Advertisment

İslam dini bəşəri din və böyük inqilabdır - MÜSAHİBƏ

Bir vaxtlar Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə  böyük uğurla rəhbərlik etmiş, Azərbaycan elmində, fəlsəfəsində, filologiyasında çox böyük işlər görmüş, fəlsəfə elmləri doktoru, professor  Rafiq Əliyevlə hər görüşümüzdə mən onu dinləməkdən yorulmuram və hər dəfə ondan nə isə öyrənirəm. Və hətta  bəzən onun maraqlı söhbətlərindən  təəccüblənirəm. Onu da vurğulayım ki, məni təəccübləndirmək də elə asan deyil. Bunu yalnız dərin biliyə, savada və yüksək siyasətə, təfəkkürə  malik olan insan  bacara bilər. Bu dəfəki söhbətimizdə  və müsahibəmizdə də  Rafiq müəllim məni maraqlı cavabları ilə təəccübləndirdi və həm də çoxlu qaranlıq məsələlərə aydınlıq gətirdi.

-Salam, Rafiq müəllim. Davamlı olaraq yazırsınız?

-Əlbəttə. Davamlı olaraq yazmasam, daxilən narahatlıq keçirirəm. Hələ yazmadığım çox məqamlar var. Onları axirətə saxlaya bilmərəm. Onları sağlıq olsun, hökmən yazacam.

- Cəmiyyətdə daha çox fəlsəfə və din üzrə araşdırmalarınız diqqət çəkir. Fəlsəfə və din – sovet dönəminin ziddiyyəti, müstəqillik dövrünün reallığıdır. Fəlsəfənin məqsədi öyrənmək, dinin vəzifəsi öyrətməkdir. Eyni zamanda da fəlsəfə dini inkar edir...

-Marksizmin banisi Karl Marksın bir deyimi var:  “Məhəmmədin böyük inqilabı”. Yəni İslam dininin yaranmasını Karl  Marks insanların şüurunu dəyişmək istiqamətində ən böyük inqilab hesab edirdi.

- Sizcə Karl Marks niyə belə düşünürdü? Axı İslamdan əvvəl də dinlər var idi.

-İslamdan əvvəlki dinlər müəyyən qrup insanların şüurunu dəyişməyə  hesablanmışdı. Məsələn, yəhudiliyin özü də şüuru dəyişmirdi, sadəcə olaraq, bir xalqa - yəhudilərə xidmət edirdi. Xristianlıq da şüuru dəyişmirdi, o, əsasən, aşağı təbəqədən olanları müdafiə edir, onlara İlahinin yardım göstərdiyini iddia edirdi. Üzləşdikləri çətinliklər zamanı Allaha sığınmağı, səbr etməyi, təslimçilik mövqeyində olmağı aşılayırdı. Eləcə də digər dünyəvi dinlər... Amma İslam tam fərqli bir anlayışdır. O, ilk növbədə bəşəri dindir, istisna olmadan hamı üçündür. İnsanların şüurunu dəyişmək üçün ən yaxşı metodlar məhz bu dindədir. Bunu mən demirəm, dünyanın elm adamları, filosoflar, psixoloqlar deyir. Təcrübə də deyilənləri təsdiqləyir.

Ümumiyyətlə, gəlin baxaq görək nə üçün İslama bəşəri din deyirlər? Yəhudilik təkcə yəhudi millətinin dinidir. Xristianlıq əzilmiş, haqsızlığa düçar olmuş, əlacsız, yoxsul insanların dinidir. İsa peyğəmbər yəhudilikdən bəzi elementləri çıxarıb yeni bir din - xristianlıq dini yaratdı. Yəhudiliyi təsadüfən seçilmişlərin dini adlandırmırlar. Çünki yəhudilik həqiqətən aristokratlar, xristianlıq isə daha çox yoxsul təbəqə üçün nəzərdə tutulub. Elə bu addımı atdığına görə İsa Peyğəmbəri çarmıxa çəkdilər. İslam isə bəşəri dindir. İslamda millət məfhumu yoxdur, o, Allah ilə bəndə arasında heç bir vasitəyə ehtiyac görmür. İnsan birbaşa Allahla ünsiyyətə girir, Ona itaət və ibadət edir. İslamda insan şüurunu xeyir əməllərə yönəltmək üçün kifayət qədər səmərəli vasitələr var. Dəyişmək dedikdə təbii ki, yaxşıya, müsbətə doğru dəyişiklikdən söhbət gedir. Çünki bu din insana pis heç nə təlqin etmir. Məhz buna görə mən hər zaman deyirəm ki, İslam təkcə müsəlmanların yox, bütün bəşəriyyətin dinidir.

- Bildiyiniz kimi, bu gün ərəb coğrafiyasında baş verənləri – müharibə və terroru daha çox İslamla əlaqələndirirlər. Ərəb coğrafiyasına yaxşı bələd olan, uzun illər həmin dövlətlərdə fəaliyyət göstərmiş biri kimi sizə elə gəlmirki  İsrail bu gün Rusiyanın Ukraynada düşdüyü bataqlığa düşüb?

-İsraillə Rusiyanın bugünkü durumunu müqayisə etdikdə belə qənaətə gəlmək olar ki, İsrailin düşdüyü bataqlıq daha dərindir. Bu vəziyyətdən İsrail çox böyük çətinliklə çıxa bilər və çıxsa da, artıq əvvəlki kimi güclü İsrail dövləti olmayacaq. Mən əminəm ki, baş verənlərin fonunda Fələstin dövləti də yaranacaq. Fələstin dövləti yaranmasa, elə bir ehtimal var ki,  İsrail bir dövlət kimi məhv olsun. Vəziyyət həddindən artıq ciddidir. Demək olar ki, Yaxın Şərqin bütün qüvvələri İsrailə qarşı hədə dolu fikirlər səsləndirirlər. Bu fikirlər tezliklə əmələ çevrilə bilər. O zaman İsrail hücumların qarşısını ala bilməyəcək.

- Qayıdaq Azərbaycana. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ilk sədri siz olmusunuz və bildiyimə görə, Komitənin ilk əsasnaməsinin hazırlanmasında da məhz sizin böyük rolunuz olub. Həmin illər bu sahədə gərginlik mövcud idi. Məhz o dövrdə ərəb və türk təriqətlərinin Azərbaycana axını başlamışdı. Vəhabilər icma halında məscidlərdə toplaşırdılar, nurçular hakimiyyətin müəyyən qolları ilə təmas qururdular. Dövlətin dini təriqətlərə bu qədər azadlıq verməsinin səbəbi nə idi?

-Acınacaqlı olsa da deməliyəm ki, o dövrdə dövlətin dini məsələlərlə məşğul ola biləcək sanballı bir qurumu yox idi. Hüquq-mühafizə orqanlarında da bu məsələ ilə məşğul olanların sayı olduqca az idi. Əvvəlcə belə qərara gəlmişdilər ki, Prezident Aparatının nəzdində bu sahə ilə məşğul olacaq yeni bir şöbə yaradılsın. O zaman həmin şöbənin müdiri vəzifəsi mənə təklif olundu. Amma mən fikrimi bildirdim ki, Prezident Aparatının nəzdində yaranacaq bir şöbə dinlə bağlı mövcud olan mürəkkəb situasiyanı həll etmək iqtidarında olmayacaq. Çünki operativ qərar verməli olacağı məqamlarda şöbə bir neçə pillə özündən yuxarılara məruzə edənə kimi artıq problem əhəmiyyətini itirəcək və yaxud da situasiya nəzarətdən çıxacaq. Təklif etdim ki, bu işlə məşğul olacaq müstəqil qurum təsis edilsin. Dövlət başçısına təklifim çatdırıldı və mən Heydər Əliyevin qəbulunda oldum. Görüş zamanı dövlət başçısı tövsiyələrini verdi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərini müəyyənləşdirdi. Məni Komitəyə sədr təyin etdi, qarşıma müəyyən vəzifələr qoydu və bu vəzifələrin yerinə yetirilməsi üçün 3 il vaxt verdi. Bir ay müddətində Komitənin Nizamnaməsi yazıldı və təsdiq olundu. O zaman cəmi 42 əməkdaş var idi. Onlardan cəmi səkkiz nəfər əsas işlə məşğul olurdu 5 il ərzində bu rəqəm dəyişdi. İndi Komitənin 200–dən çox işçisi var.

- Bu cür ciddi məqamlarda, vəziyyətlərdə   42 əməkdaşla qarşıya qoyulmuş çətin vəzifələrin öhdəsindən necə gəlirdiniz?

-İlk növbədə dini qurumları qeydiyyata almağa başladıq. Onların təkrar qeydiyyatını aparmaq elə fəaliyyətlərini təftiş etmək demək idi. Etiraz edənlər də olurdu, qeydiyyatdan yayınmaq istəyənlər də... Amma mən israr göstərdim, Qafqaz Müsəlmanları İdarəsi də daxil olmaqla bütün dini qurumların hamısını yenidən qeydiyyata aldırmağa başladıq. Çünki dövlətin dinlə  münasibətlərini tənzimləmək üçün bu addımı atmaq əsas şərt idi.

Biz yaxşı bilirik ki, hər bir ölkədə hakimiyyət, cəmiyyət və din qarşılıqlı əlaqədədir. Bu üç element cəmiyyətin özəyini təşkil edir. Üçünün də olması vacib şərtdir. Hakimiyyət dövləti idarə etmək, cəmiyyət insanları bir araya gətirmək, din isə cəmiyyətdən və hakimiyyətdən narazı qalanların təsəlli tapmaları, Allaha təvəkkül etmələri, mənəvi rahatlıqları üçün lazımdır.

- Rafiq müəllim, belə başa düşdüm ki, Şeyxlə münasibətləriniz elə bu məsələlərə görə gərginləşdi..

-1991-ci ildə ən başlarda Şeyxülislamla normal işgüzar, hətta deyərdim ki, dost münasibətlərimiz olub. Qafqaz evinin məsləhət şurasının  sədri olduğum illər ərzində sıx əməkdaşlıq etmişik. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Nazirlər Sovetində dini işlər üzrə müvəkkil vəzifəsi boşalmışdı. Məni dəvət edib müvəkkil təyin etmək istədiklərini dedilər. Mən isə qərar verməzdən öncə Şeyxlə məsləhətləşməyə qərar verdim. O bildirdi ki, məni yaxşı tanıyır, əmindir ki, müvəkkil olsam, onun dediyi kimi yox, öz bildiyim kimi işləyəcəm, nəticədə münasibətlərimizdə problemlər yaranacaq və mən özümü müdafiə etmək üçün dostluğumuzdan keçəcəm. Düşündüm və təklifi qəbul etmədim. Həmin vəzifəyə başqası təyin olundu.

- Amma maraqlıdır. On  ildən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olmaq təklifini qəbul etdiniz.

 -Çünki artıq təfəkkürüm, dünyaya baxışım dəyişmişdi. Mənəvi gücüm çox idi, heç kimdən, heç nədən çəkinmirdim. Ətrafımda kifayət qədər məni dəstəkləyən tərəfdarlarım da vardı. Üstəlik, artıq müstəqil dövlət quruluşu idi. Ən başlıcası Heydər Əliyev kimi güclü rəhbərin dəstəyi üzərimdə idi. Qarşıma qoyulan məqsədə nail olmağın yollarını da, demək olar ki, bilirdim. Çünki artıq kifayət qədər təcrübə toplamışdım. Mən bu sahəyə tamamilə yeni fikirlər, ideyalar gətirdim. Məsələn, mənə qədər dindar birinin hakimiyyətdə təmsil olunması yolverilməz idi. Amma mən sübut etdim ki, əgər biz düzgün dindar yetişdirsək, o, heç bir problem yaratmadan sabah dövlət qurumunda təmsil oluna bilər. Burada heç bir məhdudiyyət yoxdur.

Sizə maraqlı bir faktı danışım. Andrey Karaulov  adlı bir jurnalist var. Hazırda Rusiya agent adı ilə onu ölkədən qovub. Həmin Karaulov 2001-ci ildə Azərbaycana gəlmişdi. Şeyxdən müsahibə aldıqdan sonra Komitədə çəkiliş etmək istədi. Mənimlə söhbət zamanı gözlənilmədən sual verdi ki, necə düşünürsünüz, Heydər Əliyev dinə imanlı insandır? Dedim, bəli, o, dinə  səmimiyyətlə inanır. Amma dindar deyil, mömin insandır. O, haqq-ədalətə inanır, xalqına inanır, öz gücünə inanır, bu gücü ona bəxş edən Allahına inanır. Amma dindar deyil. Beləcə, Karaulova dindarla mömin insanın fərqini izah etdim. Dindar insan dinin bütün tələblərini – namaz, oruc və sairə  yerinə yetirməlidir. Prezidentin bunları yerinə yetirməyə nə vaxtı, nə imkanı olmur. Ona görə də onun imanlı olması kifayətdir. Karaulov sakitcə qulaq asıb mənə dedi ki, “onda Şeyx də prezident ola bilər, çünki o, həm dindardır, həm də mömin”. Dedim yox, Şeyx prezident ola bilməz. Çünki o, dindar olduğunu deyir. Dindar mükafatı və cəzanı Allahın öhdəsinə qoyur. Prezident isə hüquq pozuntusu ilə bağlı heç kimlə haqq-hesabı o dünyaya saxlamır, hamının mükafatını da, qanuni cəzasını da elə bu dünyada təyin edir.

- Sizcə, həmin sual təxribat  xarakteri  daşımırdımı?

-Əlbəttə, çox təhlükəli sual idi. Məqsəd məni çaşdırmaq, təxribata çəkmək idi. Milyonların izlədiyi canlı efirdə məndən prezidentin mömin olub-olmadığını soruşmaq əvvəlcədən planlaşdırılmış addım olub. Axı mən kim idim ki, dövlət başçısının Allaha, dinə inamının səviyyəsini müəyyənləşdirim. Bu, hər kəsin fərdi işidir.

-  Deyilənlərə görə, Şeyxlə münasibətlərinizi  korlayan məqamlardan biri də dini təriqətlərlə bağlı fikir ayrılığınız olub... Elədirmi?

-Deməzdim. Çünki o vaxt ölkəyə ən çox ayaq açan sələfilər və nurçular idi. Nurçular da Azərbaycana əsasən o dövrdə - 1990-cı illərin əvvəllərində Təhsil Nazirliyinin zəif fəaliyyətinin nəticəsində gəlmişdilər. Təhsil naziri çox yaxşı bilirdi ki, nurçuların Azərbaycanda təhsil aldıqları 17 məktəbi Fətullah Gülən maliyyələşdirir. Sadəcə qarşısını almaq gücündə deyildi və bunu etiraf edirdi. Nurçular 12 yaşı tamam olmuş uşaqlarımızı seçib öz məktəblərinə istiqamətləndirir, beyinlərini öz ideologiyaları ilə doldurur və çirkin məqsədləri üçün baza yaradırdılar. Mən Azərbaycanda nurçular kimi yüksək səviyyədə dini və dünyəvi təhsil verən ikinci təhsil müəssisəsi tanımıram. Amma bütün bunlar hakimiyyətə gəlmək üçün kadrların hazırlanmasına xidmət edirdi. O zaman çox təhlükəli bir vəziyyət yaranmışdır. Qarşısı qismən də olsa alınmasaydı, gələcəkdə daha ciddi fəsadlara yola açacaqdı.

- Belə çıxır ki, hələ də bu xoşagəlməz halın qarşısı tam alınmayıb?

-Xeyr, alınmayıb. Ümumiyyətlə, təhsil bizim yaralı yerimizdir. Təhsilin bugünkü vəziyyəti çox acınacaqlıdır. Söhbət kimin təhsil naziri olmasından getmir. Təhsil mahiyyətcə mühafizəkar bir sistemdir. Pilot layihələri, avropasayağı yad sistemləri təhsildə tez-tez tətbiq etmək heç nəyi dəyişməyəcək, əksinə, vəziyyəti daha da qəlizləşdirəcək. Təhsildə dəyişiklik lazımdırsa, o, zamanla aram-aram aparılmalıdır. Səbəbini deyə bilmərəm, amma, 30 ildir biz təhsil sistemini yalnız dağıtmaqla məşğuluq. Təhsildə rüşvət problemi hələ ki, öz həllini tapmır. Nəticədə inamsızlıq yaranır və bu boşluqları dini təriqətlərin təbliğ etdikləri ideyalar doldurur. Öz məktəbində daima rüşvət, haqsızlıq, qərəzlilik, ədalətsizlik, kobudluq görən şagird təbii ki, korrupsiyanın olmadığı, yüksək təhsilin verildiyi, şagirdlərin hər birinə obyektiv yanaşıldığı, onların gələcək karyeralarına dəstək verildiyi, qayğı göstərildiyi bir təhsil müəssisəsini seçəcək və bu şəraiti yaradanlara ideal kimi baxacaq. Nurçuları seçənlərin əksəriyyətini cəlb edən də elə budur.

- Elə o vaxtdan Azərbaycanda orta məktəbdə din fənnin tədrisinə etiraz olunmağa başlandı.

-Əslində indi də mən bunun əleyhinəyəm. Çünki İslam dini haqqı, ədaləti, mənəvi saflığı, dürüstlüyü tərənnüm edir. Bu fənni uşaqlara hər cür pis əməllərdən, rüşvətdən, yalandan, qərəzdən uzaq bir insan tədris etməlidir ki, şagirdlər onun dediklərini qəbul etsinlər. Daima xoşagəlməz mövzularla gündəmə gələn məktəbdə bu fənnin tədrisinin müsbət nəticə verəcəyini gözləmək sadəlövhlük olar. Biz cəmiyyət olaraq hələ buna hazır deyilik.

- Rafiq müəllim, uzun illər bu işin içində olduğunuz üçün bir məqama aydınlıq gətirməyinizi  istərdim. Xatırlayırsınızsa, 2000-ci ilin əvvəllərində təriqətlərlə bağlı vəziyyət ürəkaçan deyildi. Məscidlərdə toplaşan müxtəlif təriqədçilər  az qala, Şeyxə qarşı qiyam qaldıracaqdılar. Vəziyyət o qədər ciddi idi ki, hətta Qafqaz Müsəlmaları İdarəsi mətbuat konfransı keçirib məsələyə aydınlıq gətirmək məcburiyyətində qalmışdı. Maraqlıdır, o zaman ölkədə nə baş verirdi? Olayların arxasında kimlər dururdu? Şeyxin gedəcəyi ilə bağlı xəbərləri yayan hansı qüvvələr  idi?

-Şeyxlə bağlı narazılıqlar həmişə olub, bu gün də var. Amma bu o demək deyil  o, vəzifədən getməli idi və yaxud getməlidir. Şeyx həmişə öz mövqeyini qoruyub saxlayıb. Hər zaman geniş əlaqələri olub. Qarşısına ciddi vəzifələr qoyulub. Sovet dövründə dindən başqa digər müəyyən tapşırıqların həvalə olunması onun vəzifədə qalmasına imkan yaradırdı. Xatırlayıram, 2001-ci ildə Qafqaz evi yaradılarkən mən də Şeyxlə birgə Çeçenistana yollandım. Qroznı şəhərində 1992-ci ilin sentyabrında böyük bir konfransda iştirak etdik. Tədbirdə biz tərəfdən dövlət rəsmiləri də təmsil olunurdular. Məqsəd Qafqazda yerləşən 15 muxtar respublikanın və Cənubi Qafqaz ölkələri arasında əlaqələri möhkəmləndirmək idi. Elmi-dini şuranın yaradılmasını istəmirdilər. Çünki şuranın yaradılması nəzərdə tutulmamışdı. Biz bu məsələni qaldırdıq və Şeyxi şuranın sədri təyin etmək istədik. Şeyx bildiyimiz kimi şiə, Qafqazdakılar isə sünni məzhəbindəndirlər. Amma sonda istəyimizi həyata keçirtdik. Elmi-dini şura və Qafqaz Müftilərinin Koordinasiya Şurasını yaratdıq. Mən  məsləhət şurasının sədri seçildim. Sədr hər il dəyişməli idi. Bu işdə çox böyük əməyim oldu. Bütün sənədləşmələri məsləhət şurası həyata keçirirdi. Sonra müharibə başladı və qurum fəaliyyətini dayandırdı. Yalnız Şeyxin rəhbərlik etdiyi elmi-dini şura fəaliyyətini davam etdirdi. Uzun illər sonra bilmişdim ki, şuranın yaradılmasında məqsəd təkcə dövlətləri yaxınlaşdırmaq deyil. Əsas məqsəd Şimali Qafqaz müftilərini Rusiyanın Moskvada yerləşən müftiyyatından ayırmaq imiş. Bunu isə yalnız Şeyx bilirdi.

- Belə iddialar var  idi ki, guya siz bir vaxtlar Şeyxin yerinə Hacı Sabir Həsənlinin təyin olunmağını istəmisiniz. Bu, doğrudurmu?

-Tamamilə əsassız iddiadır. Belə bir fikir heç vaxt olmayıb. O zaman din sahəsində qətiyyən Naxçıvan klanı yox idi. Hacı Sabirə gəlincə, mənim tələbə yoldaşım olsa da, biz heç vaxt yaxın dost olmamışıq. Düzdür, o Şeyx olmaq istəyirdi və bu istəyinə görə 3 dəfə infarkt keçirtmişdir. Düzünü deyim ki, Hacı Sabir uğurlu seçim olardı. Çünki o, həm dini, həm ərəb dilini gözəl bilirdi. Təşkilatçılıq qabiliyyəti yüksək idi. Ən əsası kənar qüvvələrlə heç bir əlaqəsi yox idi. Amma, təbii ki, Şeyxin gücü ilə onun gücü bir deyildi.

- Rafiq müəllim, İranda təhsil alan tələbələrlə görüşmüş ilk dövlət məmuru siz olmusunuz. Bilirik ki, İran heç səfiri də Quma tələbələrlə görüşə buraxmayıb. Maraqlıdır. Siz buna necə nail olmuşdunuz?

-Düzünü desəm, mən Dövlət Komitəsinin sədri olaraq heç bir dini təşkilatla münasibətimi korlamırdım. Hamısı ilə yaxşı əlaqələrim vardı. Məni Quma iranlılar özləri dəvət etdilər. O zaman mən onlar üçün əhəmiyyətli şəxs idim. Çünki İranın İrşad və Mədəniyyət Nazirliyi ayətullaların geniş fəaliyyətini idarə edə bilmirdi. Tabeçilik yox idi. Biz müqavilə bağlasaydıq, bütün dini əlaqələr dövlət qurumları tərəfindən tənzimlənəcəkdir. Bu, din xadimlərini (həm İranda, həm Azərbaycanda) qane etmirdi. Bu səbəbdən də müqavilənin bağlanmasını əngəlləyirdilər. Digər tərəfdən, İrandan Azərbaycana xeyli ədəbiyyat gəlirdi. Biz o kitabların çoxunu buraxmırdıq. Ayətullah Lənkəraninin o vaxt kitabını Azərbaycana buraxılmasına icazə vermədiyim üçün söhbət Prezident Aparatına qədər gedib çıxmışdı. Amma haqlı tərəf mən idim. O kitabda bizim milli-mənəvi dəyərlərimizə uyğun gəlməyən məqamlar var idi. 65 yaşlı kişinin 9 yaşlı qız uşağı ilə evlənib-boşanmasını təbliğ edən bir kitabın ölkəyə daxil olmasına necə icazə verə bilərdim? Buna mənim vicdanım yol verməzdi. Ramiz Mehdiyevə həmin kitabı göstərəndə mənim düzgün hərəkət etdiyimi dedi. Sonra məsələni yoluna qoymaq üçün təklif etdim ki, bizim cəmiyyətin milli-mənəvi dəyərlərinə uyğun olmayan hissələri çıxarıb kitabın Azərbaycana buraxılmasına icazə verək. Mənim bu addımımı  və fikrimi yüksək qiymətləndirmişdilər. Biz dediyimiz yerlərin hamısı kitabdan çıxarıldı. Münasibətlər yaxşı olduğu üçün İrana da məni özləri dəvət etdilər. Bundan istifadə edib qarşılarına şərt qoydum ki, səfər zamanı Qumda tələbələrlə görüşməyimə şərait yaratsınlar, onlar da razılıq verdilər.

- Həcc ziyarəti kvotası hansı quruma verilir – QMİ-yə, yoxsa Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə?

-Əvvəllər Qafqaz Müsəlmanlar İdarəsinə verilirdi. Biz bununla razılaşmırdıq. Çünki istəyirdik ki, kvotanın bir hissəsi turizm ilə məşğul olan ictimai təşkilatlara da verilsin.  Çünki hamı bilir ki, bu gəlir gətirən sahədir. Gəlir gətirirsə, niyə bundan başqaları da faydalanmasın?

- Bildiyimə görə, siz özünüz də bizneslə məşğul olmağa başlamısınız?

-Gördüyünüz bu bina 1998-ci ildə Dini Qurumlarla  İş üzrə Dövlət Komitəsi yaranmazdan üç il əvvəl istifadəyə verilib. Mən burada elmi bizneslə birləşdirmişəm. Binanın bir hissəsi araşdırmalar mərkəzi, bir hissəsi də 16 otaqlı mehmanxana kimi fəaliyyət göstərir. İslam Araşdırmalar Mərkəzinin xərclərini ödəmək üçün o zaman qərara gəldik ki, binanın bir hissəsi mehmanxana olsun. Əks təqdirdə hansısa beynəlxalq təşkilat tərəfindən maliyyələşərək onların ideologiyasını təbliğ etmək təklifini qəbul edə bilərdik. Sizcə, hansı daha yaxşıdır? Ciddi deyirəm bizə bunu təklif edənlər var idi. Xeyli düşünüb Mərkəzin qonaqlar üçün nəzərdə tutulmuş otaqlarını mehmanxana kimi istifadəyə verib öz xərclərimizi özümüz qarşılamağa qərar verdik. Şükürlər olsun ki, hər şey alındı. Komitəni tərk edəndən sonra səfir getmək təklifini də qəbul etməməyimin səbəbi də “İrşad” Araşdırmalar Mərkəzi oldu.

-Təşəkkür edirəm, Rafiq müəllim, maraqlı söhbətiniz və çoxlu qaranlıq məsələlərə aydınlıq  gətirdiyiniz üçün.

-Çox sağ olun. Ulularımızın belə bir məsəli var: “Hər bir qaranlıq məsələ aydınlaşanda daha yaxşı olur”.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi