Advertisment

Politoloq: "Təxribat Fransa və Avropa İttifaqına..."

Azərbaycan-Ermənistan şərti dövlət sərhədində atəşkəs uzun müddətdən sonra yenidən pozulub. Azərbaycan tərəfi düşmənin təxribatının qarşısını alıb. Qeyd edək ki, son məlumata görə, düşmən tərəfindən xeyli itki var. Dövlət Sərhəd Xidmətinin bir hərbi qulluqçusu yaralanıb.

Uzun müddətdən sonra və sülh müqaviləsinin imzalanma prosesinə addımlanan bir zamanda bu təxribatın məqsədi barədə Herbiand.az-a danışan politoloq Tural İsmayılov qeyd edib ki, bu Ermənistanın düşünülmüş, məqsədli təxribat strategiyasının davamı idi.

“Düşünürəm ki, Azərbaycanın Ermənistanla sülh danışıqlarını təkid etdiyi bir vaxtda Ermənistandakı Avropa İttifaqının mülki müşahidə missiyasının olduğu bir zamanda belə bir təxribatın törədilməsi Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir. Özəlliklə Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan-Ermənistan sərhədlərində olduğu bir dövrdə belə bir təxribatın törədilməsi Azərbaycanla Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük bir zərbə vurdu”.

Politoloq Tural İsmayılov təxribatın digər köklü səbəblərinə də aydınlıq gətirib:

“Ermənistanın məqsədli şəkildə delimitasiya və demarkasiya işlərini uzatması, Azərbaycanla sülh sazişi ilə bağlı müzakirələr üçün görüşülməsi, qarşılıqlı şəkildə anlaşmanın gecikdirilməsi, son dövrlər Nikol Paşinyan da daxil olmaqla Ermənistan hökumətində təmsil olunan şəxslərin verdiyi təxribat xarakterli açıqlamalar Azərbaycanla Ermənistan arasında vəziyyətin bu həddə gəlib çatmasına səbəb olmuşdur”.

Bununla yanaşı, həmsöhbətimiz baş verən  təxribatın Fransa və Avropa İttifaqına sərf etdiyini və buna görə də hadisəyə hələ də heç bir reaksiya vermədiklərini bildirdi:

“Dünən sərhəddə baş verənlər və bunun fonunda Azərbaycan Ermənistan sülh danışıqlarına zərbə almağı beynəlxalq aktorların işinə yarayır. Faktiki olaraq Fransa rəhbərliyi və Avropa İttifaqı missiyası adı altındakı casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat reaksiya vermədi. Eyni zamanda özünün fəaliyyət missiyasının yarımçıq olduğunu göstərmiş oldu. Həmçinin bir daha aydın oldu ki, Ermənistan kimi bir dövlətlə sülh şəraitində yaşamaq hələ də qeyri-mümkün görünür”.

Emin ŞİRVANZADƏ