Azərbaycan-Ermənistan şərti dövlət sərhədində atəşkəs uzun müddətdən sonra yenidən pozulub. Azərbaycan tərəfi düşmənin təxribatının qarşısını alıb. Qeyd edək ki, son məlumata görə, düşmən tərəfindən xeyli itki var. Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanıb.
Baş verən təxribatın “düzəlməyə” addımlayan Azərbaycan-Ermənistan münasibətlərinə təsirini Herbiand.az- hərbi ekspert Ədalət Verdiyev şərh edib:
“Ermənistan hərbi-siyasi rəhbərliyi tam əmin olmalıdır ki, heç vaxt Azərbaycan əsgərinin qanı yerdə qalmayacaq. Bunu Ali Baş Komandan dəfələrlə bəyan edib. Düşmən təxribatları heç bir zaman cavabsız qalmayıb, qalmır və qalmayacaq. Düşmənin təxribat törətdiyi hər bir döyüş mövqeyi darmadağın ediləcək, zərurət yaranarsa, həmin mövqelərdə Azərbaycan Əsgəri və Dövlət Bayrağımız yerləşdiriləcək. Hazırda təxribat törədilən düşmən mövqeyi dağıdılıb, fərari ordusunun canlı qüvvəsi itkilərə məruz qalıb”.
Hərbi ekspert təxribatda kənar qüvvələrin olduğunu da bildirib:
“Baş verən bu hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və bu təxribatları təşkil edən Avropa İttifaqının mandatı ilə fəaliyyət göstərən müşahidə missiyasının üzərinə düşür. Ermənistan hazırlanmasında Avropa İttifaqı missiyasının da iştirak etdiyi təxribatlardan əl çəkməsə, Azərbaycan Silahlı Qüvvələrinin cavabı daha sərt olacaq”.
Emin ŞİRVANZADƏ