Advertisment

DİLARƏ AĞAMUSA - “Borc”u ödəmək həqiqətən şərəflidir!

Bir qadın tanıyıram... Parlaq əməllərin sahibi olan ziyalı qadın... Hansı  ki, bütün möhtəşəm ölkə tədbirlərində fəallığı, xeyirxahlığı, humanistliyi ilə seçilir.  Ömrünü Bakı milyonçusu- xeyriyyəçi babası - Ağa Musa Nağıyevin xeyriyyəçiliyini və ictimai  fəaliyyətini elmi tədqiqatlara, araşdırmalara həsr edərək bu günə qədər insanların bilmədiyini üzə çıxarır. Hansı ki,  bir ocağın tüstüsündə əbədi yanan və yandıqca alovu müxtəlif ölkələrə yayılan,  ömürə ömür verib yaddaşlarda yenidən yaşadır...  Ali insanlığın məziyyətlərini bu kübar qadının məfkurəvi simasında görmək, baxdıqca öyrənmək  şərəfi  mənə  də nəsib olub. Özü  isə gələcək nəsillərə miras qalacaq  yazdığı cild-cild kitablarla, sənədli filmləri  ilə babasının  layiq olduğu haqqıını qaytarmaq, elinə-obasına xeyir verən bir insanın ruhu qarşısında borcunu ödəmək şərəfinə nail olub.  

Haqqında söz açdığım  xanım tarix elmləri üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü , Yeni Azərbaycan Partiyasının,  Azərbaycan Respublikası Əsilzadələr Məclisinin, Azərbaycan Yazıçılar və  Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikasının Qeyri Hökumət  Dövlət  Dəstəyi Agentliyinnin nəzdində A.M.Nağıyevin adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyin (QHT) təsisçisi, Respublika Qadınlar Cəmiyyətinin sədr müavini, “Simurq“ Azərbaycan Mədəniyyət Assosiasiyasının Fəxri üzvü, Prezident təqaüdçisi, Tərəqqi medallı Dilarə Nağıyeva – Muxtarova  dünyada neft  milyonçusu-xeyriyyəçisi kimi tanınan  Ağa Musa Nağıyevin nəslindəndir.  Onun dərin mənalı baxışlarından  süzülən həyat hekayəsinin fəlsəfi düşüncələri  keçmişindən bu günədək söz açır.  

Dilarə xanım 1940-cı ilin may ayının  23-də Rusiya Federasiyasının Dərbənd şəhərində anadan olan və bir müddət qürbətdə yaşama səbəblərini soyunun didərgin düşməsilə bağlayaraq  atası haqqında deyir ki, Fərəc Nağıyevin 1929-cu ildən 1951-ci ilədək- Orta Asiyada, Dağıstanda və  Azərbaycanın ucqar rayonlarında  teatrların təşkilində və təbliğində böyük rolu olubdur.  Fərəc Nağı təxəllüsü ilə tanınan atası unudulmuş “Qaravəlli” xalq meydan oyunlarına yeni nəfəs vermiş, 1967-1970-ci illərdə Mərkəzi Komitənin Katibi Şıxəli Qurbanovun imzası ilə “Qaravəlli” ssenarisinin təsdiqlənməsinə nail olmuşdur.  İncəsənət fədaisi olan atasının  bu günü əks etdirən  200-ə yaxın satirik şeirlərini,  rejissor, aktyor, rəssam, dekorator və bədii rəhbər kimi incəsənət aləmindəki fəaliyyətini işıqlandırmaq və yaşatmaq da Dilarə xanımın  sevərək gördüyü  işlərə aiddir.  

Damarlarında axan  istedad Dilarə xanımı Azərbaycan Dövlət İncəsənət Universitetindən yan etməyib.  O sənətşünas  ixtisasına yiyələnərək  əmək fəaliyyətinə başlayıb, 1970-ci ildən “Azərbaycanfilm” Kinostudiyasında kadr üzrə direktor müavini olmaqla,  kino sahəsində kadrların düzgün secilərək ixtisaslarına uyğun yerləşdirilməsində böyuk işlər görüb, Azərbaycan Televiziya kanalı ilə “Kino yenilikləri” verilişinin ilk aparıcılarından olub, onu beş  sənədli filmin layihə rəhbəri kimi də tanıyırlar. Ali Partiya Məktəbində ikinci  ali təhsili almış Dilarə xanım, əmək fəaliyyətini 1977-ci ildən 2001-ci ilədək Ticarət Nazirliyində kadr üzrə mütəxəssis olaraq  davam etdirib.  43 yaşında 25 illik səmərəli əmək fəaliyyəti nəzərə alınaraq “Əmək veteranı” medalına layiq görülüb.  Gənc zabit kadrlarının hazırlanmasında yaxından göstərdiyi mənəvi dəstək və hərbi vətənpərvərlik xidmətlərinə görə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin “Fəxri Fərmanı”na,  yazıçı və jurnalistika qabiliyyətinə görə Azərbaycan Respublikası Həmkarlar İttifaqının Rəyasət Heyətinin “Qızıl Qələm”, Gürcüstan Respublikasının M.F. Axundov Muzeyinin rəhbərliyi tərəfindən “Fəxri Fərman” və “Təşəkkürnamə” ilə təltif edilib. Qazandığı uğurlar yeni cığırlara yol açıb.  Azərbaycanın tarixini və dahi şəxsiyyətləri haqqında araşdırmalara başlayıb.  Dünyada neft milyonçuları sırasındabirincilik qazanmış babası Ağa Musa Nağıyev haqqında böyüklərindən eşitdiklərinə əsaslanaraq  tarixi faktlarını ortaya çıxarıb və  apardığı tədqiqatlar uğurlu nəticələrlə imzalanıb. Bu günə qədər fəaliyyətindəki nailiyyətlərə görə müxtəlif dövlət və media mükafatlarına layiq görülən Dilarə xanım  ixtisasca sənətşünas, iqtisadçı olsa da bu gün o, dünyanın bir sıra ölkələrində  təkcə tarix elmləri üzrə fəlsəfə doktoru, alim, xeyriyyəçi  qadın kimi deyil, həm də  nurlu əməllərin sahibi, azərbaycançılıq məfkurəsinin təbliğatçısı və Bakının neft milyonçusu Ağa Musa Nağıyevin nəvəsi kimi tanınır.    

-Dilarə xanım,  babanızın adını daşıyan “Milli Dəyərlərin Qorunması” İctimai  Birliyinin  təsisçisi kimi indiyədək bir sıra layihələri həyata keçirir və özünüz xeyriyyəçiliklə məşğul olursunuz.  Tarixi şəxsiyyətlərdən olan  babanız Ağa Musa Nağıyevin  həyatının araşdırmaçısı olmaqda çətinliklərlə üzləşdinizmi? 

-XIX əsrin sonu və XX əsrin əvvəllərində Abşeronda yaşanmış neft “bumu” əsnasında  formalaşan özü kasıb bir ailənin içində dünyaya göz açan və bugünədək  unudulmayan  Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev, Ağabala Quliyev və başqa iş adamlarının nəsli öz istedadı, fərasəti və zəhməti sayəsində milyonlarla sərvət qazanaraq səxavətlə bir hissəsini xalq və Vətən yolunda xərcləməyi özlərinə borc biliblər. Tanrının verdiyi nemətin təkcə onlara məxsus olmadığını düşünən bu nəcib və cəfakeş sahibkarlar xalq üçün çalışıblar.

Milli dəyərlərimizin qorunması istiqamətində tarixi həqiqətlərin üzə çıxarılması prosesinə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra imkan verildi.  Nəvə kimi özümə borc bilib ömrümün 33 ildən çox hissəsini  babam  Ağa Musa Nağıyevin həyatını araşdırmağa həsr etməkdən  xüsusi zövq alıram.  İnsan ali məqsədinə çatmaq üçün daim irəliyə can atır, istək və həvəs olan yerdə çətinlikləri dəf edir. Qarşıma qoyduğum  məqsədə nail olmaq üçün uzun illər arxivlərə üz  tutdum, yorulmadan çalışdım, nəticələr öz əksini ciddi elmi kitablarımda tapıbdır. Elmi tədqiqatlarımın mərkəzində Azərbaycan  milyonçusu və mesenatı Ağa Musa Nağıyevin dövrü, mühiti, epoxası və fəaliyyət sferası durur. Ümumilikdə gördüyüm  işlərlə o dövrdə çoxlarının xəsis kimi tanıdığı - əslində,  xeyirxah  olan babam  haqqında düzgün təsəvvür yaradaraq  Qeyri Hökümət Təşkilatı İctimai Birliyinin möhürü  ilə Venzelini - daş kitabəsini yaşadıram. Alimlik dissertasiya mövzusunu milyonçu Ağa Musa Nağıyevin sahibkarlıq, xeyriyyəçilik və ictimai fəaliyyətinə həsr edən Bakı milyonçularının  varislərinin ilk nümayəndəsiyəm. Babamın adını  təxəllüs götürmüşəm  və bununla qürur duyuram.  Tarixi şəxsiyyətləri bütün nəsillərin tanıması labüddür. 

-Bisavad, “xəsis”  damğası  vurulan, lakin böyük ürək sahibi olan Ağa Musa Nağıyevin müasir  dövrə qədər qalan və yararlı olan tikdirdiyi tarixi binalar haqqında nələri araşdıra bildiniz? Bu tarixi binalar sahibkarı haqqında hansı fikri yaradır?

-Xalqının gələcəyini düşünən babam 100 bina tikdirmək arzusunda olub, ancaq amansız  əcəl imkan verməyib.  Vaxtız vəfat etmiş oğlu İsmayılın  xiffətini çəkən Ağa Musa 1919-cu ilin martın 4-də vəfat edib.  Tikdirdiyi  98  mülk, bunlarından 4-nün  xəstəxana olan hər birinin həyatda öz missiyası var. Xəstəxanalar, poçt idarəsi, mehmanxanalar, məktəb, yığıncaqlar üçün tikdirdiyi binalardan “İsmailiyyə”  sarayı bu gün də öz əhəmiyyətini itirmir və  binaların əksəriyyətinin üzərində Emblem – daş kitabə mövcuddur.   Hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzində soykökünü MH hərflərilə həkk etdirməklə yaratdığı daş kitabə - VENZEL - Emblem Ağa Musanın keçmişini unutmadığından nişanədir. Bu Venzel həm də insana milyonçunun daşlaşmış möhürünün təsirini bağışlayır. Binalardan şah əsəri kimi qəbul olunan  istiqlaliyyət ocağı “İsmailiyyə” sarayı (indiki AMEA-nın Rəyasət Heyəti) arxitekturası və gözəlliyi ilə seçilir.  Göz önündə olan faktlar və elmi təqdiqatlarım sübut edir ki, bu gün də yararlı olan tarixi əhəmiyyətli binaları babam  xalqın  işıqlı gələcəyi naminə tikdirib.  Himayəçisi olduğu Realnı Məktəbdə  (indiki İqtisad Universiteti) müsəlman qızlarının, özünün fəhlə işçilərinin, habelə gənclərin təhsil almalarıına yardımçı olub. Ağa Musa Nağıyev  98 sayda bina tidirməklə, onun xeyriyyəçiliyinin bir ucunun Türkiyəyə aparılması,  xarici banklarda 413 milyon  yatırımı olmaqla dünya tarixində  milyonçular arasında birinciliyi qazanıbdır.  Babam İsmailiyyə, ilk Poct Evi, Yığıncaqlar Evi, Novaya Yevropa və Astoriya mehmanxanalarını tikdirməklə sağlığında öz heykəlini ucaldıb, adını əbədiləşdirib. Xeyirxah  əməllərin sahibi kimi yaddaşlarda məskən salıb. Mən isə elmi tədqiqatlar və araşdırmalarımla babamın haqqını özünə qaytarmağa səy  göstərirəm. 

-Müasir dövrdə hər bir regionda  tikinti işləri aparılır,  göydələnlər tikilir. Bu işi  görənləri  zamanın xeyriyyəçiləri adlandırmaq  olar?

-Xeyriyyəçiliklə məşğul olmaq əliaçıq insanlara şamildir. Bir manatı olan onu kiminləsə  bölüşməyi bacarırsa, deməli, əsl xeyriyyəçidir. Düşünürəm ki, bu gün -17 mərtəbəli göydələn tikdirib satışında sakinlərin dərisini soymaqla öz övladının yaşaması üçün  miras qoyan xeyriyyəçilik etmir. 11  yaşında Biləcəridən Bakıya işləmək üçün ayağıyalın gələn və zəhməti sayəsində Bakının 11 neftdxudasından biri olan samançı oğlu Ağa Musa Nağıyevin ömrünün sonuna qədər xalqının gələcəyini düşünərək miras qoyduğu binalar isə xeyriyyəçiliyinə dəlalət edir. Babamın  xalqa bağışladığı  E.Əfəndiyev adına 2 nömrəli Şəhər Xəstəxanası (uzun müddət Şaumyanın adı ilə məşhurlaşmış), Ana və Pediatriya İnstitutu (OMD),  əvvəllər adını daşıyan  indiki Səhiyyə Nazirliyinin binası, bu gün məhz xəstəxana mahiyyəti nəzərdə tutduğu 12 nömrəli Sabunçu Poliklinikası kimi tanıdığımız və s. bu kimi tikililər  onun yalnız insanların xoş  rifahı və  sağlam yaşam tərzi üçün çalışdığını sübut edir. 

İndiki sahibkar kişilərin belə jest  göstərməkdə siyahıya düşməkləri qeyri-mümkündür, çünki pul şirin olduğu üçün onlara hər şeydən üstündür.  Xeyriyyəçiliyinin sədaları indi də Türkiyədən və Rusiyadan gələn babam  hamballıqla qazandığı pullardan düzgün  istifadə etməklə əsl milyonçu və xeyriyyəçi olub. Pul qazanmaq - igidlik, onu əldə saxlamaq- bacarıq, ondan düzgün istifadə etmək – istedad tələb edir. Bu Ağa Musa babamın şüarı olub.

-Deyilənlərə görə  zərif çiyinlərinizdəki nəsil şəcərəsinin ağır, unudulmuş yükünü yüngülləşdirə bilmisiniz.  Babanızın qəbrinin başqa yerə köçürülməsi və daimiləşdirilməsini özünüzə borc bildiniz?

-1931-ci ildə Ağa Musa babamın məzarı Çəmbərəkənddəki ilk qəbrindən Biləcəri qəbiristanlığına, 1938-ci ildə isə Biləcəridəki qəbiristanlığında dağın başına köçürülüb.  Dövrün tələbinə görə bu qəbiristanlıqlar dağıdılıbdır. Uzun illər adı yaddaşlaşmış,  haqqında kimsənin cürət edib danışmadığı  milyonçu  babamın  ayaq  altında qalmış, sayca 3-cü   “əmanət” qəbrini  1998-ci ildə ata yurdunda Biləcəri kəndinin qəbiristanlığında əbədi evinə kəfənləyib,4-cü qəbrə qoydurmuşam. Məzarı üstünə büstünü qoydurmağa, hər kitabımın işıq üzü görməsinə, binaların axtarışına, elmi adın almasına, adına qeyri-hökumət təşkilatı yaratmağıma, haqqım  çatdığı üçün döydüyüm qapıların açılmasına sərf etdiyim illər məni qocaltmadı, əksinə mənə ruh yüksəkliyi verdi. İndi mənə baxanlar öz yaşımı vermirlər. Özümü dünyanın xoşbəxt insanı sayıram, çünki Nağıyevlər  nəslinin  ruhu qarşısında “borc” bildiklərimi həyata keçirməyi bacarıram. Bunun üçün acı tale yaşamış babama və atama, bir də daşıdığım Nağıyev  soyadına minnətdaram. 

Dilarə Ağamusanın  tarixi araşdırmalarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirilmişdir. Azərbaycanın tarixini və tarixi şəxsiyyətlərini, xalqımızın  milli-mədəni  irsini bədii əsərlərində təbliğinə görə Mərkəzi Zabitlər Evinin, Türk Xalqları Ümumdünya Konqresi Prezidentinin və Yasamal Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Fəxri Fərmanları , “Qafqaz Media”İB-nin “Ustad qələm sahibi”, Beynəlxalq Sülh Federasiyasının “Sülh Səfiri” diplomlarına, “Zamanın sorağında” kitabına görə isə Akademiyanın “Humay” milli mükafatına, Dədə Qorqud Fondunun “Mehriban ana” altun medalına ,  Azərbaycan Respublikasının  Qadınlar Cəmiyyətinin “Fəxri Fərmanı”na, “2017-ci ilin Xeyriyyəçi Qadını” nominasiyasına, Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə ölkə prezidentinin pul mükafatına və s. layiq  görülən milyonçunun  nəvəsi haqqında isə ensiklopediyada, antologiyalarda və başqa kitablarda maraqlı yazılar dərc olunub. 

“Zamanın sorağında”, “Nurlu əməllərin sönməyən işığı”   və başqa  kitabları kimi onun son vaxtlarda çapdan çıxan, sayca  doqquzuncu  “Hər ömür  isə bir tamaşa” adlı kitabı da oxucular tərəfindən maraqla qarşılanır. Bu kitabda arxivlərdən topladığı tarixi sənədlərə istinad edərək təhlillər aparmış, Ümmül-Banu – Banin, İsmayıl və Fərəc Nağıyevlər, M.Muxtarov, Züleyxa Əsədullayeva, Yelizaveta Qriqoryevna, Xədicə Əsədullayeva – Nağıyeva,  Murad  Nağıyev,  Liza Muxtarova və digər şəxslər haqqında yazmış, dövrün hadisələrinə, mədəniyyət  xəbərlərinə, ictimai-sosial məsələlərə, maarif və xeyirxahlıq məsələlərinə  maraqla yanaşaraq geniş yer  ayırmışdır. 

Peşəkar  tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, qayğıkeş ana, sevimli nənə, mehriban və səmimi insan olan milyonçular nəslinin yeganə varisi dəyərli ziyalı Dilarə xanımın sürdüyü 84 illik mənalı ömür yolunun pillələrindən sabahın aydın üfüqləri görünür. Cahana şəfəq saçan bu üfüqlərdəki qızartılar: - İki ömür yaşasaydım, yenə Ağa Musa Nağıyevin tədqiqatçısı olardım , - deyən və gənc nəslə canlı həyat nümunəsi olan  nəvə Dilarənin nəfəsini hər tərəfə yayır. 

Dilarə xanımla söhbət etdikcə onun bəyaz saçlarının  hər dənində nəsil-nəcabətdən gələn fədakarlıq,  zəhmətsevərlik, çalışqanlıq, sadəlik, xoş səmimiyyət kimi irsi keyfiyyətləri aydın görmək olur. Zəngin mənəviyyata malik olan Dilarə  Ağamusanın  mənə dikilən gözlərindən onun hələ də elmi axtarışlarının davam edəcəiyini görürəm və bu yolda ona  uğurlar arzulayıram! “Borc”u ödəmək həqiqətən şərəflidir!

Rəna TƏBƏSSÜM (İMANOVA), 
Azərbaycan Jurnalistlər Birliyinin üzvü