Advertisment

Azərbaycanda fikir, söz azadlığı yüksək səviyyədə təmin olunub

Bu gün ölkəmizdə fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədə təşkil olunub. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub. Hazırda hər kəsin müstəqil fikir bildirmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var.

Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı tədbirlər nəticəsində başa gəlib. Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər görüldü.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun unkişafında ciddi addımlar atıldı, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edildi.

Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, Azərbaycan jurnalistikası şərəfli tarixi yol keçib. Bu 148 ilə nəzərə saldıqda görərik ki, milli mücadilə və milli özünüdərk prosesində olduqca əhəmiyyətli rol oynamış olan jurnalistikamız, hər zaman öz mövqeyi ilə seçilib: “Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, fikir plüralizminin qorunması ilə bağlı vəziyyət kifayət qədər normaldır. Ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil medianın inkişafına, jurnalistlərimizin fəaliyyəti və sosial durumlarının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğı göz önündədir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması medianın və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyərlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən vacib elementlərdəndir. Hazırda mediamızın inkişafı ilə bağlı yeni bir mərhələyə də qədəm qoyduğumuzu da vurğulaya bilərik. Bu həm də Azərbaycan mediasının inkişafı və yeni çağırışlara hazır olmasını ilk növbədə hədəfləyən bir proses kimi qiymətləndirilməlidir”.

Vüqar Əliyev medianın dinamik və dəyişkən bir sahə olduğunu bildirib: “Texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını və özünüifadəsini daim dəyişir. Bu gün biz XIX əsrlə XX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XXI əsr jurnalistikasında da bir o qədər yenilənmənin şahidiyik. Bu yeniliklər müsbət tendensiyalarla yanaşı, mənfi məqamlarla da özünü göstərməkdədir. Təsadüfi deyil ki, biz hazırda “informasiya ekologiyası”, “informasiya manipulyasiyası”, “rəqəmsal irqçilik”, “dezinformasiyalar” problemləri ilə üzləşməkdəyik. Bu mənada şübhəsiz ki, cəmiyyətin bilgiləndirilməsini, maariflənməsini başlıca qayə olaraq götürməli olan mediamızdan cəmiyyətimizin gözləntiləri böyükdür. Biz də maksimum dərəcədə dünya jurnalistikasında gedən yeniliklərlə ayaqlaşaraq bu gözləntilərə cavab verməliyik. Təbii ki, prinsiplərimizi, jurnalistikanın ali dəyərlərini qorumaqla, onlara əməl etməklə. Bu mənada hər birimizin üzərinə ağır və məsulihyyətli vəzifə düşür”.

Demokratik Jurnalistlər Liqasının sədri, media eksperti Yadigar Məmmədli bildirib ki, yalnız ölkəmizdə deyil, dünyada gedən tendensiya ondan ibarətdir ki, sosial şəbəkələrin, internetin yaratdığı imkanlar, fikir, söz, məlumat azadlığı çox geniş perspektivlər yaradır: “Bu, Azərbaycanda da istisna deyil.  Ölkəmizin hər yerində internet var və hər kəs internetə qoşulub sosial şəbəkələrdə, internet resurslarında öz fikirlərini, məlumatlarını yaza bilər. Çoxlu sayda blogerlər, sosial şəbəkə aktivləri var. Onların TikTok, İnstagram, Facebook səhifələrində özlərinin xüsusi akkantları var. Statuslarından istədiyi məsələ ilə bağlı fikir bildirirlər. Yəni bu baxımdan bu mövzu ilə bağlı Azərbaycanda heç bir problem yoxdur”.

Medianın inkişafında innovativ texnoloji vasitələrin bizə yaratdığı bir sıra imkanlar mövcuddur. Media ekspertinin sözlərinə görə, jurnalistika elə bir sahədir ki, elm, texnikanın inkişaf etdiyi dövrdə ən öndə gedən həm də media olur: “Media innovativ texnoloji vasitələrdən hər zaman yararlanır. İndi artıq elə bir dövrdür ki, jurnalistə telefonu foto, video çəkməkdə və onu yaymaqda çox böyük yardımçıdır. Ötən dövrlə müqayisədə bu gün texniki imkanlar hər bir jurnalistə anında mobil telefonu ilə qeydə aldığı fotoları, video görüntüləri yüksək keyfiyyətlə istifadə edə bilmək şəraitini yaradır”.

Yadigar Məmmədli bu gün ölkəmizdə açıq informasiya cəmiyyətinin yaradılması, inkişaf etməsi üçün bir çox işlərin görüldüyünü bildirib: “Ölkə rəhbərliyinin bu məsələdə iradəsi ondan ibarətdir ki, Azərbaycan mətbuatı dövrə uyğun inkişaf etsin və ayaqda dursun. Son illər bununla əlaqədar media haqqında qanun qəbul olunub. Media haqqında qanuna indiki şəraitə uyğun müddəalar əlavə olunub. Mətbuatın, vətəndaş cəmiyyətinin inkişafı üçün üzərinə düşdüyü missiyanı ləyaqətlə yerinə yetirməsi baxımından media haqqında qanunda çoxlu sayda müddəalar var. Bəzən mediaya aidiyyatı olmayan, media prinsiplərini bilməyən şəxslər sosial şəbəkələr üzərindən çox sayda məlumatlar yayırlar ki, media haqqında qanunda bunların qarşısının alınması üçün maddələr də var. Yəni məsələ ondadır ki, sosial şəbəkələrin yaratdığı üstün cəhətlərlə yanaşı, onun gətirdiyi mənfiliklər də təəssüflər ki, günümüzdə mövcuddur. Hər kəs dəqiq olmayan saxta məlumatları, hətta böhtan xarakterli məlumatları burada yaya bilir. Bunun qarşısının alınması üçün də imkanlar var. Bu mənada ciddi mətbuat bu işdə daha aktivlik nümayiş etdirməlidir. Mətbuatda imzası tanınan jurnalistlər daha obyektiv olmalı, faktlara söykənərək informasiya dərc etməlidirlər ki, onun fonunda yalan şayiələr, böhtanlar, saxta məlumatlar kölgədə qalsın”.

Ekspertin sözlərinə görə, üzərimizə düşən missiya ondan ibarətdir ki, ciddi mətbuat çalışdığı zaman nəinki özünün media resursunda, eyni zamanda, özünün sərbəst olduğu sosial şəbəkələrdə, rəsmi məlumatdan kənara çıxmamalıdır: “Onun imzası məşhurdur, jurnalist kimi tanınır və ona görə də sosial şəbəkədə, özünün yaratdığı səhifələrdə statusları dəqiq məlumatlara istinad edərək yazmalıdır ki, yanlışlıq olmasın. Sosial şəbəkələr çox böyük arenadır və burada dəqiq, faktlara söykənən məlumatlar yer alarsa, təbii ki, o zaman yalan, böhtan xarakterli, heç bir əsası olmayan məlumatlar onun kölgəsində qalacaq. İmici olan xəbər portalları şərtlərə uyğun həcmi azaldılmaqla daha qısa formada informasiyaları yaymalıdırlar. Çalışıb belə informasiyaların sayını artırmaq lazımdır. Oxucu artıq səhv və ya düz informasiyanı ayırd edəcək”.

Elnurə İSAXAN

“Fikir, söz və məlumat azadlığının,

plüralizmin inkişaf etdirilməsi”