmədovun fikrincə, bu siyasət sayəsində dövlət dini icmalara xüsusi ehtiramla yanaşır, hər il dövlət büdcəsindən onlara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyədində qeyd edilir: “Yəni dövlət bu istiqamətdə gərəkən bütün addımları atıb. Bu gün Azərbaycan çox azsaylı ölkələrdəndir ki, bütün dinlərin nümayəndələri burada sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Dövlətimiz onlara maddi yardım edir, diqqət göstərir və bununla bağlı davamlı olaraq tədbirlər görülür. Bu gün Bakıda 2200-dən artıq məscid var. Eyni zamanda Bakının mərkəzində iki sinaqoq, üç pravoslav kilsəsi, bir katolik kilsəsi fəaliyyət göstərir. Həmçinin Bakının mərkəzində erməni kilsəsi dövlətimiz tərəfindən qorunur, himayə olunur, xüsusi diqqət və qayğı göstərilir. Həmin kilsədə erməni dilində 5 min ədəbiyyat nümunəsi qorunub saxlanılır”.

Ölkəmizdə fəaliyyət göstərən kilsə və sinaqoqların inşası və yenidən bərpa edilməsi olduqca önəmli bir məsələdir. Millət vəkili bu işlərin yüksək səviyyədə təşkil olunduğunu bildirir: “Onu da qeyd edim ki, ölkəmizdə yalnız məscidlər deyil, eyni zamanda xristian kilsələri və yəhudi sinaqoqları da dövlət tərəfindən təmir və bərpa edilir. Xatırladım ki, 2011-ci ildə Bakının mərkəzində sinaqoq inşa edilərək yəhudi vətəndaşlarının istifadəsinə verilib. Həmçinin dövlət icmalarla görüş keçirir, dini bayramlarda ölkə rəhbəri müvafiq dinlərin nümayəndələrini təbrik edir. 

Bu istiqamətdə davamlı olaraq addımların birmənalı şəkildə atıldığının şahidi oluruq. Bütün bunlar  onu deməyə əsas verir ki, Azərbaycanda qeyd olunan istiqamətdə heç bir problem yoxdur. Respublikamızda fəaliyyət göstərən hər bir dini icmaya sərbəst şəkildə, maneəsiz fəaliyyət göstərmək şəraiti yüksək səviyyədə təşkil olunub”.

Ceyhun Məmmədov davamlı olaraq ölkəmizdə müxtəlif forumların keçirildiyini, həmçinin Azərbaycanda İlahiyyat institutunun yaradıldığını söyləyib: “Bu yaxınlarda İlahiyyat Kolleci yaradıldı. Bu proseslər bölgələrdə də gedir və hesab edirəm ki, bu mənada bizim çox geniş imkanlarımız var. Və bu imkanlardan biz maksimum dərəcədə bəhrələnirik”.

İnsan hüquq və azadlıqlarının qorunduğu iddia edilən bir sıra dövlətlərdə dözümsüzlüyün ən pik həddə olduğunu görməkdəyik. Bəzi Avropa ölkələrində dini məkanlara basqıların çoxaldığının, hətta yandırıldığının, nümayəndələrinin təhqir olunduğunun şahidiyik. Millət vəkili ölkəmizdə bunun tam əksinin müşahidə olunduğunu deyir: “Qeyd etdiyim kimi, biz bu cür problemlərlə üzləşmirik. Bu da ölkəmizdə dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan mühüm addımların nəticəsində olub. Prezident İlham Əliyevin rəhbərliyilə görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanda dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir”.

Ölkəmizdə bu sahədə aparılan siyasətin müsbət nəticəsi 44 günlük Vətən müharibəsində özünü göstərdi. Azərbaycanın haqq savaşında ölkəmizdə yaşayan bütn dinlərin nümayəndələri bir olaraq xalqımızın ətrafında birləşib möhtəşəm qələbəmizdə bizə dəstək oldular. Bu da Azərbaycanda formalaşan multikultural cəmiyyət modelinin nəticəsidir. Bu müharibədə biz 30 ilə yaxın işğal altında qalmış dini tarixi abidələrimizə qarşı ermənilər tərəfindən törədilən vəhşilikləri əyani şəkildə gördük və dünyaya nümayiş etdirdik. Lakin Azərbaycan bunun əksi olaraq hər zaman başqa dinlərə məxsus tarixi abidələri qoruyur, bərpa edir. Millət vəkili bildirir ki, bu gün bütün dinlərin nümayəndələri azad və rahat şəkildə öz inanclarına, dini dəyərlərinə sahib çıxa bilir, ibadətlərini edirlər: “Müxtəlif dövlət strukturlarında, həmçinin qeyri-hökumət təşkilatlarında müxtəlif etnik kökənli, fərqli dinlərə mənsub vətəndaşlar fəaliyyət göstərir. Və onların hər biri Azərbaycan dövlətinin inkişafına xidmət edir. Bu gün Azərbaycan təcrübəsi bir daha onu göstərir ki, müxtəlif mədəniyyətlərə, fərqli dinlərə mənsub olan xalqlar ölkəmizdə mehriban, sülh, əməkdaşlıq şəraitində yaşaya bilər”.   

Bəli, xalqımız daim müxtəlifliyə qarşı tolerant münasibət göstərib. Hər zaman qonaqpərvəliyilə nümunə olan Azərbaycan ölkəsinə gələn bütün xalqların nümayəndələrini yüksək səviyyədə qarşılayaraq ona isti münasibət göstərib. Bu fikirləri ölkəmizdə yaşayan dini icmaların liderləri də təsdiqləyirlər. Onlar xalqımızın öz dini tolerantlığı ilə seçildiyini qeyd edərək, bu dəyərin həm cəmiyyətimizin təbii xüsusiyyəti, həm də dövlətimizin siyasəti olmasını yüksək dəyərləndirirlər.  

Elnurə İSAXAN

Dini və milli tolerantlıq, millətlərarasımünasibətlərin inkişaf etdirilməsi