Advertisment

Britaniya 44 PDM alınmasına 5,56 milyard dollar xərc çəkib

Böyük Britaniyanın Müdafiə Nazirliyi ABŞ-ın “General Dynamics” şirkətindən 589 ədəd “Ajax” piyadaların döyüş maşınının (PDM) alınması üçün 5,56 milyard dollar xərcləsə də, onlardan yalnız 44-ü orduya çatdırılıb.

AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, “Ajax” PDM-lərinin tədarükü üçün 10 il əvvəl imzalanan müqavilənin dəyəri təxminən 7 milyard dollar olub. Lakin həddən artıq səs-küy və vibrasiya səbəbindən ekipaj üzvlərinin eşitmə qabiliyyətinin pisləşməsi ilə bağlı problemlər səbəbindən ağırlığı 38 ton olan maşınların sınaqları dayandırılıb.

Nəşrin məlumatına görə, hazırda Böyük Britaniya Müdafiə Nazirliyində icra müddətləri bitən və ya maliyyələşdirmə həddini aşan 46 proqram mövcuddur. Onların arasında erkən xəbərdarlıq və idarəetmə sistemi ilə təchiz olunan “E-7 Wedgetail” təyyarələri üzrə sifariş də var. London 2019-cu ildə ümumi dəyəri 1,98 milyard dollar olan beş ədəd belə təyyarənin tədarükü üçün müqavilə imzalayıb. 2021-ci ilin martında isə onların sayı üçə endirilib.

Eyni zamanda, yeni nəsil “Morpheus” rabitə və informasiya sistemlərinin tədarükü də beş ildir ki, ləngiyir. Ümumi həcmi 4 milyard dollara yaxın olan bu sistemin yaxın illərdə silahlanmaya qəbul olunacağı nəzərdə tutulsa da, onun 2030-cu ildən tez tədarük ediləcəyi ehtimalı azdır.