“Bəli, artıq təxribatlar başlayıb. Bu təxribatları gözləyirdim. Mən hər zaman vurğulayırdım ki, biz döyüş qələbəsi qazanmışıq, müharibə isə davam edəcək. Çünki biz sərhəddimizdə çox anormal və sülhü qəbul edə bilməyən bir dövlətlə qonşuyuq. Bu tək Ermənistan deyil, digər dövlətlər də var ki, üzdə Azərbaycana dostluq nümayiş etdirsələr də əsaslarında bizimlə düşmənçilik hər zaman olub. Bu düşmənçilik həmişə olub və bundan sonra da olacaq. Ona görə də bu cür təxribatlar davam edəcək”.
Bu fikirləri herbiand.az-a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov bildirib.
Ehtiyatda olan zabit qeyd edib ki, Ermənistan öz ordusunu reanimasiya etmək üçün son günlər bir sıra dövlətlərlə hərbi tərəfdaşlıq müqavilələri bağlayır. Silahların, texnikanın və digər hərbi təmayüllü malların alınması üçün addımlar atır:
“Yaxın günlərdə Fransa, Hindistan və digər dövlətlərdən onlara bir sıra hərbi təmayüllü mallar və texnika daxil oldu. Bundan əlavə məsələnin siyasi tərəfinə də baxaq. Regionda özünün maraqlarını yeritmək üçün bir sıra dövlətlər artıq hərəkətə keçiblər. Bu hərəkətlərin içində də Qafqaz regionunda əsasən sülhdən yox, müharibədən başlamaq fikrindədirlər. Onların planlarında Ermənistanı silahlandırmaq, Rusiyanın əhatə dairəsindən çəkmək və özünün maraqlarını məhz bu dövlətin içərisində bərkitməklə regionda bərqərar olmaqdır. Çünki bu siyasət Azərbaycanla keçmir. Azərbaycanın siyasəti daha güclü və sülh yönümlüdür. Amma Ermənistanın siyasətində hər zaman müharibə yönümlülük var. Bu həmişə belə davam edəcək. Çünki Ermənistanın sabit rəhbərliyi, dövlət anlayışı, stabil yaşam anlayışı yoxdur və bundan da ustalıqla istifadə etmək olur”.
Abuzər Əbilovun sözlərinə görə, dünənki təxribatlar göstərir ki, bu hadisələr hələ çox davam edəcək:
“Bütün dünyada ikili standartlara görə üstündən sükutla keçilən qanunsuz erməni silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində bir çox təxribatlar aparılırdı. Lakin bir günlük antiterror əməliyyatından sonra Azərbaycan bütün qanunsuz erməni silahlı qüvvələrini çıxartdı və özünün ərazi bütövlüyünü tam bərpa etdi. İndi isə yeni hərbi əməliyyatlar, yəni təxribatlar fazası sərhədlərə keçdi. Bundan sonra da sərhədlərdə lokal döyüşlərin olması gözlənilir. Çünki yuxarıda qeyd etdiyim siyasətin əsas ortaq nöqtəsi Azərbaycanı çalxalamaq, Ermənistanın əli ilə ölkəmizə hansısa zərbələr vurmaqdır. Ermənistan ərazisində öz maraqlarını bərqərar etmək üçün bir sıra dövlətlərin maraqları var. Bunlar əsasən Fransa və İrandır. Rusiya da siyasi baxımdan Ermənistanla soyuq münasibətlərdə olmasına baxmayaraq öz hegemonluğunu reanimasiya etmək fikrindədir. Bu reanimasiyanın içində əsasən Ermənistana silahların ötürülməsi, ordusunun yenidən qurulması və gücləndirilməsi kimi güzəştlər ortalıqdadır. Buna görə də Azərbaycanın bütün qoşun növləri belə təxribatlara hazır olmalıdır. Bu, uzun çəkən bir prosesdir. Heç də düşünmürəm ki, hansısa bir zaman kəsiyində Ermənistanda uzunmüddətli sülhü bərqərar etmək istəyən dövlət başçısı olsun. Çünki hazırkı Ermənistan rəhbərliyi hər iki marağa xidmət edir - Rusiyanın, həm də Avropanın maraqlarına. Həmçinin, yuxarıda qeyd etdiyim kimi, Qafqazdakı maraqların bərpa olunması üçün böyük mübarizə gedir. Bu mübarizənin içində də başlıca şərt həmişə hərbi münaqişələrdir. Hərbi münaqişələrin Qafqaz regionunda, əsasən də Azərbaycan və Ermənistan sərhədində hər zaman olması isə gözləniləndir”.
Bəxtiyar CƏFƏRLİ