Advertisment

Təxribatçı formada prosesə müdaxilə etmək və ya onu pozmaq Ermənistan üçün yaxşı nəticələr verməyəcək – Hərbi ekspert

Qazağın geri qaytarılan 4 kəndində Azərbaycan sərhədçilərinin xidməti fəaliyyətə başlaması əlamətdar hadisədir.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Azər Bayramov bildirib. Ekspert bunu Azərbaycanın nöbəti uğuru kimi qiymətləndirib:

“Xüsusilə bu uğurun təməlində müzəffər Ali Baş Komandan və qəhrəman ordumuz dayanır. Əlbəttə ki, bundan sonrakı mərhələdə sözügedən proses istər sülh sazişinin əldə olunmasına, istər digər anklavda olan 4 kəndimizlə bağlı məsələlərin həllinə müsbət təsir edəcəyinə inanıram. Digər bir tərəfdən Azərbaycan hər zaman olduğu kimi bu gün də bütün məsələləri humanizm prinsiplərilə, eyni zmanda danışıqlar vasitəsilə həll edilməsinin tərəfdarıdır. Ermənistan tərəfi də məsələlərə konstruktiv yanaşarsa, biz gələcəkdə müsbət nəticələrin olacağını görəcəyik”.

Ekspert bütün tədbirlərin məhz Azərbaycanın milli maraqları təmin olunmaqla həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistan isə sözügedən prosesləri məhz sərhədlərin delimitasiya və demarkasiyasını başqa yöndə, prosesi təhrik edərək ictimaiyyəti aldatmağa çalışırlar:

“Onların bu məkrli niyyətləri öz nəticəsini verməyəcək. Çünki Azərbaycan tərəfi həyata keçirilən bütün prosesləri məhz beynəlxalq hüququn tələblərinə uyğun olaraq həyata keçirir. Bu da özlüyündə regionda sülhün və sabitliyin təmin olunması məqsədi daşıyır. Eynilə də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi anlamına gəlməkdədir. Sözügedən prosesi pozmağa çalışan Ermənistanın daxilindəki Qarabağ klanı kimi tanınan terrorçu qruplaşmalar və keşiş adı altında fəaliyyət göstərən agentlər, həmçinin Fransa kimi havadarları anlamalıdırlar ki, hər hansısa bir təxribatçı formada prosesə müdaxilə etmək və yaxud da onu pozmaq Ermənistanın özü üçün yaxşı nəticələr verməyəcək. Hesab edirəm ki, Ermənistanın siyasi rəhbərliyi iradə göstərək bundan sonrakı məsələlərin həllində konstruktiv mövqe nümayiş etdirərsə, biz bu prosesin tezliklə həllinin tapacağını görəcəyik”.  

Elnurə İSAXAN