“Şərti dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təşkil etdiyi bu silahlı hücum iki ölkə arasında davam edən sülh prosesinə mənfi təsir edəcəkdir”.
Bu sözləri Herbiand.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib. Qeyd edib ki, Azərbaycan tərəfi dəfələrlə müharibə istəmədiyini bildirib:
“Biz problemlərin ən qısa zamanda həll edilməsini istəyirik. Buna baxmayaraq, qarşı tərəf təxribatlara əl atmaqdan çəkinmir və onu məqsədyönlü şəkildə, habelə xarici havadarlarının dəstəyilə edir. Belə olan təqdirdə sülh prosesi ləngiyə bilər. Sülh prosesinin ləngiməsi regionda gərginliyin daha da artmasına gətirb çıxara bilər”.
Politoloq Ermənistanın bütün bu proseslərin məsuliyyətini daşıdığını deyib:
“Bundan sonra ehtimal edilən gərginliyin məsuliyyəti bir başa Ermənistanın üzərinə düşür. Çünki regionda sülhün olmasını istəməyən kifayət qədər qüvvə var. Və bu qüvvələrin fəaliyyətini Ermənistan hakimiyyəti yaxşı bilir. Buna rəğmən təxribatlara gedirlərsə və yaxud onların təxribata sövq edilməsinə razıdırlarsa, və ya daha da irəli gedərək ordu daxilində başqa ölkələrə xidmət edən qrupların fəaliyyətini bilir və buna heç bir reaksiya göstərmirlərsə, təbii ki, baş verə biləcək hər bir insidentdə onlar günahkardırlar”.
Turan Rzayev bildirib ki, Azərbaycan tərəfi indiki məqamda Ermənistana ən sərt şəkildə cavab verdi və hücumun olduğu postlar darmadağın edildi:
“Ermənistan tərəfinin itkiləri də var. Yəni bu Ermənistana veriləcək ən ciddi xəbərdarlıq idi ki, biz ən kiçik təxribata belə səssiz qalmayacağıq. Və hətta proses davam edərsə, sərhəddin qarşı tərəfində də əməliyyatlar keçirilə bilər. Yəni bunun da ilkin mesajları verildi. Bizim niyyətimiz Ermənistan ərazisini işğal etmək deyil. Bu sadəcə ərazi bütövlüyümüzün qorunması və sərhədlərimizin toxunulmazlığının təmin edilməsidir. Və təcrübə göstərir ki, sərhədlərin qorunması üçün qarşı tərəfə keçib o ərazilərdəki mövqelərin dağıdılması və təhlükəsizlik zolağının yaradılması da mümkündür. Təbii ki, bütün bunlar hamısı proseslərin gələcəyindən asılı olacaq. Lakin indiki məqamda baş verən hadisə sülh prosesinə ciddi ziyan vurur və prosesin daha ləng getməsinə gətirib çıxarır”.
Elnurə İSAXAN