Advertisment

Biz bu qayıdışı böyük sevinc hissilə qarşıladıq – Laçın sakini

İşğaldan azad olunan ərazilərimizə mərhələli şəkildə köç davam edir. Bu gözəl diyarımızın öz sakinləri doğma el-obasına qayıdaraq dədə-baba torpaqlarında yaşamağa başlayıblar. Köç karvanları artıq dilbər guşələrimizn bir neçə istiqamətinə yola salınıb. Və sakinlər öz dədə-baba ocaqlarında məskunlaşıblar.

 
Sakinlərini qarşılayan ərazilərimizdən biri də Laçın rayonudur. Rayonda bütün zəruri texniki-sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün mühüm işlər görülüb. 
 
Öz doğma yurdundan illərlə ayrı düşən sakinlərimiz arasında İradə Abdullayeva da var. İkinci sinifdə oxuyarkən Laçın erməni təcavüzünə məruz qalanda öz dədə-baba yurdundan didərgin düşür. O illəri kədərlə xatırlayan İradə xanım deyir ki, evlərini bir gün qayıdacaqları ümidilə tərk etmişdilər. Bu gün onların ümidləri gerçəyə dönüb. Bu sevinci Herbiand.az-la bölüşən həmsöhbətim yenidən doğma torpaqlarında yaşamağın çox gözəl hisslər olduğunu söyləyir: 

“Şükürlər olsun ki, illərlə həsrətində olduğumuz doğma yurdumuza qovuşa bildik. Biz bu qayıdışı böyük sevinc hissilə qarşıladıq. Bu gün bir müəllim kimi sevə-sevə, fəxrlə doğma torpağımızda şagirdlərə coğrafiya fənnini tədris edirəm. Və bundan özümü çox xoşbəxt hiss edirəm”.  
İradə xanım hərtərəfli dövlət qayğısı ilə təmin olunduqlarına görə, Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdi. Həmçinin torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman oğullarımıza minnətdarlığını bildirdi. Bu yolda canından keçən şəhidlərimizə rəhmət dilədi.

Elnurə İSAXAN