Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəsində böyük Zəfərə gedən yolda mühüm əhəmiyyət kəsb edir. Tarixə “Dördgünlük döyüş” kimi düşən bu hadisə 2020-ci ilin Vətən müharibəsinədək, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra ən şiddətli döyüş sayılır. Bu döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2 min hektarlıq ərazini işğalçılardan təmizlədi. Aprel döyüşləri zamanı əldə edilən uğur Azərbaycan Ordusunun döyüş qabiliyyətini və qələbə əzmini bir daha göstərdi.
İkinci Qarabağ müharibəsinə gedən yolda böyük addım
“Qarabağ məsələsində, İkinci Qarabağ müharibəsinə gedən yolda bir neçə mühüm addım var. Onlardan biri Mübariz İbrahimovun şəhadətidir. Bu, hərb tarixinə qızıl hərflərlə yazılmış hadisə idi ki, bütün Azərbaycan xalqının səfərbər olunmasında, təkrarən milli ruhun yüksəlməsində böyük addım oldu. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib. Aprel döyüşləri ruhumuzun qələbəsi idi. Bütün dünya da, düşmən də gördü ki, Azərbaycan Ordusu qat-qat güclüdür. Azərbaycanda elə bir gənclik yetişib ki, həmin vətənpərvər gənclik torpaqlarımızın işğal altında qalması ilə barışa bilməzdi. Üçüncü hadisə Polad Həşimovla bərabər zabit və hərbiçilərimizin şəhid olması idi. Beləliklə, bu üç hadisənin həddindən artıq böyük əhəmiyyəti var idi“.
Bu fikirləri hərbi ekspert Emin Həsənli söyləyib.
Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlar
Hərbi ekspert vurğuladı ki, Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunmuşdur. Bu, xalqımızda çox böyük ruh yüksəkliyi yaratdı. Aprel döyüşləri həmişə yaddaşımızda həmişə yaşardı. 44 günlük Vətən müharibəsinə gedən yolun mərhələləridir. Bütünlükdə hər biri Vətən müharibəsidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir çox qəhrəmanlarımız həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak etdilər. Bu qəhrəmanlıqlar Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır.