Advertisment

“Məhz buna görə də Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsindəki çıxışını Azərbaycan üzərində qurub” - Politoloq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünə həsr olunmuş rəsmi tədbirdə çıxış edib. Mirzoyanın sözlərinə görə, Ermənistan inanır ki, beynəlxalq məhkəmə sisteminin yaradılması son dərəcə vacibdir: “Onilliklər ərzində, hətta Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmazdan əvvəl Ermənistan soyqırımın qarşısının alınması və pislənməsi proseslərində qabaqcıl olub. Təəssüf ki, bölgəmizdə nəinki problemi sülh yolu ilə həll etmək üçün tam iradə çatışmazlığı, həm də açıq-aşkar müharibə, nifrət və terror səpmək niyyəti ilə qarşılaşırıq. Ermənistana qarşı davam edən təcavüz və suveren ərazilərimizin işğalı, ermənilərə qarşı törədilmiş dəhşətli cinayətlər, Dağlıq Qarabağda 100 mindən çox ermənini öz yurd-yuvasını tərk etməyə məcbur edən etnik təmizləmə və fəlakətli humanitar nəticələr bölgəmiz üçün təhlükə yaratmaqda davam edir. Bu kontekstdə biz əminik ki, Roma Nizamnaməsi regionumuzda sabitlik və davamlı sülh üçün etalon olmaqla, gərginləşmənin və vəhşiliklərin qarşısını almaq üçün real potensiala malikdir”.

Azərbaycanla sülh müqaviləsinin bağlanmasına hazır olduğunu dəfələrlə bildirən Nikol Paşinyan nəyə görə öz məmurlarına Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağı tapşırmır?

Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov Herbiand.az-a bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın baş nazir Nikol Paşinyanın yeritdiyi siyasət və ya səsləndirdiyi bəyanatla ziddiyyət təşkil edən fikirlər səsləndirməsi birinci dəfə deyil:

“Ötən ilin sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilən iclaslarda xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan tərəfinin Qarabağdakı ermənilərə qarşı zorakılıq tətbiq etməsi və zorla köçürməsi barədə fikirlər səsləndirsə də sonradan Nikol Paşinyan bu fikirləri təkzib etmiş və real vəziyyətin tamamilə fərqli olduğunu bildirmişdi. Eyni zamanda, Paşinyanın komandasına daxil olan digər yüksək rütbəli siyasətçilər - Parlamentin spikeri Alen Simonyan, Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan da mütəmadi olaraq Paşinyanın yeritdiyi siyasətlə uzlaşmayan siyasi bəyanatlar səsləndirirlər. Diqqət yetirmək lazımdır ki, Ermənistanda daxili-siyasi vəziyyət gərginləşəndə və ya dövlət siyasi kursunda həlledici qərarlar qəbul etmək lazım olanda bu ziddiyyətlər daha da kəskinləşir”.

Bakı Dövlət Universitetinin professoru vurğulayıb ki, Ermənistanın xarici işlər nazirinin Beynəlxalq Cinayət Məhkəməsinin tədbirində çıxışı zamanı səsləndirdiyi fikirləri ölkə daxilindəki iqtidar-müxalifət qarşıdurmasının şiddətləndiyinin əlaməti kimi qiymətləndirir:

“Məlum olduğu kimi, son günlər Paşinyan və onun ətrafındakılar Avropa və ABŞ-a yaxınlaşmaq istiqamətində atdığı addımların istədikləri nəticəni vermədiyini görüb ciddi narahatlıq içindədirlər. Avropa Ermənistan qarşısında onun təhlükəsizliyini təmin etmək istiqamətində üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək, onu Rusiyanın gözlənilən hücumundan qorumaq məsələsini həll edə bilmir. Ermənistan hakimiyyəti xarici siyasətində yeni müdafiəçilər axtarmaqla yanaşı Rusiya ilə sındırılan körpüləri bərpa etmək haqqında düşünür. Ermənistan sözün həqiqi mənasında ciddi dilemma qarşısındadır. Çünki yaxşı başa düşürlər ki, Rusiya ilə köhnə münasibətlərin bərpa olunmasında atacaqları addımlar Avropa və ABŞ tərəfindən müsbət qarşılanmayacaq. Rusiya da yeni münasibətləri köhnə komanda ilə qurmaqda maraqlı deyil”.

Əlimusa İbrahimovun sözlərinə görə, elə məhz buna görə də Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsindəki çıxışını demək olar ki, Azərbaycan üzərində qurub:

“Amma bütün siyasi dairələrə məlumdur ki, Paşinyanın komandasının Roma Nizamnaməsinə qoşulmasının ilk hədəfi Rusiya Prezidenti Vladimir Putin idi. Daha doğrusu Putinin ayağını Ermənistandan kəsmək üçün belə addım atılmışdı. Beləliklə, Ermənistan xarici işlər nazirinin Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını Azərbaycanla əlaqələndirməsi təbii ki, sülh müqaviləsi istiqamətində danışıqları daha da çətinləşdirir və onun imzalanması müddətini daha da uzadır. Təbii ki, Azərbaycanda Ermənistan rəhbərliyində təmsil olunmuş bu şəxslərin manevrləri diqqətlə izlənilir və onun qarşılığında adekvat tədbirlər alınır”.

Bəxtiyar CƏFƏRLİ