Advertisment

Yarımçıq arzular, puç olan ümidlər

“Vətən daşı olmayandan, olmaz ölkə VƏTƏNDAŞI” – deyib ustad şairimiz Məmməd Araz. İgid oğullarımız üçün vətən, torpaq, yurd hər zaman öndə dayanıb. Mərd oğullarımız daim dövlət uğrunda, vətən yolunda son damla qanlarınadək qəhrəmanlıqla mübarizə aparıb, ana vətənin hər daşını, torpağını müdafiə edərək əsl vətənpərvərlik nümunəsi göstəriblər.

Vətən sevgisi, vətən eşqi insanın qəlbində yaranan böyük bir ümmandır. Elə bu sevgi də bizi onun uğrunda qanlı mübarizə yoluna çıxardı. Elə bir yol ki, burda bizi nə gözləyəcəyi öncədən hamımıza məlum idi. Bu yol həm qürur, həm sevinc, bu yol həm də kədər, ayrılıq idi. Bu yol bizi Qarabağa apardı. Bir üzümüzü güldürdü, bir üzümüzü kədərə bürüdü. Bu yolda ailələr var ki, üzü güldü, şükür etdi, ailələr var ki, kədərə bürünüb göz yaşı tökdü. Amma bu yolda sevinc də el-obanın oldu, kədər də. Çünki sevinci də, kədəri də elliklə yaşadıq. Çünki bu yol bizə cəsur oğulların qəhrəmanlığı, igidliyi, mərdliyi sayəsində qanları, canları bahası ilə alınan gözəlliklər diyarı Qarabağı bəxş etdi. 

Vətənin hər qarışı uğrunda mərdliklə döyüşüb can qoyan igid oğullarımızı tanıtmaq, onları yad etmək isə ürəyi vətən sevdası ilə döyünən hər bir vətəndaşın müqəddəs borcudur. O oğullar ki, döyüşlərdə igidlik nümayiş etdirib, şəhadətə yüksəldilər, qazi oldular.

Bəli, vətən uğrunda aparılan mübarizədə azad olunmuş torpaqlarımızın sevincini yaşasaq da, ard-arda gələn şəhid xəbərindən yandıq-qovrulduq. Elimizin ən böyük kədəri olan bu xəbərlərdən nə qaça bildik, nə də yaxına buraxmaq istədik. Bu dərdin içində fəryad edən analarımızı, atalarımızı, qız-gəlinlərimizi, körpələrimizi ovundurmağa nə bir söz tapdıq, nə bir əlac.

Vətən uğrunda gedən qanlı döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib ən uca zirvədə yer alan igidlərimiz bizim kədər və nisgilimiz olduğu kimi, həm də fəxrimizdirlər. Adını əbədi olaraq Azərbaycanın qəhrəmanlıq tarixində qızıl hərflərlə yazdıran igidlərimiz arasında onun da adı var. “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən şəhid Əlihüseyn Məmmədov.

1998-ci il yanvarın 24-də Bakı şəhərində anadan olan Əlihüseyn Məmmədov bir müddət Şəkidə babasıgildə yaşayır. İlk təhsilə Şəkidə yerləşən 18 saylı orta məktəbdə başlayan Əlihüseyn sonralar Bakıya valideynlərinin yanına qayıdır və ibtidai təhsilini Xarici dillər təmayüllü gimnaziyada tamamlayır. Lakin ailənin qərarı ilə yenidən babasıgilə qayıdan Əlihüseyn orta məktəbi orada bitirir.

Yaxınları Əlihüseyn haqqında xoş xatirələrini bölüşərkən onun çox sakit, mədəni rəftarı, mehriban olması, qayğıkeşliyi ilə həmyaşıdları arasında seçildiyini deyirlər. Fərqli davranışı, hamıya xoş münasibətdə olması onu hər zaman sevdirib. Əlihüseyn dərslərinə ciddi yanaşması, əla qiymətlərlə oxuması ilə müəllimlərinin rəğbətini qazanmışdı.

Orta məktəbi yaxşı qiymətlərlə başa vuran Əlihüseyn 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstilik energetikası mühəndisliyi fakültəsinə daxil olur. Universitet illərində də dərslərinə ciddi yanaşan Əlihüseyn 2020-ci ildə buranı bitirir.

Uşaqlıqdan özü üçün müəyyən bir yol cızmağa çalışan Əlihüseynin xəyalları onun irəlidə atacağı addımlarda köməyi olacağına əmin idi. Hələ universitetdə təhsil alarkən ailəsi qarşısında fikirlərini açıqlayarkən ilk sözü bu olur: “Öz ayaqlarımın üstündə durmaq istəyirəm”. Baxmayaraq ki, ailənin maddi baxımdan təminatı yaxşı idi. Lakin Əlihüseyn hər şeyə öz zəhməti ilə nail olmaq istəyirdi. Hətta atasının ona gündəlik verdiyi cibxərcliyini belə qənaətlə işlədərək israfçılığa yol vermirdi. Ona verilən xərcliyi yığıb geyimlərini bəzən həmin pulla alardı.

“İşləməyən, dişləməz” düşüncəsində olan Əlihüseyn tələbəlik illərindən iş həyatına başlamağı qərarlaşdırır. Və ilk iş fəaliyyəti  “Araz” supermarketlər şəbəkəsində əvvəl satıcı, sonra kassir kimi başlayır.

Özünə qarşı son dərəcə məsuliyyətli olan Əlihüseyn iş yoldaşları arasında da hörmət qazanır. Daxilindəki müsbət keyfiyyətlər onun rəhbər heyətlə, iş yoldaşları, müştərilərlə düzgün münasibət qurmasına səbəb olur. Məhz bu baxımdan da rəhbər heyətin etibarını qazanır. Əlihüseynə hörmətlə yanaşan rəhbərlik imtahan zamanı işinə ara vermək məcburiyyətində qalanda ona güzəşt edirdi. Beləcə dərsləri ilə iş fəaliyyətini bir arada tutaraq onları tənzimləməyi bacarırdı.

Universiteti bitirdikdən sonra 2020-ci ildə vətənə olan borcunu yerinə yetirmək üçün Əlihüseyn hərbi xidmətə yollanır. Heç bir zaman ətrafındakılara əziyyət verməyi xoşlamayan Əlihüseyn gedərkən valideynlərinə tapşırır ki, tez-tez yanına gəlməsinlər.

Qəhrəmanımızın uşaqlığı nənə-baba yanında keçdiyinə görə Əlihüseyn onlara çox bağlı olur. Valideynləri uzaq məsafə olsa da nənəsini də götürüb övladlarını ziyarətə gedirlər. Əlihüseyn onların gəlişinə narazı olsa da, qəlbində bu görüşdən çox sevinir. Lakin heç kim bilmirdi ki, bu onların son görüşü olacaqdı.

2020-ci il sentyabrın 27-də bu ailənin də narahat günləri başlayır. Onlar yaxşı bilirdilər ki, Əlihüseynin qəlbindəki vətənpərvərlik hissi çox güclüdür. Bu səbəbdən də o, mütləq müharibədə iştirak edib torpaqlarımızın müdafiəsinə qalxacaqdı. Onların düşündüyü kimi cəsur qardaşımız Əlihüseyn qanlı döyüşlərə qatılaraq qəhrəmancasına vuruşur.

Əlihüseynin valideynləri hər gün böyük həyəcanla övladlarının telefon zəngini gözləyirdilər. Anası Arzu xanın hər dəfə oğlunun səsini eşidəndə bir az sakitləşirdi. Əlihüseyn anasına ön cəbhədə olduğunu söyləmir. Bilirdi ki, bunu eşidəndən sonra anası daha da narahat olacaqdı. Hər zəngində anasını rahatlamağa çalışırdı. Arzu xanım oğlu ilə son danışığını xatırlayanda gözlərini uzaqlara dikib xeyli xəyala daldı. Gözlərində kədərlə gülüş sanki bir-birinə qarışmışdı: “Çox sevincli idi. Sanki nəsə qazanmışdı və onun sevincini yaşayırdı, qürurla danışırdı: “Məndən narahat olma. Meyvə belə yemişəm” – dedi oğlum”. Bundan sonra 3-4 gün ondan xəbər gəlmir. Bu vəziyyət ailəni çox narahat edir. Arzu xanım getdikcə sanki pis bir xəbər alacağını hiss edirmiş kimi ürəyi sıxılmağa başlayır. Ata onun bu halını görəndə evdə tək qoymur. Deyir, oğlu şəhid olan gün Arzu xanım heç özündə olmur. Tez-tez halı dəyişirdi. Deyilənləri anlamaq vəziyyətində deyildi.

Ailəyə acı xəbəri verən zəng gələndə sanki hər şey bir anın içində dayanır. Qəhrəmanımızın gülüşlərinə, xoş baxışlarına, söhbətlərinə, xəyallarına, arzularına bu zənglə son qoyulur. Ailənin keçirdiyi hissləri söz belə yetmir ifadə etməyə. Bu zəngin arxasında yarımçıq arzular, puç olan ümidlər vardı. Bunun bir təsəllisi isə ən uca zirvədə dayanan Şəhidlik.

Şəhidlik böyük zirvədir, onun yeri əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Söhbət açdığım qəhrəmanım da məhz belə oğullardan idi. Kimsə qarşısında əyilməyən qorxmaz, mərd, igid, cəsarətli. Qısa, lakin şərəfli ömür yolu yaşadı Əlihüseyn Məmmədov. Bu gün onun şirin xatirələri yaşadır Arzu xanımı. Oğlunun mərdliyi, vətənpərvərliyi, qəhrəmanlığı ilə təsəlli tapır bu həyatda.

İxtisasca müəllim olan Arzu xanım şagirdlərinə aşıladığı vətənpərvərlik tərbiyəsi oğlunun da bu ruhda böyüməsində öz bəhrəsini verir. Anasının vətənpərvərlik ruhunda tədbirlər hazırlaması, bu işlərini sevərək həyata keçirməsi Əlihüseyni çox ruhlandırırdı. Bu gün də fəaliyyətini məhz bu istiqamətdə yüksək səviyyədə davam etdirir.

Suraxanı rayonu 226 saylı orta məktəbdə direktor vəzifəsində çalışan Arzu Məmmədova mütəmadi olaraq vətənpərvərlik ruhunda tədbirlər təşkil edir, şagirdlərin bu ruhda tərbiyə olunmasında əlindən gələni əsirgəmir. Müəllim kollektivinə də daim şagirdlərin milli-mənəvi tərbiyəsinə və vətənpərvərlik ruhunda böyüməsinə, şəxsiyyət kimi formalaşmasına ciddi yanaşmalarını tövsiyə edir.

Elnurə İSAXAN

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi