Hollandiyanın baş naziri vəzifəsinin səlahiyyətlərini icra edən Mark Ruttenin NATO-nun yeni baş katibi postuna namizədliyini 32 üzv ölkədən 28-i dəstəkləyir.
Herbiand.az bildirir ki, bunu NOS telekanalı da təsdiqləyir.
Telekanalın məlumatına görə, NATO xarici işlər nazirlərinin aprelin 3-4-də Brüsseldə keçiriləcək görüşündə hazırkı baş katib Yens Stoltenberqin varisi mövzusu aktiv şəkildə müzakirə olunacaq. Lakin çətin ki, yekun qərar qəbul edilsin. İndiyə qədər ABŞ, Böyük Britaniya, Fransa və Almaniya da daxil olmaqla 32 ölkədən 28-i artıq Rutteyə dəstək ifadə edib. Amma vəzifəyə təyin olunmaq üçün bütün ölkələrdən dəstək olmalıdır. Buna görə, pərdə arxasında canlı müzakirələr gedir.
Rumıniya prezidenti Klaus Yohannis də NATO-nun baş katibi postuna iddialıdır.
Kanal bildirir ki, Macarıstan, Slovakiya və Türkiyənin Rutte ilə bağlı şübhələri var. Bununla yanaşı, qeyd edilib ki, Rutte ABŞ tərəfindən dəstəkləndiyi üçün hələ də ən yaxşı şanslara malikdir.
Hazırkı baş katib Yens Stoltenberqin səlahiyyət müddəti oktyabrın 1-də başa çatır. Əvvəllər yeni baş katibin NATO-nun 75 illiyi münasibətilə keçirilən hazırkı toplantıda məlum olacağı güman edilirdi.
Bəxtiyar CƏFƏRLİ